Interposta.Info

"Qadın ətri"

Müxtəlif
 27-09-2018, 10:48     10 690

"Qadın ətri "

Xoşbəxtliyin aynasına çöküb dəli qaranlıq,
Gündüzün gün işığı da küsüb bədbəxt otaqdan.
Ayrılığın kəsif ətri gəlir indi sadəcə,
Bir zamanlar qadın ətri tükənməyən yataqdan.
Gündüzləri keçinirsən yorğun-arğın birtəhər,
Fahişələr çağırırsan hər gecələr köməyə.
Bu qəzəbi soyutmağa nə bir küçə uşağı,
Nə bir heyvan küçüyü var doya-doya söyməyə.
Boş keçmişin qarşısında boş gələcək kədəri,
Ortasında bir itkinin əbədilik səsi var.
Boş otağın boş havası boş yastığa qarışıb,
Nə bir qadın hənirtisi, nə bir insan kəsi var.
Bu həsrətin beşiyində ağır-ağır uyuyur,
Bir küləkdən itirdiyi qadın ətrin duyan kəs.
Bir yataqda, bir bədəndə bir olanın naləsin,
Unudubdu yastığını göz yaşıyla yuyan kəs.
Kövrək-kövrək uzaqlarda tapır səni xəyalım,
Sənlə gələn hər zamanın xatirəsin çağırıb.
Bölüşmədim sənə olan gizli eşqin saflığın,
Məhəbbətin ətir saçan bakirəsin çağırıb.
Bir arzunun, bir xəyalın ətəyindən yapışıb,
Sənə gedən hər küçəni dilənirəm mən indi.
Həsrətindən əzab çəkib ölüm ətrin qoxuyan,
Didərgindi yollarına, nə biləsən sən indi!
Gözləməkdən, gözlərimdən asılmısan sən daha,
Düşünmürsən, həsrətindən qovruluram mən necə?!
İndi ötən hər ömürdən yazıq-yazıq mən sənin,
Arzulayıb gözləyirəm vüsalını hər gecə!
***

"Sevdalar göz yaşımla sızar qan dağlarıma"

Sevdalar göz yaşımla sızar qan dağlarıma,
Coşub-daşan ürəkdə tez böyüyər ümidlər.
Sən hələ sevməsən də, məni anlamasan da,
Sənə uçan diləkdə tez böyüyər ümidlər.
Sən hələ anlamırsan məhəbbətin safını,
Sən hələ anlamırsan sənə axan göz yaşın.
Bir quş kimi çırpınan qəlbimin qəfəsindən,
Xəyalına hər gecə qanad çalan söz yaşın.
Səndən hələ özgədir dənizlərin axışı,
Sol yanımda nalələr, fəryad edir can quşu.
Sən hələ intizarın yoxuşundan uzaqsan,
Səni almayıb hələ sevdanın qəm yoxuşu.
Sən günləri saymırsan, hələ yanmır ürəyin,
Bir təqvim yarpağında göz yaşının izi yox.
Sən hələ anlamırsan eşqə baş vermək nədir,
Hələ səndə ölümün, baş daşının izi yox.
Eşqə yas saxlamadın, sən məni anlamzasan,
Qəfəslənən ürəkdə sevgiyə ağlamazsan.
Aşiqə qəm doğmadır, aşiq ola bilmədin,
Hələ qəmdən qaçırsan, ürəyi dağlamazsan.
Səni bir hilal kimi göy üzündən almışam,
Hər gecə işığınla ruhuma nur gətirdin.
Mənə Musalar kimi göydən ilham aldıran,
Qaldırıb asiman eşqimə tur gətirdin.
Ağır zərbələr kimi eşq üzünə dəymədi,
Qaranlıq küçələrdə dəli kimi gülmədin.
Qəlbinə ölüm kimi dəfn olmadı ayrılıq,
Hələ eşq qapısından qovulmadın, ölmədin.
Bir quş kimi qəfəsdə çırpınıram hələ mən,
Ömür boyu canımı alacaqsan ay gülüm?
Nalələrim, fəryadım dözülməz bir yük kimi,
Sən nə qədər uzaqda qalacaqsan ay gülüm?
Vulkan kimi dağılan ürəyə bixəbərsən,
Heç vaxt görə bilmədin təkliyin qan rəngini.
Bir ölümə nə var ki, yaşamağa dözüm yox,
Bəlkə bir gün bilərsən sevginin can rəngini.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26