Kağızlar artıq dəbdə deyil: Divarları dəbli və sərfəli şəkildə necə bəzəmək olar?
Müasir interyer dizaynında divar kağızları getdikcə populyarlığını itirir. Dizaynerlərin fikrincə, yeni divar örtükləri həm daha praktik, həm də daha sərfəli olmaqla yanaşı, estetik baxımdan da cəlbedici görünür.
Qaynarinfo-nun məlumatına görə, mütəxəssislər bildirirlər ki, divar kağızlarının əsas çatışmazlıqları onların tez cırılması, tikiş yerlərinin açılması, rütubətdən zədələnməsi və kif əmələ gəlməsinə meyilli olmasıdır. Bundan əlavə, naxışlar zamanla köhnəlir və dəyişdirilməsi üçün köhnə örtüyün sökülməsi tələb olunur.
Qiymət də bir çox ev sahibi üçün mühüm amildir. Təxminən 20 kvadratmetrlik otaq üçün lazım olan divar kağızları əhəmiyyətli xərc tələb edə bilər. Buna görə də alternativ həllərə maraq artır.
Ən populyar alternativlər bunlardır:
Boya
Su əsaslı boya divar kağızına ən sərfəli alternativ hesab olunur. Onun tətbiqi nisbətən asandır və peşəkar ustaya ehtiyac olmadan da həyata keçirilə bilər. Rəngdən bezdikdə isə divarı istənilən vaxt yenidən boyamaq mümkündür.
Bununla belə, boya üçün divar səthi tam hamar olmalıdır. Kiçik qüsurlar belə boyadan sonra daha aydın görünür. Buna görə də əvvəlcədən divarların hamarlanması və astarlanması tələb oluna bilər.

Fakturalı dekorativ suvaq
Divar səthində qüsurlar varsa, dekorativ fakturalı suvaq yaxşı seçim sayılır. Bu material uzunömürlüdür, nəmə və mexaniki təsirlərə davamlıdır, həmçinin müxtəlif teksturalar yaratmağa imkan verir.
Dekorativ suvaq daş, mərmər və digər səthləri imitasiya edə bilir. Üstəlik, sonradan istənilən rəngə boyanması da mümkündür.

Dekorativ taxta panellər
Son illərdə taxta panellər də interyer dizaynında geniş istifadə olunur. Onlar otağa təbii və zərif görünüş verir, səs izolyasiyasını yaxşılaşdırır və istiliyi daha yaxşı saxlayır.
Taxta panellərin quraşdırılması üçün divarların ideal dərəcədə hamar olması tələb olunmur. Bununla yanaşı, bu material digər alternativlərlə müqayisədə daha bahalı hesab edilir və məhdud büdcəyə malik ailələr üçün uyğun olmaya bilər.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




