Interposta.Info

Qarşıdurma böyüyür: ABŞ-ın Kürdüstan planı...

Dünya
 19-10-2017, 11:57     8 702

ABŞ və İran arasında barışmaz mövqe hələ uzun müddət öz qüvvəsini saxlayacaq.

"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın yeni İran strategiyasını dəyərləndirən politoloq Tofiq Abbasov deyib. Politoloq Trampın İran siyasətinin qarşıdurma strategiyası üzərində qurulduğunu bildirib:


“Artıq 40 ilə yaxındır ki, bu iki dövlət arasında münasibətlər çox gərgindir. Bu baxımdan hələ Vaşinqton və Tehran arasında hansısa kompromisdən söhbət gedə bilməz. ABŞ-ın Yaxın Şərq siyasətində rəsmi Tehran həmişə əks mövqedən çıxış edib. “İslam Dövləti” layihəsinin reallaşmasında, İraq hadisələrində, indi isə Kərkük məsələsində bunun şahidi olduq. Görünən odur ki, mərkəzlərin münasibətləri bir-birinə tərs mütənasibdir. Bu isə ondan xəbər verir ki, iki dövlət arasında heç bir anlaşma meyilləri yoxdur. Faktiki olaraq İranın Yaxın Şərq siyasəti köklü surətdə ABŞ-ın planlarından fərqlənir. ABŞ üçün bu planda İsrailin əsas rol oynaması İrana heç bir baxımdan əlverişli deyil, hətta təhlükəlidir. Ona görə də İranın Tramp administrasiyasına qarşı münasibəti daha barışmaz hal alır və iki dövlət arasında qarşıdurma meyilləri güclənir. Zənnimcə, İran nüvə məsələsində geri addım atmayacaq. Tehran hesab edir ki, ABŞ öz məqsədləri üçün İsrailin istəkləri üzrə bölgədəki vəziyyəti qarışdırır. Təbii ki, söhbət Yaxın Şərq dövlətlərinin parçalanmasından gedir. Ancaq İran Suriya, İraq, hətta düşməni olan Səudiyyə Ərəbistanı kimi qəti şəkildə bu parçalanmanın əleyhinədir. Bu baxımdan da onların yanaşmaları ciddi şəkildə fərqlənir”.

Politoloq hesab edir ki, ABŞ və İran arasındakı ixtilafların yaxın zamanda aradan qaldırılması mümkünsüzdür:

“Çünki hələ bunun üçün imkanlar yetişməyib. ABŞ Kərkük məsələsində bir az da gerilədi. Halbuki Vaşinqton ABŞ-ın bu məsələyə müdaxiləsini inkar edirdi. Ancaq bəllidir ki, Kürdüstan dövlətinin yaranması ABŞ və İsrailin gerçəkləşməsini istədiyi bir plan idi. Ona görə də ABŞ və İran arasındakı barışmaz mövqe uzun müddət öz qüvvəsini saxlayacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın yeni strategiyası ilə bağlı sənəddə əsas hədəfin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğu açıqlanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26