Interposta.Info

Putinin 3 ton qızılı - İsveçrədə rus oliqarxların 15 milyard dolları dondurulub

Dünya
 29-06-2022, 11:59     152

ABŞ hökuməti Rusiyaya qarşı sanksiyalara məhəl qoymayan dövlət və şirkətlərin siyahısını tutmağa başlayıb.

Sanksiyalara əməl olunmasına nəzarət mexanizmi Helsinki Komissiyasına tapşırılıb. 1 ay əvvəl Helsinki Komissiyası İsveçrə hökumətini rus oliqarxlara sanksiyalardan yayınmaqda yardım etməkdə ittiham edərək, Berni ciddi cəza tədbirlərilə hədələmişdi.

Komissiyanın Twitter hesabında yayılan məlumata görə, İsveçrə indiyə qədər rusiyalı oliqarxların 7 milyardını dondurub, ancaq təşkilat rəhbərliyi oliqarxların İsveçrə banklarında 200 milyard dollarlarının olduğunu iddia edir. Dondurulan məbləğin 15 milyard dollara yaxın olduğunu iddia edən rəsmi Bern oliqarxların himayə olunması xəbərini təkzib etsə də, bu həftə yeni faktlar ortaya çıxıb.

Helsinki Komissiyasının tənqidlərindən sonra İsveçrə gömrüyü Rusiyaya məxsus 3 ton qızıla əl qoyub. Qızılın sahibinin adı açıqlanmasa da, gömrük baş idarəsi malın Rusiyaya məxsus olduğunu təsdiqləyib. 3 ton qızılın İsveçrəyə İngiltərədən transfer olunduğu təsdiq olunub. "Bloomberg" xəbər agentliyinin keçən həftə verdiyi məlumata görə, may ayında Rusiyadan çoxlu sayda emal zavodu olan Alp ölkəsinə külçə əritmək üçün üç ton qızıl idxal edilib.

Maliyyə kəşfiyyatının məlumatına görə, Rusiya qızılı Ukraynada müharibə başlayandan bəri ilk dəfə İsveçrəyə yol tapıb. Bununla belə, idxalçının adı indiyədək sirr olaraq qalır.

"Bloomberg" agentliyi bildirir ki, tədarüklər may ayında İsveçrənin qızıl idxalının təxminən 2%-ni təşkil edir. Müharibə başlayandan bəri əksər qızıl emalı zavodları Rusiyadan yeni qızıl almaqdan imtina etmişdilər.

194 milyon İsveçrə frankı (191 milyon avro) dəyərində olan 3 ton qızıl Böyük Britaniyadan İsveçrəyə gəlib, lakin "mənşə göstəricilərində Rusiyanın adı çəkilir". Bu xəbəri İsveçrənin Gömrük və Sərhəd Təhlükəsizliyi üzrə Federal İdarə (BAZG) mətbuata açıqlamasında təsdiqləyib.

Bəzi hüquqi səbəblərə görə İsveçrə gömrüyü qızılın İsveçrəyə gətirilməsində istifadə olunan nəqliyyat vasitəsini belə dəqiq göstərmir.

Ukraynadakı müharibə ilə bağlı mövcud sanksiyalara görə Rusiyaya qızıl ixracı qadağan edilib. Bununla belə, Rusiyadan İsveçrəyə qızıl idxalı “Ukraynadakı vəziyyətlə bağlı tədbirlər haqqında tənzimləmə ilə qadağan edilmir”. Bu barədə gömrük rəsmilərinin bəyanatında deyilir.

Lakin martın 7-dən etibarən Rusiya qızıl emalı zavodlarının istehsal etdiyi qızıl çubuqlar artıq İsveçrədə satıla bilməz.

Bundan əlavə, İsveçrə rəsmiləri qızılın sanksiyaya məruz qalan şəxslərlə əlaqəli olub-olmamasına öz səlahiyyətləri daxilində aydınlıq gətirəcəklərini bildiriblər. Qızılın banklar, emal zavodları və ya maliyyə sektorundakı digər biznes subyektləri tərəfindən idxal edildiyi halda, onlar pul yüyülməsi üzrə öhdəlik daşıyırlar.

Putinə yaxın olduğu söylənən Alina Kabayevanın 4 uşaqla İsveçrədən deportasiya edilməsindən sonra Putinin digər dostlarına qarşı addımlar atılır. 3 ton qızılın Alina Kabayevaya məxsus olması haqqında informasiyalar yayılıb. İsveçrə dairələri dəyərli metalın sahibinin kimliyini gizlətməyə çalışmaları da şübhələri artırıb.

Rus parasını sevə-sevə qəbul edən bankirlərin indi rus pulundan uzaq durmağa çalışsalar da, ruslara sanksiyalardan yayınmağa yardım edəcək hüquqi baza var. Banklar Moskvadan investisiya qəbul etməsələr də, pulun və əlvan metalların ticarətində azaddırlar. Avropa Birliyinə daxil olmayan İsveçrə məhz böhran vaxtlarında daha çox qazanıblar.

Qızılın satışa çıxarılması Rusiyanın resurslarının getdikcə tükəndiyinə bir işarə ola bilər. Ticarət yollarının bağlandığı bir şəraitdə qızıl və qiymətli daşlar dövriyyəyə girib. Bu var-dövlətin müqabilində Moskvanı sanksiyalardan yayındıracaq şəxslər yalnız yeraltı dünyanın adamları ola bilər.

Bir neçə il əvvəl ABŞ hökuməti İsveçrənin ən böyük bankları olan UBS və Credit Suisse haqqında sərt qərar çıxarmışdı. Amerikalılara vergidən yayınmaqda yardım etdikləri üçün ABŞ məhkəməsi Credit Suisse 2,6 milyard dollar, UBS və digər 10 İsveçrə Bankına 6,8 milyard dollar pul cəzası kəsməsi indi də isveçrəli bankirlərin qorxulu yuxusu sayılır.

Ağ Ev hələ Ukrayna müharibəsi başlayandan dərhal sonra sanksiyalardan yan keçməyə kömək edənləri hədəfə alacağını rəsmi şəkildə bəyan edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bu işdə Federal Təhqiqat Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə çalışır. Ukrayna kəşfiyyatçıları iddia edirlər ki, Rusiya ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalmış malların, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə çalışır. Gürcüstan tərəfi bunu təkzib edir.

Ukrayna müharibəsində istəyinə nail ola bilməyən Kreml sona qədər mübarizə aparmaqda israrlı görünür. Sanksiyalara görə itki 50-60 milyard dollar civarındadırsa, qaz və neft satışından əldə edilən gəlir 4-5 qat çoxdur. Avropalıların sayəsində Rusiyanın resursları daha da artıb. Rus qazının və neftinin Avropaya nəqli dayandığı gün Putin müharibəni dayandırmaq məcburiyyətində qala bilər.

Harvard Universitetinin professoru Graham Allisonun fikrincə, Kremlin sahibi çıxılmaz vəziyyətdə atom silahına əl ata bilər. Bu üzdən ən uyğun yol Rusiyanın resurslarını tükətmək və ticarət yollarını bağlamaq vacıbdir.

İnterPosta.info



Elxan Həsənli Musavat.com açıqlamasınd deyib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26