Interposta.Info


Xrizantema taxtında varislik böhranı: Çıxış yolu axtarılır, amma qadınlara yer yoxdur

Dünya
 Dünən, 14:57     72

Dünyanın ən qədim monarxiyalarından biri hesab edilən Yaponiyanın Xrizantema taxtı ciddi varislik böhranı yaşayır. 
Goldmedia.az  xəbər verir ki, imperator ailəsində qüvvədə olan qanunlara əsasən, yalnız kişi varislər taxta çıxa bilər. Hökumətin böhranı aradan qaldırmaq üçün hazırladığı yeni təkliflər isə qadınların taxta çıxmasına imkan vermir.
Taxtın gələcəyi sual altındadır
Hazırda Yaponiya imperator ailəsində qanuni varis hesab olunan cəmi üç kişi var. Onlardan ikisinin 60 yaşdan yuxarı olması gələcək varislik məsələsini daha da aktuallaşdırır.
Son illərdə ailədə oğlan uşaqlarından daha çox qızların doğulması da mövcud varislik sisteminin davamlılığını sual altına alıb.
Hökumət kişi varislərin sayını artırmaq məqsədilə II Dünya müharibəsindən sonra imperator ailəsindən ayrılmış keçmiş yan sülalə qollarının yenidən ailəyə qaytarılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Təklif hazırda parlamentdə müzakirə olunur.
Qadınların taxta çıxmasına niyə icazə verilmir?
Yeni təşəbbüs akademiklər, müxalif siyasətçilər və ictimaiyyət arasında "Niyə qadınlar imperator ola bilməz?" sualını yenidən gündəmə gətirib.
Tokiodakı Çuo Universitetinin professoru Makoto Okava bildirib ki, qadının imperator olmasına icazə verilməməsi üçün rasional əsas tapmaq çətindir.
Yaponiya tarixində indiyədək səkkiz qadın imperatorun hakimiyyətdə olduğu qeyd edilir. Lakin onların əksəriyyəti kişi varis yetkinlik yaşına çatanadək müvəqqəti olaraq taxta çıxıblar.
Qadınların varislik hüququnun məhdudlaşdırılması 1889-cu ildə Meyci dövründə qəbul edilən İmperator ailəsi haqqında qanunla rəsmiləşdirilib.
İctimaiyyət qadın imperator ideyasını dəstəkləyir
Keçirilən ictimai rəy sorğuları göstərir ki, Yaponiya əhalisinin böyük hissəsi qadın imperatorun taxta çıxmasına müsbət yanaşır.
Buna baxmayaraq, qadınlara varislik hüququ verilməsi ilə bağlı təşəbbüslər siyasi dəstək qazanmır.
Baş nazir Sanae Takaçi bu ilin əvvəlində parlamentdə çıxışı zamanı taxt-tac hüququnun yalnız kişi varislərlə məhdudlaşdırılmasının hələ də məqsədəuyğun olduğunu düşündüyünü bildirib.
Hazırda müzakirə olunan qanun layihəsində şahzadələrin taxta çıxmasına imkan verən heç bir müddəa yer almır. Bundan başqa, şahzadə adi vətəndaşla ailə qurduğu halda onun övladları da varis hesab edilmir.
İmperator ailəsi niyə kiçilib?
Müharibədən əvvəl imperator ailəsi daha geniş idi və Oke adlanan yan sülalə qollarını da əhatə edirdi. Bu, əsas xətt üzrə kişi varis olmadıqda alternativ namizədlərin ortaya çıxmasına imkan yaradırdı.
Lakin 1947-ci ildə qəbul edilən dəyişikliklərlə imperator ailəsinin tərkibi əhəmiyyətli dərəcədə azaldılıb. Ailə üzvlüyü yalnız imperator Hirohitonun yaxın qohumları ilə məhdudlaşdırılıb və 11 yan sülalə qolu sistemdən çıxarılıb.
Nəticədə bir vaxtlar 67 nəfərdən ibarət olan imperator ailəsinin üzvlərinin sayı 16 nəfərə qədər azalıb. Şahzadələrin sadə vətəndaşlarla evləndikdən sonra ailədən ayrılması da bu prosesi sürətləndirib.
Yeni varislik modeli
Hökumətin təklif etdiyi yeni modelə əsasən, keçmiş yan sülalə qollarından 15 yaşını tamamlamış, evli olmayan və övladı olmayan şəxslərin imperator ailəsinə övladlığa qəbul edilməsi nəzərdə tutulur. Onların gələcəkdə doğulacaq oğulları taxtın varisi ola biləcək.
Hazırkı imperator Naruhitonun yeganə övladı olan şahzadə Aiko isə qadın olduğu üçün qanunvericiliyə əsasən taxta çıxa bilmir. Hətta gələcəkdə onun oğul övladı olsa belə, həmin uşaq da varislik hüququ əldə etməyəcək.
Hazırda taxtın qanuni kişi varisləri imperator Naruhitonun 90 yaşlı əmisi şahzadə Hitaçi, 60 yaşlı qardaşı vəliəhd şahzadə Akişino və Akişinonun 19 yaşlı oğlu şahzadə Hisahitodur. İmperator ailəsinin kiçilməsi və üzvlərinin yaşlanması səbəbindən rəsmi dövlət öhdəliklərinin yerinə yetirilməsi də getdikcə çətinləşir./qaynarinfo 


Goldmedia.az 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26