Interposta.Info

Putin və müharibənin taleyi necə olacaq? - Zərdüşt və Araz Əlizadənin baxışları

Siyasət
 23-04-2022, 10:10     295

Rusiyanın Ukraynaya qarşı təcavüzü bu ölkəni ağır duruma salıb. İndi Rusiya ciddi sanksiyalarla üz-üzədir. Bu fonda Azərbaycanda da bir çox analitiklər düşünür ki, qonşularla münasibətlərini ancaq müharibə yolu ilə həll etməyə üstünlük verən şimal ölkəsinin gələcəyi yoxdur. Lakin Rusiyaya münasibətdə fərqli düşünənlər də var.

Qaynarinfo.az saytı Rusiyanın gələcəyilə bağlı müxtəlif baxışları təqdim edir.

Politoloq Zərdüşt Əlizadə Rusiyanın gələcəyinin olmadığı qənaətindədir:



”Rusiya hərbçiləri Mariupoldakı dəhlizi atəşə tutaraq bağlayıblar. Amma buna baxmayaraq, günahı Kiyevin üstünə yıxırlar. Prezident Putinlə görüşdə müdafiə naziri Şoyqu elan edib ki, artıq Mariupol götürülüb. İki-üç günə isə "Azovstal”dakı döyüşçüləri də məhv edəcəyini bildirib.

Putin isə həmin əraziyə hücumun dayandırılması, sadəcə mühasirədə saxlanılaraq müdafiəçilərin acından öldürülməsini tələb edib. Ukrayna rəsmisi Arestoviç isə bildirib ki, ruslar "Azovstal”ı götürə bilmir, böyük itkilərə məruz qalıblar. Mariupolda da döyüşlər davam edir. Sadəcə, başqa daha mühüm ərazilərdə qoşun qıtlığı yarandığından Mariupoldakı rus silahlılarını başqa yerlərə göndərirlər. Bir sözlə, Rusiya ordusunun vəziyyəti ağırdır. Hansısa ciddi irəliləyişlərə nail ola bilməyiblər”.

ASDP sədri Araz Əlizadə isə prosesdən Rusiyanın qələbə ilə çıxacağı qənaətindədir:

"Artıq Mariupol şəhəri alınıb. Kiyev isə bunun əksini deməklə boş-boş danışır. Rusiya Ordusu hətta Kiyevi də tutacaq. İqtisadi və hərbi potensialına görə Rusiya Ukraynadan qat-qat güclüdür. Qərbin Kiyevə hərtərəfli dəstək verməsinə rəğmən, Rusiya insan potensialı baxımından da Ukraynadan güclüdür”.
Z. Əlizadənin fikrincə, Ukraynadakı hadisələr İsrail-Fələstin məsələsi kimi illərlə uzanmayacaq:

"Ruslar yəhudi deyil. Yəhudilər müharibə şəraitində belə hər tərəfdən inkişafa nail olub. Ruslar isə müharibə olmayan dövrdə belə olkələrini viran qoyublar. Rusiya, ümumiyyətlə, faşist dövlətidir. Onlar isə məğlubiyyətə məhkumdur. Hərbi əməliyyatları davam etdirmək üçün Rusiyanın resursları qalmayıb. Bu səbəbə görə Kiyevə yeni hücum da gözlənilmir”.

A. Əlizadə də sözügedən məsələdə eyni fikirdədir:

"Ukrayna problemi İsrail-Fələstin məsələsi kimi illərlə uzanmayacaq”.

Rusiya böyük potensiala malik olsa da, onun müharibə yoluna üstünlük verməsinə gəldikdə, politoloq Zərdüşt Əlizadə bunu həmin dövlətin başında dayananların, vəzifəli şəxslərin hamısının oğru olması ilə əlaqələndirir:

"Bu ölkədə bütün vəzifəlilərin hamısı "vor”dur. Belədə, bu ölkənin sərvəti çox olsa da, onun inkişaf və tərəqqi üçün imkanları qalmayacaq. Rusiyanın gələcəyi yoxdur”.

A.Əlizadə isə düşünür ki, Kremlin müharibəyə üstünlük verməsi ona başqa çıxış yolu qoymamaları ilə bağlıdır:

"Moskva dinc yolla məsələni həll etmək istəyirdi. Putin demişdi ki, Ukrayna və Gürcüstan NATO-ya qəbul olunmasa, müharibə etməyəcək. Çünki Ukraynanın NATO üzvü olması ilə orada yerləşdirilən raketlər 4 dəqiqəyə Moskvanı vura bilərdi. Belə olan təqdirdə Rusiya özünü müdafiə edə bilməyəcəkdi. Amma ABŞ buna imkan vermədi. Nəticədə çıxılmaz vəziyyətdə qalan Putin müharibəyə başlamalı oldu. Rusiya bu mənada haqlıdır”.

Z. Əlizadə qeyd edir ki, Rusiya parçalana bilər, amma bu fonda yaranan kiçik qurumların heç bir potensialı olmayacaq:

”Rusiyada yaşayan xalqlar kifayət qədər bu dövlətə bağlıdır. Bəziləri ürəkdən bağlıdır, bəziləri isə məcburən. Çeçenlər ona görə Moskvaya bağlıdır ki, ondan xərac alıb, basıb yeyirlər. Tatarıstan, Başqırdıstan kimi respublikalar isə xarici sərhədi olmadığından bu ölkəyə bağlı olmağa məhkumdur. Ona görə də məhkumdurlar ki, Moskva ilə hansısa münasibətlər qursun. Əslində, onlar da Moskvanın alçaqlığından boğaza yığılıblar. Rusiya parçalansa, yaranan kiçik qurumların heç bir potensialı olmayacaq”.

A. Əlizadə isə Rusiyanın heç bir halda parçalanmayacağı qənaətindədir:

"Əksinə, bu ölkə prosesdən daha da güclənmiş halda çıxacaq. Bəzilərinin arzuladıqları bu niyyət baş tutmayacaq”.

Zərdüşt Əlizadə hesab edir ki, Qərbin sanksiyaları Rusiyada diz çökən və üzr istəyən birinin hakimiyyətə gəlməsinə qədər davam edəcək:
"Bu fonda Qərb Rusiya neft və qazından da tam imtina edəcək. Amma bu halda Qərbdəki bəzi ökələrin, məsələn Almaniyanın həyat səviyyəsi aşağı düşəcək. Nəticədə növbəti seçkiləri hakim partiya uduzacaq. Lakin Rusiyada hərbi çevrilişin olacağı gözlənilmir. Müharibədən məlğub çıxan ordunun buna gedəcəyi inandırıcı deyil. Düşünürəm ki, oliqarxlar toplaşaraq Qərbi razı sala biləcək, xeyli güzəştə gedəcək bir siyasi qüvvəni hakimiyyətə gətirəcəklər”.
A.Əlizadə isə deyir ki, Qərb bütün hallarda rus qazı və neftindən imtina edə bilməyəcək:

"Avropada bəzi ölkələr məhz Rusiyadan alınan qaz və neft hesabına yaşayır. Neft və qaz alınmasına embarqo qoyulmasını tək ABŞ dəstəkləyir. Çünki bununla Avropanın rəqabət imkanlarını azalda bilir. Rusiyada Putin dövrü də hələ çox çəkəcək. Oliqarxlar da heç zaman Putinə qarşı çıxmağa cürət etməyəcək. Rusiyadakı oliqarxlar "impotendirlər”. Onlar pulları qazanmayıb, oğurlayıblar. Ona görə də hamısı gözükölgəlidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26