Interposta.Info

Azərbaycan Qarabağda antiterror əməliyyatına başlaya bilər

Siyasət
 12-10-2019, 09:37     10 281

Ancaq təhlilçilərə görə, buna Türkiyə kimi hazırlıq işlərindən sonra qərar verilməlidir...
Türkiyə ordusu “Firat qalxanı” və “Zeytun budağı” kod adlı uğurlu antiterror əməliyyatlarının ardınca oktyabrın 9-da Suriyada daha bir analoji əməliyyata başlayıb. Xəbər verdiyimiz kimi, “Sülh çeşməsi” adlanan əməliyyatda hədəf sərhəd boyu 30 km enində təhlükəsizlik zolağı yaradıb ərazini PKK/PYD/YPG/ terror tör-töküntülərindən təmizləmək və qardaş ölkəyə terror təhlükəsini və qaçqın axınını minimuma endirməkdir. Ankaranın başlıca hədəfi terrorizmə və onunla müttəfiq qüvvələrə növbəti sarsıdıcı, ola bilsin, bu dəfə ölümcül zərbə vurmaqdır.

İstisna deyil ki, Türk ordusunun Suriyanın şimalında uğurlu əməliyyatları nəticəsində orada fəaliyyət göstərən erməni terrorçuların bir qismi işğal altındakı Qarabağa və digər ərazilərimizə “sızsın”. Həmçinin İrəvanın Suriya ermənilərinin bir qismini Qarabağda məskunlaşdırmaq cəhdlərinin şahidi ola bilərik. Odur ki, qardaş Türkiyənin terrorla mübarizədə əldə elədiyi və artmaqda olan təcrübəsi Azərbaycana gərək olacağı barədə iddialar irəli sürülür.

Bəs Azərbaycan da Qarabağda anti-terror əməliyyatlar keçirə bilərmi? Azərbaycanın da Qarabağda antiterror əməliyyatları keçirməsi mümkünmü?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, terrorçuların milliyyəti olmur və terror aktları bütün sivil dünyaya təhlükə yaradır: “Bu baxımdan terrorçuluğa qarşı mübarizə bütün ölkələrin fəaliyyətində prioritet olmalıdır. Azərbaycan da artıq otuz ilə yaxındır ki, davamlı olaraq erməni terrorundan əziyyət çəkir. Bu illər ərzində faktiki olaraq cəzasız qalan və bir çox hallarda hətta bəzi dövlətlər tərəfindən siyasi maraqlar ucbatından təqdir edilən erməni tərəfi terrorçuluğu artıq dövlət siyasətinə çevirib. Bu isə Azərbaycan Respublikası ilə yanaşı, bütövlükdə region üçün təhlükədir. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyətinin Qarabağda antiterror əməliyyatları keçirməsi vacibdir. Bunun üçün diplomatiyamız sözdə deyil, əməldə münbit şəraitin yaranmasına vəsilə olmalı və ardınca işğal altında olan torpaqlarımızın işğalçılardan təmizlənməsi üçün antiterror əməliyyatlarına başlanmalıdır. Bu, siyasi mövqeyindən asılı olmayaraq bütün azərbaycanlıların istəyidir. Biz də partiya olaraq Azərbaycan hakimiyyətinə bu məsələdə hətta müəyyən müddətə siyasi fəaliyyətimizi dayandırmaq da daxil olmaqla istənilən dəstəyi verməyə hazırıq”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirməsi ilə Qarabağda hərbi əməliyyatları tam eyniləşdirmək olmaz: “Üst-üstə düşən əsas cəhət odur ki, terror dəstələrinə qarşı radikal mübarizə aparılmalıdır. Eyni zamanda dövlətin maraqları nəyin bahasına olursa-olsun müdafiə olunmalıdır. İlk olaraq qeyd etməliyəm ki, biz təşkilat olaraq, Türkiyənin atdığı addımı dərhal və tam dəstəklədik, bununla bağlı bəyanatımız da oldu. Türkiyə əməliyyatdan öncə həm daxildə, həm də xaricdə uyğun hazırlıq işləri gördükdən sonra hərəkətə keçdi. Bunun nəticəsi olaraq ölkənin daxilində heç bir ciddi etiraz olmadı, xaricdən bəzi etirazlar səsləndi, amma ABŞ və Rusiya ən azından loyal mövqe tutdular və BMT Təhlükəsizlik Şurasında Türkiyəyə qarşı təklif olunan qərar layihəsinə veto qoydular. Bütün bunlar görülən hazırlıq işlərinin nəticəsi idi. Azərbaycan da bu cür hazırlıq işlərindən sonra antiterror və ya hər hansı digər uyğun əməliyyata başlaya bilər. Bunun üçün məqsədyönlü işlər gərəkdir. Bu, torpaqlarımızın azad olunması üçün yeganə yoldur”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26