Interposta.Info

Qani buna görə ölkədən qaçıb - İLGİNC SƏBƏB

Dünya
 31-08-2021, 16:21     380

Əfqanıstanın keçmiş hökumət başçısı Əşrəf Qani "Taliban" yaraqlılarının Prezident Sarayına girib onu edam edəcəyindən qorxaraq heç kimə xəbər vermədən ölkədən qaçıb.

"İnterPosta" Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Kabil və Vaşinqtondakı yüksək vəzifəli şəxslər "Taliban"ın paytaxtı bir neçə həftəyə ələ keçirəcəyini gözləyirdilər. Amma "Taliban" avqustun 14-də Cəlalabad əyalətinin mərkəzi şəhərini ələ keçirdikdən sonra çox zəif müqavimət qarşısında paytaxta girib.

“Vaşinqton Post” "Taliban"ın Kabilə girməsindən sonra Prezident sarayında baş verən hadisələrin irreal şəklini çəkib.

Keçmiş hökumət rəsmisi Amerika nəşrinə bildirib ki, Qaninin baş müşaviri "Taliban" döyüşçülərinin saraya girdiyini və otaqları axtardıqlarını söyləyərək onu aldadıb və buradan tez çıxmalı olduğunu bildirib.

“Saraya girənlər ya sizin mühafizəçilərinizdir, ya da "Taliban" yaraqlılarıdır. Amma nə olur-olsun burada qalsanız sizi öldürəcəklər”, - müşaviri Qaniyə deyib.

Məlumata görə, Qani bəzi şeyləri götürmək üçün evinə qayıda biləcəyini soruşduqda, bunun üçün vaxt olmadığını söyləyiblər. Bundan sonra həyat yoldaşı və müşavirləri ilə birlikdə onu təyyarənin gözlədiyi Özbəkistana uçan vertolyota miniblər. Komanda üzvləri nahardan saraya qayıtdıqda onun getdiyini və ofisinin boş olduğunu görüblər.

Nəşr qeyd edib ki, əslində, həmin vaxt "Taliban" döyüşçüləri saraya girməmişdilər, Kabilin yaxınlığında dayanmışdılar.

Qəzet yazıb ki, Qani taliblərin sonuncu dəfə 1996-cı ildə hakimiyyəti ələ keçirdikdən sonra asılaraq edam etdiyi Əfqanıstan prezidentinin aqibətini yaşayacağından qorxur.

Qani hökumət rəsmilərinə və ABŞ-a qaçması barədə məlumat verməyib.

Qani qaçma ərəfəsində dövlət televiziyasındakı müraciətində əfqanlara əsas məqsədinin xalqına qarşı zorakılığın qarşısını almaq, onlara təhlükəsiz həyat təmin etmək olduğunu demişdi. Bu məqsədlə Əfqanıstan ordusunu yenidən qurmağa başladığını bildirmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26