Qarabağda antiterror əməliyyatları üçün zəmin yaranır
Ermənistanın PKK-çıları Qarabağa yerləşdirməsinin qarşısını necə almalı...
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin başqanı Göksül Gülbey Ermənistanın PKK/PEJAK terror təşkilatı ilə işbirliyinə dair yeni sensasion iddia irəli sürüb. Virtualaz.org Türkiyədə nəşr olunan “Vətən” qəzetinə istinadən xəbər verir ki, Göksel Gülbey Ermənistanın Sevan gölü yaxınlığındakı Vardenis bölgəsində və işğal altındakı Qarabağ torpaqlarında PKK-çılar üçün 12 təlim-yerləşmə düşərgəsi qurduğunu deyib.
ASİMDER rəhbərinin sözlərinə görə, ötən ilin aprel döyüşlərindən sonra kürd terror qruplaşmalarına mənsub olan 400-dən çox yaraqlı Türkiyənin Ağrı bölgəsinin Tendürek kəndi istiqamətindən Ermənistana keçib. Onlardan 150-si Suriya erməniləri, qalanları Suriya, Türkiyə, İran və İraq kürdlərindən təşkil olunub. Həmin qrup Vardenisdəki düşərgədə əvvəldən yerləşən 80 PKK-çı ilə birləşib.
Yaraqlıların Türkiyədən Ermənistana keçidinə terror təşkilatının “Ağrı qartalları” adlı birliyinin Livan Qaradağ, Hemaran Kervaçiyan və Servet Bagopşin adlı rəhbərləri başçılıq ediblər. Həmin terrorçular daha sonra Ermənistandan Qarabağa keçiblər. Göksel Gülbey iddia edir ki, qrupun Qarabağa keçməsini əks etdirən videogörüntülərə malikdir və onları tezliklə yayacaqlar.
Qeyd edək ki, Göksül Gülbey bundan əvvəl də PKK-çıların Ermənistan tərəfindən Qarabağa yerləşdirildiyinə dair iddialar irəli sürüb. Onun bildirdiyinə görə, Qarabağda 12 PKK düşərgəsi və həmin düşərgələrdə 1750 PKK-çı var. Bugünlərdə isə sosial şəbəkələrdə PKK-çıların Ermənistandan Qarabağa keçməsini əks etdirdiyi iddia olunan videogörüntülər yayılmışdı. Həmin görüntülərə əsasən nizami ordu hissələrinə mənsub olmadığı görünən silahlı qrup çox güman ki, Laçın istiqamətindən piyada irəliləyir. Görüntülərin nə zaman çəkildiyi haqda məlumat yoxdur.
Bu məlumat yayılan zaman Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, PKK terrorçularının Qarabağa yerləşdirilməsi məsələsinə Xarici İşlər Nazirliyində kompleks şəkildə baxılır, araşdırma aparılır.
Bəs Azərbaycan və Türkiyə, yaxud Azərbaycan özü ərazilərindəki terrorçulara qarşı antiterror əməliyyatları aparmalıdırmı? Apara bilərmi?
Siyasi ekspert Əhəd Məmmədli öncə bildirdi ki, Azərbaycan Qarabağda antiterror əməliyyatına çoxdan başlamalıydı. Buna yaxşı imkanları da var idi: “Rusların apardığı ikinci Çeçen kampaniyası zamanı Azərbaycan da paralel olaraq Qarabağda antiterror əməliyyatı apara bilərdi. Rusların başı özlərinə qarışmışdı, bu imkandan yararlana bilərdik. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra sivil dünya terrorizmlə mübarizə şüarı altında Əfqanıstan və İraqı işğal edəndə, Azərbaycan üçün yenə Qarabağda antiterror əməliyyatı aparmaq imkanı yaranmışdı. Bu şansı da lazımınca dəyərləndirə bilmədik”.
Ekspert vurğuladı ki, Azərbaycan təbii müttəfiqi Türkiyə ilə erməni-PKK terrorçularına qarşı birlikdə antiterror hərbi əməliyyatları apara bilər və aparmalıdır: “Ermənistanın özü terrorçu dövlətdir və işğal etdiyi Azərbaycan ərazilərində erməni terror qruplarını yerləşdirib. Eyni zamanda Ermənistan-PKK münasibətləri, hərbi yardımlaşması söhbətləri, iddiaları çoxdan var. Azərbaycan kəşfiyyat yolu və digər vasitələrlə PKK və digər hansısa terrorçu təşkilatların üzvlərinin Qarabağda yerləşdirilib-yerləşdirilmədiyini tam dəqiqləşdirməlidir. Sonra isə gərəkən addımlar atılmalıdır. İndiki dönəmdə qardaş Türkiyənin hər cəbhədə PKK-YPG-PYD və İŞİD-lə müharibə apardığı dövrdə, üstəlik, Qərb koalisiyası, Rusiya, İran və onların əlaltılarının terrorla mübarizə adı altında İŞİD-lə mübarizə apardığı vaxtda, əlbəttə, Azərbaycan təbii müttəfiqi Türkiyə ilə erməni-PKK terrorçularına qarşı birlikdə antiterror hərbi əməliyyatları apara bilər və aparmalıdır. Təbii ki, burda Ermənistanın müttəfiqi Rusiya amilini unutmaq olmaz. Lakin düşünürəm ki, Azərbaycan öz hərbi təhlükəsizliyini Türkiyə ilə birlikdə qursa və hərtərəfli hərbi müttəfiqlik sazişinə imza atsa, Qarabağ məsələsini nəhayət ki, həll etmək mümkündür.
Bu həyəcanlı çağırışa ciddi reaksiya verilməlidir. Həqiqətən də uzun müddət PKK və bu tip terror və bölücülük siyasəti aparan digər təşkilatlara dünya dövlətlərinin o qədər də ciddi əhəmiyyət verməməsinin nəticəsidir ki, bu gün demək olar ki, yer kürəsinin hər yerində milyonlarla insani və maddi resurslar cəlb olunub ki, terror bəlasından dünya xilas olsun. Ermənistanın PKK-çıları Qarabağ ərazisində məskunlaşdırmaq fəaliyyəti ilə bağlı beynəlxalq qurumlardan da ciddi şəkildə tələb edilməlidir ki, bu özbaşınalığa son qoyulsun. PKK-nın Qarabağ ərazisində kütləvi şəkildə yerləşdirilməsinə və qərarlaşmasına əsla yol vermək olmaz. Unutmamalıyıq ki, PKK döyüşçüləri arasında xeyli sayda milliyyətcə erməni olan şəxslər də olub və var. İndi onlar Dağlıq Qarabağ ərazisində yerləşəcəklərsə, sabah çox rahatlıqla ölkəmizə qarşı müxtəlif terror əməlləri də həyata keçirə bilərlər. Bunu unutmamağımız lazım. Erməni-PKK birgə fəaliyyəti bizim üçün daha ağır və fəlakətli vəziyyət yarada bilər".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26