Güləş Federasiyası: Ermənistanı xüsusi fərqləndirmirik
"İstənilən rəqibə qarşı qələbə qazanmaq iddiasında olmalısan. Lakin idmanın ayrılmaz bir hissəsi də odur ki, məğlub ola bilərsən. Bizim üçün məğlubiyyət zamanı keçirdiyimiz təəssüf hissinin ölkə ilə fərqi yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatı öncəsi brifinqdə erməni idmançıların Azərbaycan güləşçiləri üçün xüsusi rəqib olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.
Federasiya rəsmisi hər hansı ölkəni xüsusi olaraq fərqləndirmədiklərini bildirib:
"Məğlubiyyət səhvlərimizdən nəticə çıxarmaq və öyrənmək üçün bir imkandır. Ona görə də bizim üçün hər hansı ölkəni xüsusi fərqləndirmək niyyəti və belə bir yanaşma yoxdur”.
Pərvin Piriyev Rafiq Hüseynov, Mariya Stadnik və Hacı Əliyevin məşqçi kimi ilk böyük yarışlarına çıxmalarına da münasibət bildirib:
"Rafiq Hüseynov, Mariya Stadnik və Hacı Əliyev böyük idmançı təcrübəsinə malik mütəxəssislərdir. Onlar üzərlərinə götürdükləri məsuliyyətin nə qədər böyük və vacib olduğunu dərk edirlər. Lakin bu, onların ilk məşqçilik təcrübələridir.
Onların bu yarışda iştirakını və məşqçi təyin olunmasını gələcəyə yatırım kimi qiymətləndirə bilərik. Yerli və titullu idmançılarımızın məşqçiyə çevrilməsi istiqamətində addım atmışıq. Yarışda hansı nəticəni əldə edəcəklərini yalnız sonda biləcəyik. Amma istənilən nəticədə biz qazanacağıq. Çünki yerli məşqçilərimizin və mütəxəssislərimizin yetişdirilməsi istiqamətində addım atmışıq”.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





