QUBA "ASAN XİDMƏT"DƏ "KÖLGƏ" ŞİRKƏT KİMİNDİR? - FOTO
Dövlətin bazasından istifadə edib vətəndaşı soyanlar kimlərdir?
Quba Regional "ASAN xidmət" mərkəzində vətəndaşların açıq şəkildə dövlət büdcəsindən vəsaitlərin yayındırılması və Dövlət qurumu olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri layihəsinin əməkdaşları ilə mərkəzin daxilində fəaliyyət göstərən özəl bir şirkətlə əlbir olaraq vətəndaşları qeyri-qanuni ödənişlərə məcbur edirlər.
Sakinlərin verdiyi məlumata görə, mərkəzdə vətəndaşlara rəsmi dövlət çeki əvəzinə, adi kağız parçası üzərinə yazılmış qeyri-rəsmi məbləğlər təqdim olunur. Əmlak sənədləşdirilməsi üçün müraciət edən vətəndaşlar qanuni dövlət rüsumunu ödəməyə hazır olsalar da, onlar zorla bu "məchul" şirkətin xidmətlərindən istifadə etməyə sövq edilirlər.
Ortaya çox ciddi bir sual çıxır: "ASAN xidmət"in içində fəaliyyət göstərən və adı heç kəsə məlum olmayan bu şirkət kimin maraqlarına xidmət edir və bu soyğunçuluğa kim şərait yaradır?
Qiymət fərqi haraya gedir?
Qeyd olunan tariflər və xidmət müddətləri arasındakı qaranlıq məqamlar süni şəkildə vətəndaşı çıxılmaz vəziyyətdə qoyduğunu sübut edir:
Daşınmaz əmlakın əməkdaşları sənədi 15 gün ərzində vətəndaşa təqdim etmək üçün 20 manat xidmət haqqı alır. Eyni zamanda, həmin müddətdə yerin cizgisini hazırlayan şirkət də 20 manat rüsum tələb edir.
Dövlət qurumu özü bu sənədləri 3 gün ərzində vətəndaşa verməkdən imtina edir.
Lakin "ASAN xidmət"in içindəki həmin naməlum özəl şirkət, dövlətin rəsmi baza məlumatlarından birbaşa istifadə edərək eyni sənədi 3 günə hazırlayır və qarşılığında vətəndaşdan nə az, nə çox – 50 manat nəğd pul alır!
Niyə dövlətin büdcəsinə deyil, kimlərinsə cibinə?
Əgər bu texniki imkan və baza dövlətə məxsusdursa, sənədlərin sürətli şəkildə (3 günə) hazırlanması xidmətini niyə Daşınmaz Əmlakın özü birbaşa həyata keçirmir?
Hər vətəndaşdan alınan 50 manat xidmət haqqı niyə birbaşa dövlət büdcəsinə keçirilmək əvəzinə, dövlətin adından çıxış edən hansısa "kölgə" şirkətin kassasına axır?
Quba "ASAN xidmət"ində baş verən bu sxemlə bağlı təcili araşdırmalara başlaması lazımdır.
Goldmedia.az asan xidmətdə çəkilmiş foto şəkilləri təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




