Interposta.Info

Səni görmək üçün kədəri qəlbimə yuva edirəm

Müxtəlif
 7-09-2018, 19:37     10 775

***
Səni görmək üçün kədəri qəlbimə yuva edirəm...
Gözlərim həsrətə qan selini axıdır
və əlində çiçək açıb ovuclarıma düşür.
Gəl vüsalının əliylə sil
yuxularımda düyünlənmiş gözyaşlarımı.
Buz bağlamış susqunluğum fəryada hamilədir...
Tənhalığımı gördüm gözlərim dənizdə dalğalarla sevişərkən.
Gecənin qaranlığı həkk olunmuşdu kimsəsiz göy üzünə...
...Röyada əllərimlə saçlarını hörürsən
Ömürüm saçının qıvrımında əsir qalıb.
Yalnızlıq gecənin barmaqlarından könlünə damar...
...hər gecə öpəcəksən qədəhlərdə qalan barmaq izlərimi
Buludlar kimi çarəsiz keçərkən
kor işıq xəbər gətirər
gecənin əsarətində açan çiçəkdən...
Yağmurlu gecədəki ağac kimi
Yarpaq səsinə qədər
fidanlanır xatirən.
Bahar səndən yadigar,
əs gecə küləyi tək
Çıxar payızı üstümdən...

***
Qısılırsan gecələr
tənhalığın küncündə.
Ümidlərin kəsilir
zamanın ülgücündə...

Səpələnib otağın
hər bir yanına dərdlər...
Həsrətin yenə gəlib
pəncərədən gülümsər.

...Qanad açır hər səhər
neçə-neçə xatirə.
Üzündəki təbəssüm
məndən sənə xatirə...

Görürsən addımbaşı
sənsizlik hökm sürür.
Yalnızlıq da qapıda
yenə it kimi hürür...

...Gəlsən də ki mən çətin
qürurumdan əyiləm.
...Nə sən o sən kimisən,
nə mən o mən deyiləm.

Əl açıb yollarına
Tanrı dua oxuyub...
Qucağını geyindim
Üst-başım sən qoxuyub...

Ayşən RƏHİM

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26