Interposta.Info

Rusiyaya qarşı inanılmaz plan: ABŞ bunu SSRİ-yə etməmişdi

Siyasət
 30-03-2018, 10:15     10 479

Əslində, ABŞ və Böyük Britaniyada da belə bir qərarın verilməsi gözləniləndir.

"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a ABŞ-ın Moskvadakı səfiri Con Hantsmanın açıqlamasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, yaxın gələcəkdə ABŞ-da bununla bağlı ciddi addımların atılacağını bildirib:

“ABŞ və Britaniya ərazisində 1990 və 2000-ci illərin əvvəllərindən buraya köçmüş, orada daşınmaz əmlaklar almış, iş qurmuş və əvvəllər Rusiya vətəndaşı olmuş on minlərlə şəxs var. İndi onlar həm ABŞ, həm də Britaniya vətəndaşlarıdır. Amma söhbət bu şəxslərdən getmir. Söhbət Rusiya dövlətinə və dövlət şirkətlərinə aid olan əmlaklardan və Putinə yaxın oliqarxların mənbəyini izah edə bilmədiyi 200 milyarda yaxın aktivdən gedir. Rusiyanın ABŞ-dakı əsas aktivləri federal hökumət tərəfindən buraxılan qiymətli kağızlardır. Ancaq daşınmaz olaraq birbaşa Rusiyaya, yaxud da Putinə yaxın məmurlara məxsus böyük həcmdə olan əsas aktivlər isə ABŞ-ın cənubunda - Florida, Kaliforniyada, eyni zamanda, Mayami, Los-Anceles və San-Fransiskodadır. Araşdırmalar, əsasən, bu ərazilərdə gedəcək”.

Ekspert Rusiyanın Britaniyadakı aktivlərinin daha çox olduğunu deyib.

“Son 25 ildə Rusiyadan Britaniyaya təqribən 700 milyard dollara yaxın vəsait daxil olub. İndi bu vəsaitin mənbəyi və kimlərə məxsus olması ciddi araşdırılacaq. Son məlumatlara görə, Britaniyada Putinə yaxın olan bir neçə oliqarxın mənbəyini izah edə bilmədiyi aktivlərə artıq həbs qoyulub. Londonun ən bahalı mərkəzi küçələrindən birində əslən rusiyalı oliqarxlara məxsus 400-ə yaxın əmlakın olduğu üzə çıxıb. Hazırda onlarla bağlı da araşdırmalar gedir. Bu, ABŞ-da da reallaşsa, Rusiyanın bu ölkədəki onmilyardlarla vəsaitinə həbs qoyulacaq. ABŞ-ın dövlət borc kağızlarının alınmasına son zamanlar Putin tərəfindən qadağa qoyulmuşdu. Buna baxmayaraq, öncədən alınmış və onmilyardlarla dollar civarında olan qiymətli kağızlar var. Bu, həm Rusiya Mərkəzi Bankının, həm də Rusiyanın böyük dövlət neft şirkətlərinin aldığı qiymətli kağız və əmlaklardır”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bildirib ki, ABŞ-ın Skripal olayına görə Rusiyanın aktivlərinə həbs qoyması ağılasığmazdır:

“Təsəvvür edin, Rusiyanın “Lukoyl” şirkətinin Hyustonda ofisi yerləşir və onun Meksika körfəzində nəhəng layihəsi var. İndi ABŞ Skripala görə bu layihəni necə dondura bilər?! Məsələ ondadır ki, Rusiyanın bütün dünyada aktivləri var. İstər Rusiya vətəndaşları, istərsə də bu ölkənin hüquqi şəxsləri dünya dövlətləri ilə böyük ticari əlaqələrə malikdir. Rusiya ilə ABŞ arasında ticarət əlaqələrinin dəyəri yüzmilyardlarla dollar dəyərində ölçülür. ABŞ-ın Rusiya aktivlərinə həbs qoyması məsələsinə heç SSRİ dönəmində də rast gəlinməyib. Rusiya kimi bütün dünyada xüsusi missiyaya malik olan bir ölkəyə qarşı belə bir addım qeyri-realdır. Siyasi bəyanatlar verilə bilər, ancaq onun tətbiqi boş məsələdir. Bəziləri Qərbin bununla Rusiyanı parçalaya biləcəyini düşünür. Ancaq Rusiyanın 21-ci əsrdə əsas missiyası heç də ingilis, alman və ya amerikalılarla qarşıdurma olmayıb. Biz I və II Dünya müharibəsində bunun şahidi olmuşuq. Ona görə də Rusiyanı nə 10 il, nə də 50 il sonra heç kim parçalaya bilməyəcək. Rusiyanın dünyada öz missiyası var və bunu da yerinə yetirir”.

Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfiri Con Hantsman Skripal olayı ilə əlaqədar ABŞ-da Rusiya aktivlərinə həbs qoyula biləcəyini açıqlayıb.

Hazırda dünyanın 30-a yaxın ölkəsindən 150-dən çox rus diplomatı çıxarılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26