Interposta.Info

Fransa, Almaniya və Polşa Ukraynaya uzunmüddətli dəstəyə söz verdi

Dünya
 13-06-2023, 14:25     216

Fransa, Almaniya və Polşa digər Qərb gücləri ilə Ukraynanın müdafiəsini gücləndirmək və onun suveren gələcəyini təmin etmək məqsədi daşıyan "təhlükəsizlik zəmanəti” məsələsi üzərində işlədikləri müddətcə, Rusiyanın işğalına qarşı Ukraynaya hərbi dəstək verəcəklərini öhdələrinə götürüblər.

Bu barədə Qaynarinfo Financial Time-a istinadən xəbər verir.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Polşa prezidenti Anjey Duda iyunun 12-də axşam Parisdəki Yelisey sarayında görüşərək Rusiya qüvvələrinə qarşı çoxdan gözlənilən əks-hücum əməliyyatına başlayan Ukraynaya dəstək olaraq birlik ifadə etməyə çalışıblar.

Lakin onlar Ukraynanın Qərb tərəfdarları arasında hazırda davam edən gərgin danışıqlar, müharibə bitdikdən sonra onların hansı təhlükəsizlik təminatları verəcəkləri və ya Ukraynanın NATO-ya üzvlük üçün dəqiq qrafikinin olub-olmayacağı barədə bir neçə təfərrüat təqdim ediblər.

"Bizim dəstəyimiz nə qədər lazımdırsa, o qədər də davam edəcək. Rusiyanın nəinki bu uğursuz kampaniyada qalib gəlməsini, hətta bunu heç vaxt təkrarlaya bilməyəcəyini təmin etməliyik”, - Makron deyib.

Təhlükəsizlik zəmanətləri

Qəzet iddia edir ki, həm Ukrayna ilə ikitərəfli, həm də Qərb dövlətləri arasında təhlükəsizlik zəmanəti müzakirələri müharibənin qızışdığı bir vaxtda Kiyevə NATO-ya üzvlük təklif edilə bilməyəcəyinə dair razılaşmanı əks etdirir. Ancaq bunun əvəzinə nə təklif edilməli, vaxt və Rusiyanın Ukraynanı təhdid etməsinə mane olmaq üçün nəyin kifayət edəcəyi ilə bağlı fikir ayrılıqları qalmaqdadır.

Qərb rəsmiləri NATO-nun 5-ci maddə üzrə qarşılıqlı müdafiə öhdəliyinin yeganə real "təhlükəsizlik zəmanəti” olduğunu etiraf etsələr də, Ukrayna tərəfdarları uzunmüddətli "zəmanətlər” adlandırdıqları şeyi təmin etməyə çalışırlar – burda ABŞ-ın İsrailə hərbi dəstəyinə bənzər NATO standartlarına uyğun qabaqcıl silahların, təlimlərin və kəşfiyyat məlumatlarının illik tədarükü nəzərdə tutulur. İsrail və ABŞ arasında rəsmi müdafiə haqqında müqavilə yoxdur, lakin onların hər 10 ildən bir yenilənən əhəmiyyətli hərbi yardım müqaviləsi var.

Bu cür dəstək paketləri Ukraynanın müdafiəsini gücləndirməklə və ordusunu NATO standartlarına uyğunlaşdırmaqla Rusiyanın gələcək təcavüzünün qarşısını almaq məqsədi daşıyacaq ki, üzvlüklə bağlı siyasi konsensus olduqda o, alyansa qoşulmağa hazır olsun.

Ölkələrin mövqeləri

Financial Time-a görə, bəzi ölkələr, o cümlədən ABŞ və Almaniya, 5-ci maddə üzrə öhdəlikləri və müharibənin genişləndirilməsini nəzərdə tuta biləcəyindən narahat olduqlarını nəzərə alaraq, hazırda Ukraynaya üzvlük şərtlərinin belə verilməsinə qarşıdırlar.
Ətraflı

Bunun əksinə olaraq, Makron "üzvlük yolunu” dəstəklədiyini söyləyib. Duda isə bazar ertəsi daha da irəli gedərək Ukraynanın "gələcəkdə NATO-ya üzvlük üçün real perspektivə ehtiyacı olduğunu" bildirib.

"Məsələ zəmanətlər və öhdəliklər arasındadır. Biz onlara onlar üçün müharibə aparacağımızı vəd edə bilmərik, lakin onların təhlükəsizliyini başqa yollarla təmin etmək üçün uzunmüddətli vədlər verə bilərik", - danışıqlarda iştirak edən anonim avropalı diplomatlardan biri deyib.

Ukrayna prezidenti Volidimir Zelenski NATO ölkələrini gələn ay Vilnüsdə keçiriləcək NATO liderlərinin sammitində Kiyevin alyansa üzv olması üçün məcburi təhlükəsizlik zəmanətləri və aydın yol göstərməyə çağırıb və əgər bu təklifi qəbul edilməsə, iştirak dəvətini qəbul etməyəcəyi ilə hədələyib.

Anonim Financial Time mənbələri

"Financial Time” yazır ki, təhlükəsizlik zəmanətlərinin müzakirələri əsasən NATO-nun beş ən böyük hərbi gücündən dördünün - ABŞ, Britaniya, Fransa və Almaniyanın verəcəyi vədlərə yönəlib. "Təhlükəsizlik zəmanətlərini müzakirə edərkən vacib olan odur ki, bu zəmanətlər əslində onlara dəstək ola biləcək ölkələr tərəfindən təmin edilməlidir”, - anonim mənbə bildirib.

Danışıqlar geniş miqyaslıdır və yekun nəticə ilə bağlı heç bir aydınlıq yoxdur, deyə anonim mənbələr vurğulayıblar və əlavə ediblər ki, paytaxtların hansı hüquqi və ya siyasi öhdəlikləri yerinə yetirməli olacağı hələ də bəlli deyil. "Nəzərə almaq vacibdir ki, bunlar real təhlükəsizliyin zəmanətləri deyil, ölkələrin bir-birini müdafiə etməyə hazırlığı deyil, - deyə anonim ikinci avropalı diplomat bildirib. - Amma bu, daha çox silah, texnika və sursatla yardımın davam edəcəyinə zəmanətdir”.

"Əlbəttə, bu müvəqqəti razılaşmalar ən azı müharibə olduğu müddətdə düzgündür, lakin bunlar tam üzvlük müqabilində satıla bilməz”, - deyə anonim diplomat əlavə edib.

NATO-dan anonim mənbələri vurğulayırlar ki, ikitərəfli təhlükəsizlik zəmanətləri kollektiv alyans məsələsi və Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrlə bağlı deyil. Lakin NATO üzvlərinin Kiyevə mümkün təkliflərinin gələn ay Vilnüsdə keçiriləcək görüşdən əvvəl cümə axşamı günü Brüsseldə keçiriləcək görüşdə alyansın müdafiə nazirləri arasında müzakirələr çərçivəsində açıqlanacağı gözlənilir.

"Məncə, siz NATO sammitində Ukraynaya həm siyasi, həm də praktiki dəstək üçün etibarlı bir paket görəcəyinizə ümid edə bilərsiniz", - ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi italiyalı həmkarı Antonio Tayani ilə görüşdən sonra deyib.

Anonim Fransa rəsmisi danışıqların nəticəsini proqnozlaşdırmağın çətin olduğunu deyib. "Bu, uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyinə öhdəlik götürmək istəyən və bacaran bütün müttəfiqlər üçün sual olacaq, - deyən məmur bildirib. - Təhlükəsizlik zəmanətləri mümkün qədər etibarlı olmalı və Rusiyaya həm birbaşa, həm də çəkindirici təsir göstərməlidir."

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26