Interposta.Info

Formula-1 yarışını işıqlandıracaq jurnalistlər üçün təlim keçirilib

İdman
 21-04-2017, 21:24     484

Bu gün Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən yerli media nümayəndələri üçün "Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda təlim keçirilib.

Təlimin ilk günündə iştirakçılar Formula-1 dünya çempionatının keçirilmə qaydaları, yarışın idarə olunması və ona nəzarət edən heyətin, o cümlədən marşalların əsas vəzifələri, həmçinin çempionatla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə ediblər.

Təlim çərçivəsində BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun nümayəndələrinin iştirakı ilə Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula-1 Qran-Pri yarışı simulyasiya olunub. Təlimdə iştirak edən jurnalistlər yarışın idarə olunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnərək, qaydaların necə tətbiq olunduğunu müşahidə ediblər.

Tədbirdə çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib ki, sözügedən təlim media nümayəndələri üçün də xüsusi əhəmiyyət kəsb edir: “Biz yerli jurnalistlərin Formula-1 yarışının incəliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər təşkil edirik. Şübhəsiz ki, dünya əhəmiyyətli Formula-1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə dərindən bilməlidir. Bu məqsədlə biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik.

Əhatə etdiyi mövzunun xüsusiyyəti baxımından bu dəfə keçirəcəyimiz təlim digərlərindən fərqlənir. Bu, Azərbaycan Qran-prisindən əvvəl keçirilən sonuncu irimiqyaslı təlimdir”.

Təlimdə jurnalistlərə Formula 1 yarışları zamanı bu günə qədər baş verən hadisələrdən görüntülər təqdim edilib, səbəblər izah edilib. Yarışlar zamanı jurnalistlərdə suallar yaranmasın deyə Formula 1-in bütün qaydaları izah edilib. Tədbirdə iştirak edən Formula-1 yarışlarının azərbaycanlı marşalları da öz təcrübələrini jurnalistlərlə bölüşüblər./musavat

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26