Interposta.Info

Aydan AY

Müxtəlif
 4-09-2018, 22:36     10 568

YANMIŞAM, YAŞAMIŞAM...

Nə o ocaq yanmadı,
nə odam isinmədi...
Gözlərim dumanlandı,
şeirləndim... görünmədim...

Qərib yolçu ahına
yoldaş olan şərqiydim...
Duyan olmadı ana
Mən göy divanəsiydim...

Ürkək idi ürəyim
Əllərimdə qışıydı...
Əynimə geyindiyim
gözlərimin yaşıydı...

Hərdən bayatı olub
gözündə oxunmuşam...
Ömrüm şam ömrü ana,
yanmışam, yaşamışam...


QÜRUB QOXULU ŞƏKİLLƏR...

Bir qəfil ayrılığa
Yağar, ağlayar şəkil...
Daxmasında mürgülü
Ölüm saxlayar şəkil...

Şəkillər yuxu yatmır,
Oyaq olur həmişə...
Ömrümdən ölüm damır,
şəklimə... Ölməmişəm...

Göz yaşım şəkillərin
Alnının qırışıdı...
Adamlar şəkil-şəkil
Qocalan baş daşıdı...

Ağla... Ağla ölüm-ölüm...
Titrə yel-yel ahıl canım...
Sonra... Ah-ah soraqlayım,
Eheeey... Şəkil adam, hanı?!

Qəhqəhəsi nə acıdı,
dil-dil ötən sükutunun?..
nədən belə eşq-eşq ötdün
ruhundakı uçurumu?..

eyyy əlimdəki əsa...
eyyy yolumdakı çıraq...
şəkil-şəkil uçan ağac...
şəkil-şəkil ölən varaq...

unudun... məni unudun...
bir axşam şəkillərim
torpağın dan üzünə
əbədilik hopacaq...

qürub qoxulu şəkillər
bizimçün darıxacaq...



DE Kİ, ONU SEVMİRDİM...

Bir ürəklik dərdə də
Tütün qoxusu bəsdisə
Səni boğub öldürən
Aldığın nəfəsdirsə...
Unut məni... unut adam...

Qürubda itənim çox olub...
Sən də ol itənin biri...
De ki, o qadın zalımıydı...
De ki, onu sevmirdim...
Unut məni... unut adam...

Mənim xəzəl gözlərim
Yağışa çoxdan öyrəşib...
Üzmə özünü taledi də...
Talelər qışa öyrəşib...
Unut məni... unut adam...

Gecəni qınama.. o bəxtsizdi...
Eh... onu da sevda yorub...
Onu da uzaqların qadını,
İşığın qoynunda unudub...
Unut məni... unut adam...

SONU YOXDU BU KÖÇÜN…

Deyirəm ki...
Torpaq, qızım...
Torpaq...
Nə zaman ki, sən onu ovcunda tutsan,
Dönüb göy üzü olacaq...

Deyirəm ki...
Yarpaq, qızım...
Yarpaq...
Sənə sarı üşüyəndə,
Kimə məktub yazacaq?

Yuxu, qızım...
Yuxu...
Bir də gördün sənə dedi ki,
"Mənim də gözlərim var...
Qorxma, toxun..."

Uyu, qızım...
Uyu...
Unutma,
Sənə beşik olmaz bu dar quyu...
Amma tabut olar,
Dəvətsiz gəlsən də deyər,
"İçəri buyur..."

Bulud, qızım bulud...
Ulduz-ulduz tükənəndə,
Addımlarından tut...

Yağış, qızım...
Yağış...
Deyir ki, göz yaşların kimi,
Öz içinə yığış...

Ah-ah ansın için göyü qızım...
Yağ, yağ sonu yoxdu bu köçün...
Böyü qızım...

Ax, ax qürubların ürəyinə...
Qürubların ürəyini ürəyinə ilmə-ilmə toxu qızım...
Gecə boyu bayatı çağır, saçlarına...
Sübh tezdən eşq-eşq titrə,
Bilirəm, için darıxır...
Bilirəm axı qızım...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26