Interposta.Info

19 sentyabr Rusiyanın siyasi simasını dəyişə bilərmi? (ŞƏRH)

Dünya
 20-08-2021, 16:03     503

"19 sentyabr parlament seçkiləri də Rusiyanın siyasi simasını dəyişməyəcək”.

Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiyada bir aydan sonra Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı gözləntilərdən danışarkən deyib. Həmsöhbətimiz bildirdi ki, qonşu ölkədə parlament seçkilərilə ciddi dəyişikliklərin olacağını gözləmir:



"Çünki Rusiya avtoritar qaydalarla idarə olunur. Bu mənada orada keçirilən parlament seçkiləri də formal xarakter daşıyır. Əvvəlki seçkilərdə saxtakarlıq halları olub. Səslərin hesablanmasında qərəzə yol verilir. Bu səbəbdən də hər zaman Rusiyada keçirilən parlament seçkiləri Putinin Vahid Rusiya Partiyasının qələbəsilə başa çatır. Sonrakı yerləri isə şovinist mövqedə olanlar, Kommunist Partiyası, Jirinovskinin Liberal Demokrat Partiyası və Ədalətli Rusiya Partiyası tutur”.

Qabil Hüseynli qeyd etdi ki, ümumiyyətlə, Rusiyada seçki fəallığı hiss olunmur:

"Seçkilərə bir aydan az vaxt qalır. Ancaq ölkədə siyasi qüvvələrin fəallığı müşahidə edilmir. Yenə də Kremlin ətrafında formalaşan qüvvələr, kommunistlər, liberal-demokratlar meydan sulayacaqlar. Kreml onlara da müəyyən deputat yerləri ayıracaq. Bir sözlə, partiya təmsilçiliyi baxımından əvəvlki parlament öz simasını dəyişməyəcək. Fərdlər baxımından yeni simaların gəlişi gözləniləndir. Amma onlar da demokratik seçkilər yolu ilə deyil, əvvəlki qaydada, yuxarıdan verilən göstərişlər əsasında Dövlət Dumasında yer alacaqlar”.



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26