Interposta.Info

Siyasi azarkeşliyin əndazəsi

Siyasət
 15-04-2017, 18:14     425

Qonşu ölkələrdə gedən siyasi prosesləri bu qədər yaxından, diqqətlə, ürəyimizə sala-sala, tərəf tuta-tuta, hansısa şəkildə ona təsir göstərməyə çalışa-çalışa izləməyimizin ciddi sosial-siyasi, mənəvi-psixoloji səbəbləri var.

Uzun əsrlər müstəmləkədə yaşadığımızdandır ki, vaxtilə metropoliyamız, siyasi mərkəzimiz olan ölkələrdəki siyasi proseslərin axarını diqqətlə izləyirik, hesab edirik ki, bu ölkələrdə dəyişən durum mütləq ciddi şəkildə bizə də təsir göstərəcək.

Məsələn, 25 ildən artıqdır ki, de-fakto Rusiyadan qopmuşuq, müstəqil dövlətik, BMT üzvüyük, amma sövq-təbii olaraq özümüzü hələ də Rusiyanın quberniyası kimi aparırıq. Rusiya burdan əl çəkmir, buna söz yox. Ancaq elə siyasi dairələr və qüvvələr də var ki, könüllü şəkildə Rusiyada fəaliyyət göstərən hansısa siyasi qüvvəyə rəğbət bəsləyir, onun uğur qazanmasını arzulayır və düşünür ki, onların Moskvada siyasi uğur qazanması bunların da Bakıda zəfər qazanmasına rəvac verəcək, səbəb olacaq.

Eyni mənzərəni İranda və Türkiyədə gedən siyasi proseslərdə, xüsusilə də seçkilər dövründə müşahidə etmək olar.

Bu məsələdə bir ayırıcı məqam var. Gendən-genə hansısa siyasi qüvvəyə azarkeşlik etmək başqadır. Əslində xüsusi maraq güdməyən, qonşu ölkələrdə, eləcə də bütün dünyada haqq-ədalətin, demokratiyanın qalib gəlməsini arzulayanlar böyük çoxluğa malikdirlər. Onlar anlayırlar ki, azarkeşlik etdikləri qüvvələrin yaxın-uzaq ölkələrdə seçkiləri udmasının onlara elə bir isti-soyuğu yoxdur.

Məsələn, Venesuelada demokratik müxalifətin Çaves-Maduro güruhuna qalib gəlməsinin bizim ölkəmizə nə təsiri olacaq ki. Amma bu ölkədə məhz demokrtik qüvvələrin qalib gəlməsini istəyənlər var. Daima despotların tərəfində olanlar, onların seçkini uduzmamasını istəyənlər də tapıılr. Burada əsas məsələ konkret siyasi qüvvələrə yox, ideologiya və tendensiyaya azarkeşlik etməkdir.

Despotizm tərəfdarları instinktiv olaraq qorxurlar ki, hansısa ölkədə müstəbidin məğlubiyyəti qlobal tendensiyaya səbəb olar, “yıxılan və bir-birini yıxan domino daşları” effekti yaradar, sonda sıra onlara daha yaxın avtoritar liderlərə çatar.

Demokratiya tərəfdarları isə əksini düşünür, hesab edirlər ki, dünyada despotların sayı nə qədər azalsa, sıraları nə qədər seyrəlsə, bir o qədər yaxşıdır, demokratiyanın despotizm üzərində tam qələbəsi bir o qədər şaxələnər və sürətlənər.

Dünyada gedən siyasi proseslərdə tərəf tutmağımız, ayrı-ayrı siyasi qüvvə və ideologiyalara azarkeşlik etməyimiz bu üzdəndir.

Amma yuxarıda dediyimiz kimi, özlərini qonşuluqdakı böyük dövlətlərdə fəaliyyət göstərən konkret siyasi qüvvənin yerli filialı, təmsilçisi, distrübütoru kimi aparan və ya aparmağa cəhd edənlər başqadır.

Bu, müstəqil dövlətin vətəndaşlarına, xüsusilə də siyasət arenasında olmaq, fəaliyyət göstərmək istəyənlərə yaraşmaz. Bunun çox pis adları var.

Düzdür, söz-sözü gətirəndə belələri də deməyə söz tapır, “biz o dövlətlə öz dövlətimizin arasnda daha isti, sıx münasibətlər qurulmasının tərəfdarıyıq” deyirlər. Amma bu, bir çox hallarda gözə kül üfürməkdən başqa bir şey deyil. Azərbaycana qarşı dost olmayan, vaxtaşırı problemlər yaratmağa çalışan dövlətlərə rəğbət bəsləyənlər bəzən öz rəğbətlərinin dozasını qaçırır, seçim qarşısında qalanda özləri də bilmədən o tərəfdən bəri durduqlarını göstərirlər.

Konkret olaraq, Rusiya və İran xüsusunda belə mütəşəkkil və pərakəndə qüvvələrin olduğunu demək olar.
Bir də var ölkəmizin siyasi fəallarının böyük çoxluğunun rəğbət bəslədiyi qardaş Türkiyə. Bu dövləti qardaş hesab etməyən, daima ona qarşı təbliğat aparanlar da var və onlar İran və Rusiyaya pərəstiş edənlərin kontingentinə daxildir.

Bununla belə, razılaşmaq gərəkdir ki, nə qədər qardaş olsa da, Türkiyə heçi-köçü ayrı qardaşdır, öz daxili işləri, dərdləri, problemləri, yolu, başbilənləri var. Bizim burda otura-otura Türkiyənin daxili işlərinə qarışmaq, ordakı proseslərə təsir göstərmək imkanmız yoxdur, heç türkiyəlilər də buna ehtiyac duymurlar.

Biz olsa-olsa bu qardaş dövlətin uğurunu, xalqın xoş gününü arzulaya-arzulaya, bötüvlükdə ölkəyə və ya daha uğurlu fəaliyyət göstərəcəyini hesab etdiyimiz konkret siyasi qüvvəyə azarkeşlik edə bilərik – “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” futbol klublarına azarkeşlik etdiyimiz kimi./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26