Interposta.Info

Qərbin terrora yanaşmasında “ikili standartlar”

Siyasət
 7-08-2019, 10:29     10 245

Müsəlman kütləvi qətl törədəndə terror sayılır, xristian törədəndə - manyaklıq...
ABŞ-da 13 saat ərzində 29 nəfərin ölümü ilə nəticələnən qətl insidentlərinin motivləri araşdırılır. Yəni Amerikada bir həftə ərzində 3 yerdə kütləvi qırğın olub - bazar günü Ohayo ştatının Dayton şəhərində 6 nəfər, şənbə günü Texasın El-Paso şəhərində 20 nəfər, iyulun 28-də isə Kaliforniyanın Gilrou şəhərində 3 nəfər.

Hücumların hər üçündə yaralananlar var və onların bəzilərinin vəziyyəti ağırdır. ABŞ prezidenti Donald Tramp bazar günü bütün hökumət binaları üzərindəki bayraqların endirilməsinə göstəriş verib. Yarıya endirilən bayraqlar gələn 5 gün ərzində qaldırılmayacaq. Rəsmilər daxili terrorizmdə ittiham edilən Texas cinayətkarına ölüm cəzası verilməsinə çalışacaqlarını deyib.

“Ölkəmizdə nifrətə yer yoxdur”, - deyə Tramp müxbirlərə bildirib. O, qətlləri əqli problemlərlə əlaqələndirərək, insidentlərlə bağlı daha kəskin bəyanatlarla çıxış edəcəyini deyib. “Ölkəmiz faciəvi hücumda qətlə yetirilənlərin ailələri ilə matəm saxlayır, yaralananların ağırı və iztirablarını bölüşür” - prezident bildirib.

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində silahlı hücum zamanı 9 nəfər ölüb, 16 adam yaralanıb. Polisin bildirdiyinə görə, hücumçu tək hərəkət edib. Hücumun motivləri bəlli deyil. Hücumçunun 24 yaşlı Konnor Betts olduğuna dair xəbərlər yayılıb. O, psixologiya fakültəsinin tələbəsidir.

Bundan əvvəl ABŞ-ın Kaliforniya ştatında keçirilən sarımsaq festivalında kütləvi qətl hadisəsi baş verib. Hücumçunun açdığı atəş nəticəsində azı üç nəfər həyatını itirib. Qilrou şəhərində baş verən hadisə ilə bağlı məlumat verən polis hücumçunun əlində tüfəng olduğunu bildirib. Qilrou polis idarəsinin rəisi Skot Smiti hücumçunun polis atəşi nəticəsində öldürüldüyünü bildirib. O, həmin şəxsin çox güman ki, festival ərazisinə hasarı aşaraq keçdiyini deyib. Belə ki, fevstivala gələnlər yoxlanışdan keçib. Senator Kori Buker və Berni Sanders kimi prezidentliyə namizədlər prezident Trampı mühacirət əleyhinə ritorikalarına görə günahlandırıb. “Donald Tramp buna görə məsuliyyət daşıyır. Çünki o, qorxu, nifrət və fanatizmi qızışdırır”, - deyə Buker CNN xəbər agentliyinə bildirib. Kaliforniya və Ohayo ştatlarındakı silahlı hücumların səbəbi məlum deyil.

Lakin rəsmilərin dediyinə görə, Meksika ilə Birləşmiş Ştatların sərhədində yerləşən Texas ştatındakı hücumda hədəf çox guman ki, ispandillilər olub.

El-Paso şəhərinin polis rəisi Qreq Allen: “Hazırda bu hücumun nifrət zəminində olduğu barədə məlumatımız var. Federal Təhqiqat Bürosu bu işlə digər federal orqanlarla birgə çalışır.”

Bütövlükdə bir həftədə 3 yerdə qırğın olub. Lakin Amerika rəsmiləri dilinə terror sözünü gətirməyə, hadisələri terakt kimi qiymətləndirməyə tələsmirlər. Və silahlı basqın edənlər də ərəb-müsəlman deyil. Belə çıxır ki, yalnız ekstremist İslam təşkilatlarının üzvləri adam öldürəndə terror olur, amerikalı canilər onlarla insan qətlə yetirəndə, bu, psixikası pozulmuş manyakın cinayəti olur.

Niyə terrora yanaşmada “ikili standartlar”a yol verilir? Vaşinqton ölkəsində xristian terrorçu olmasını nə üçün etiraf eləmir? Bəyəm terrorçunun milliyyəti, vətəni olur? Yalnız müsəlman - ərəb ölkələrindən terrorçu çıxır?

Qərbin terrora yanaşmasında “ikili standartlar”

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın özü terrorçular böyüdür: “Amma heç vaxt boynuna almır ki, terrorçu yetişdirir. Dünyanın hansısa coğrafiyasında müharibələr olanda Amerika tövsiyə edir ki, zərərçəkən tərəf insan haqları tribunalına müraciət eləsin. Amma özü həmin məhkəməni tanımır. Amerika bəyan edir ki, onun əsgərini yalnız özü mühakimə edə bilər. Bu, ikili standartlarla yanaşma deyil, ”Ağanəzərəm, belə gəzərəm" misalıdır. Sadəcə, bu dəfə təəccüblənirəm ki, nə əcəb Amerika üç ştatda baş verən vəhşi teraktları müsəlmanın, ərəbin üstünə atmadı. Çünki bu hadisələrdə İslama aid heç bir motiv yoxdur, əllərinə fürsət düşmədi. Əks halda, İranın, yaxud Rusiyanın üstünə atacaqdılar".

A.Əlizadə vurğuladı ki, Əfqanıstandakı marginal silahlı təşkilat olan Talibanı da ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yaradıb: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Amerika Talibanla bir masa arxasında müzakirə aparır, İŞİD-lə əməkdaşlıq edir, amma başqalarını günahlandırır".

Deputatın fikrincə, ABŞ artıq dünyadakı nüfuzunu itirib, hegemonluğunu əldən verib: “Amerika dişi tökülmüş şirə oxşayır. Tramp Şimali Koreyanı əzməklə təhdid edirdi. Görəndə ki, Kim Çen İn onu vecinə almır, qoşunlarını geri çəkdi. Eləcə də Suriyaya baxaq, Bəşər Əsəd yerindədir, Amerika isə Suriyadan çıxır. İndi də İrana ”xox" gəlir. Amerika dünyada heç bir müharibədə qalib gəlməyib. Hitleri isə SSRİ hesabına məğlub elədi. Amma II Dünya müharibəsindən sonra faşistlərlə ticarətin hesabına varlandılar. Ona görə də Vaşinqtonun Cavad Zərifə sanksiya tətbiq eləməsi heç bir effekt verməyəcək.

Çünki Amerika ideologiyası olmayan dövlətdir, İranın isə ideologiyası var. İdeologiyası olmayanlar heç nəyə nail ola bilməzlər".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26