BİR QANDALLIQ AĞRI YERİ

Hesabsız atdıgımız addımlardı
ömür gündəliyimiz.
Bir yaşam hənirtisi gizlənir
çəkdiyimiz ahlarda.
Bir məsum körpə gözü ilə baxmaq gərəkmiş dünyaya...
Bəlkə də xəfifcə məsumluq gizlənir
ən böyük günahlarda.
Həqiqətin bir addımlığında isinir insanlar nədənsə -
həqiqət hec kimə lazım olmur sonunda.
Xoşbəxtlik,
bütün ağrılarını içinə çəkərək
öpüşmək qədərində verilib hər kəsə.
Diqqətlə baxsan,
bir qandallıq ağrı yeri görünür hər kəsin qolunda.
***
Bəndəlik-
əzab qorxusu,
Ölüm-
həyat qoxusu...
Əzablar
kimsəni ovutmadı,
Tanrım.
Ölüm-
həyat qədər dadlı,
Həyat-
ölüm qədər baxımlı...
Verdiyin vədlər
özünü dogrultmadı,
Tanrım.
Hər şey
atəş sədaların da baş verdi
İllərlə qurduğun kainatın
bir az düzəni,
bir az da
sükütu pozuldu.
Açılan hər atəşdə
vurduğun naxışlardan bir ilmə qopdu...
Sənin bəxşişin olan o məsum təbəssümlər
bir körpənin
cadarlanmış dodağında itgin düşdü...
Sənə təsəlli verdilər
Başın sağ olsun,
Tanrım !
Onda səni dərd götürdü,
Onda səni qəhər boğdu.
Səni aciz görməyənlər,
Səni bir az aciz gördü...
...və onda
süküta qərq oldun,
...və bir az
səssiz oldun,
Tanrım.
gözlərdə gilələnən
o şor suyu
ləl qiymətinə satdılar sənə.
Onda müflüs oldun,
müflüs oldun,
Tanrım !
XATİRƏLƏR NECƏ DƏ TEZ YANIRMIŞ...
Yanmış xatirələr sığortalanmırmış sən demə...
Təklif edirəm;
ən qiymətli xatirəsini itirən şəxsə
ən çox təzminat verilsin!
Onaltı mərtəbəli binada ən dəyərli xatirəsini itirən ana,
onu xəstəxana odalarında axtarır...
Bir ana övladının yanmış şəklinə ağrıyır,
bir ana yanmış övladına!...
***
Sevə bilmək qorxusu
elə sevə bilməməkdi...
Su bildiyin o yollar
su deyil, işartıdı.
Sağ əli qaşının üstünə qoyub,
O uzaq yollara baxmaq həvəsi
Yox ee, yox !
O sən deyən həvəs deyil,
O gözündən gələn yaş da
yaş deyil, yaşartıdı...
Və bir az da öz yarana duz səpməyin
ağrısıdı əslində.
Müqəddəs bildiyin nə varsa
hardasa qırılıb qalmış...
Həm də müqəddəs olmayan
Bir az da kirə bələnmiş
bir arzunun, bir diləyin
sarğısıdı əslində.
Sadiq qala bilmədiyin
ölüm kağızın əlində.
Lakin ölə bilmədiyin,
İçindən hey gəlir deyən
Amma gələ bilmədiyin,
O sevdalar, o sevgilər,
Dünyanın ən möhtəşəm
Qorxusudu əslində...
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26