Interposta.Info

Mərahim Nəsibinin şeirləri

Müxtəlif
 1-01-2019, 22:47     10 411

Səhər, axşam qan ağlayan gözümü,
Neçə gündür qurutmuşam incimə.
Elə bildim çətin olur unutmaq,
Amma səni unutmuşam incimə.
İndi dikib uzaqlara gözümü,
Axtarıram itirdiyim izimi.
Vallah səndən sənə görə özümü
yavaş-yavaş soyutmuşam incimə.
Yaşatdığın məşəqqətin yükünü,
Çəkmək olmur məhəbbətin yükünü.
Neyləyim ki, bu həsrətin yükünü,
Unutmaqla ovutmuşam incimə.

***

Gedirəm mən biryolluq,
Hər şey yaddan çıxır da.
Ağlım qaçıb, səni də
unudacam axırda.
Ölüm deşir sinəmi,
Gəl barı görüm səni.
Bu sağalmaz dərd məni,
Günü-gündən yıxır da.
Başı qandı bağrımın,
Nə deyirəm doğrudu.
Neçə illik ağrımın,
Özü məni sıxır da.
Ürəyim çox üzülər,
Gözümdən qan süzülər.
Ümidim var düzələr,
Allah göydən baxır da.

***

Məhzun gözlüm, gözlərinə qurbanam,
O gözlərə yaraşmır qəm, kədər də.
Sən gedəli darıxıram it kimi,
İt kimidir bu xaraba şəhər də.
Pəncərədən boylanıram hər səhər,
Diksinirəm hər gün ayaq səsinə.
Ümiddir də, aldadıram özümü,
Sevinirəm gələn qonaq səsinə.
Bu şəhərdə səndən başqa hamı var,
Neyləyirəm sən olmayan şəhəri?
Ölüm qoxur ayrılığın gecəsi,
Ağır olur gözləməyin səhəri.
Bu otaq da bezib bu boş adamdan,
Həsrət qoxur yatağım da o gündən.
Hey sıxıram əllərimlə başımı,
Başqa mənim nə gəlir ki, əlimdən?
Qurban olum, çox yubanma qayıt gəl,
Sən gedəndən qarışıbdı yuxum da.
Mən nə qədər baxım bu boş tavana,
Gəl birazca gözlərinə baxım da.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26