“Putini Qarabağ münaqişəsinin həlli maraqlandırmır” –
Onun prezident kürsüsündə qalması nəyi dəyişəcək?
“Rusiyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Putin ölkəsində yüksək reytinqə malikdir. O elə birinci turda qələbə qazanacağına ümid edir. Putinin rəqibləri zəifdir və indiki durumda Rusiyada prezident seçkisində ciddi rəqabətin olacağını gözləmək mümkün deyil”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Vladimir Putinin 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyi barədə iddiasını “Yeni Müsavat”a şərh edərkən bildirdi. Bir sıra müşahidəçilər V.Putinin öz siyasəti ilə Rusiyanı dalana sürüklədiyini qeyd edirlər. Hətta Rusiyanın ehtiyatlarının tükənməsinə diqqət çəkən araşdırmaçılar sanksiyalarla üz-üzə qalan şimal qonşumuzun xilas yolunu Putinin hakimiyyətdən getməsində görürlər. Lakin əksini düşünənlər də var. Hesab olunur ki, Putinin hakimiyyətdən getməsi Rusiyanın parçalanması ilə nəticələnə bilər. E.Şahinoğlunun da mövzu ilə bağlı maraqlı yanaşması var: “Putin baş nazir olduğu dövrdə, yəni 2008-ci ildə Gürcüstan torpaqlarını, prezident olduğu illərdə, yəni 2014-cü ildə isə Ukrayna torpaqlarını işğal etdi.
Bu iki hadisədən sonra Qərb ölkələrinin Rusiya hakimiyyəti ilə münasibətləri xeyli gərginləşdi. Putinin dünyada dostları azdır, onunla müttəfiq olan dövlət başçıları belə Kreml sahibinin siyasətindən ehtiyat edirlər. İndinin özündə Vaşinqton Moskva ilə münasibətlərinin normallaşması üçün bu şərti irəli sürür: ”Krım Ukraynaya geri qaytarılmalıdır". Aydındır ki, nə qədər ki, Vladimir Putin prezident olacaq, Rusiya Krımı Ukraynaya geri qaytarmayacaq. Ümumiyyətlə, Rusiyada bundan sonra da prezidentliyin kimliyindən asılı olmayaraq Krımın Ukraynaya geri qaytarılması problematikdir. Deməli, belə vəziyyətdə ABŞ-Rusiya münasibətləri normallaşmayacaq, Qərbin Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılmayacaq. Əlaqələr və görüşlər olacaq, ancaq Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı əməkdaşlıq mümkün olmayacaq". Ekspert bildirdi ki, yalnız Avropanın bir neçə ölkəsi Krımın işğalına rəğmən, Putinlə əməkdaşlığa maraq göstərəcəklər: “Ancaq həmin ölkələrin liderləri də Brüsselin xəbərdarlıqları ilə hesablaşmaq məcburiyyətindədirlər”.
Politoloq Putinin prezidentliyinin davamının Azərbaycana nələr vəd etməsindən də bəhs etdi: “Putinin növbəti dəfə namizədliyini irəli sürməsi Azərbaycanda da ciddi müzakirə olunur. Birincisi, rəsmi Bakı Kremllə münasibətlərə xüsusi önəm verir və bu münasibətləri maksimum normal səviyyədə saxlamağa çalışır. İkincisi, Rusiya Azərbaycan kənd təsərrüfatı məhsulları üçün əsas bazardır. Üçüncüsü, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və qazandıqları gəlirin bir hissəsini Azərbaycanda yaşayan ailələrinə göndərirlər. Dördüncüsü, Rusiyanın işğalçı Ermənistana böyük təsir imkanları var və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas vasitəçidir. Ona görə də Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin dəyişib-dəyişməyəcəyi Azərbaycan üçün vacibdir. Putin prezident olduğu dövrdə iki ölkə arasındakı münasibətlər stabil qalacaq, nə böyük inkişaf, nə də ciddi problemlər olacaq. Putin növbəti illərdə də Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Putini Qarabağ münaqişəsinin həlli maraqlandırmır. Putin Qarabağ münaqişəsi vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarına malikdir. O, bu siyasəti bundan sonra da davam etdirəcək”.
E.Şahinoğlu qeyd etdi ki, Putinin Azərbaycanda səfir təyinatına reaksiyası da maraqlıdır: “Vladimir Putin 9 ildən sonra Azərbaycandakı səfir Vladimir Doroxini Georgi Zuyevlə dəyişmək qərarına gəldi. Rəsmi Bakı bu qərardan narazı qaldı. Çünki Georgi Zuyev Rusiyanın separatçı Abxaziyada təmsilçisi olub və separatizmə dəstək verən açıqlamalar səsləndirib. Bakı belə bir səfirin Azərbaycanda işləməsinin əleyhinə çıxdı. Kuluar söhbətlərində hətta rəsmi Bakının Zuyevə aqreman verilmədiyi də açıqlandı. Bundan sonra Rusiya XİN-dən açıqlama gəldi. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək. Bu hələ yekun qərar deyil. Ancaq hər halda Kremlin Zuyevin namizədliyində israr etməməsi Putinin Bakı ilə münasibətlərdə problem yaşamaq istəmədiyindən irəli gəlir. Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrov separatizmi dəstəkləyən birisini Azərbaycana səfir təyin etməməli idi. Onun səhvini Putin düzətlməyə çalışdı”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26