Interposta.Info

Könüllülük fəaliyyəti gənclərə nə qazandırır?

Müxtəlif
 23-01-2019, 13:01     13 944

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllü fəaliyyəti ilə bağlı İnterPosta.info-nun əməkdaşı müsahibə verib:
Azərbaycanda Formula 1 yarışlarının təşkilində könüllülər aktiv rol oynayırlar. Könüllülərin böyük əksəriyyəti Azərbaycan gəncləridir və bu məqsədlə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində Bakı Şəhər Halqası Akademiyası yaradıldı.
Akademiyanın əsas məqsədi gənclərin yarışlara hazırlığını təmin, onların fərdi və peşəkar bacarıqlarının inkişaf etdirilməsidir. Bu məqsədlə könüllülər üçün müxtəlif mövzularda seminarlar təşkil edilir.
Bundan başqa könüllülərin xarici dil biliklərinin gücləndirilməsi üçün rus və ingilis dillərində danışıq klubları təşkil edilir.

Könüllülərin inkişafı üçün tərəfinizdən hansı işlər görülür?
Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı onların peşəkar inkişafını da hər zaman diqqətdə saxlayır. Buna misal olaraqonların fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təşkil edilən təlim, fərqli mövzuda seminarlar və danışıq klublarını gətirə bilərik. Burada onlar yeni məlumatlar qazanaraq, fikir mübadiləsi aparmaq imkanı qazanır. Könüllülərdə komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək üçün müəyyən tədbirlər də nəzərdə tutulub. Bu cür tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək. Bir sözlə, könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsi və gördükləri işdən zövq almaları bizim üçün böyük əhəmiyyət kəsb edir.

Könüllülər hansı meyarlara əsasən seçilir?
Dördüncü dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərin xarici dil biliyinin olması vacibdir. Sözsüz ki, bundan başqa onların motivasiyası, komandada iş bacarıqları, liderlik qabiliyyətlərinə xüsusi diqqət yetirilir. Müraciət edənlərin sayı çox olduğuna görə müsahibə zamanı ən yaxşı namizədlərə üstünlük verildi. Bütün mərhələlərdən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

Könüllülərin motivasiyasını artırmaq üçün nələr edirsiniz?
Artıq 2 ildir ki, yarış zamanı özünü aktiv göstərməyi bacaran könüllülərimiz müəyyən edilərik xarici ölkəyə göndərilir. 2017-ci ildə imtahanda yüksək nəticə toplayan 5 fəal könüllü İtaliya Qran Prisini, 2018-ci ildə isə eyni qaydalara əsasən müəyyən edilən digər 5 gənc Monako Qran Prisini canlı izləmək imkanı qazandı. Bununla yanaşı könüllülərimizin motivasiyalarını artırmaq məqasədi ilə müxtəli görüşlər təşkil edilir. Onlar məhşur simalarla görüşür, maraqlı müzakirlərdə yer alır. Bəzən isə könüllülərimizin dincəlməsi, komanda bacarıqlarının artırılması və yaxşı vaxt keçirməsi üçün boulinq, konsert və digər fəaliyyətlər də təşkil edirik.
Qeyd etmək istərdim ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin komandasının böyük hissəsini Azərbaycanın peşəkar gəncləri təşkil edir. Könüllü olan gənclərimizə isə bu motivasiya verir. Onlar da bu imkanlardan faydalana bilir. Belə ki, 2016-ci ildə Bakıda ilk dəfə baş tutan Formula1 yarışında könüllü olmuş 50 nəfərdən çox gənc sonra işlə təmin edildi. 2018-ci ildə isə onların sayı artdı və Azərbaycan Qran Prisində daha öncəki illərdə könüllü olmuş 75 nəfər, komandamıza işçi olaraq qoşuldu. Onlar, İnsan resursları və işçi qüvvəsi, transport, idman əməliyyatları, məkan əməliyyatları, media əməliyyatları və digər sahələrdə uğurla fəaliyyət göstərdilər.

Könüllülük fəaliyyəti gənclərə nə qazandırır?
Könüllü olmaq sözsüz ki, gənclərin həyatında böyük müsbətlərə yol açır. Formula 1 könüllülərinin inkişafı üçün kifayət qədər şərait yaradılıb. Onlar şəxsi, peşəkar, dil və digər bilik, bacarıqlarını BCC Akademiyada inkişaf etdirmək imkanından yararlanır. Bu isə onlara təcrübə qazanaraq daha yaxşı iş imkanları yaradır. 5 oktyabr tarixində BCC Akademiyada keçirilən “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkasında 800dən çox gənc bu fürsətdən yararlana bildi. BCC Akademiya olaraq məqsədimiz gənclərimizin inkişafıdır və bu istiqamətdə uğurlu işimizi davam etdirəcəyik.
Tamerlan Ələkbərov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26