Interposta.Info

Ramiz Mehdiyev AMEA-nı Prezident Administrasiyasına çevirir - Elm, yoxsa siyasət ocağı?

Siyasət
 18-02-2021, 16:29     333

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Siyasi partiyalar və ictimai hərəkatların tarixi şöbəsinin yaradılması müzakirələrə səbəb olub.

HİT.Az xəbər verir ki, sosial şəbəkələrdə bu məsələ AMEA prezidenti Ramiz Mehdiyevin siyasi iddiaları ilə izah edilir.

Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilə qədər Prezident Administrasiyasının (PA) rəhbəri vəzifəsində çalışıb. Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə populyar siyasi fiqur olmasa da, 2003-cü ildən media onu iqtidarın siyasi kursunu müəyyən edən şəxs kimi təqdim edib. Hətta bəzi hallarda ölkənin idarə edilməsində son sözü Ramiz Mehdiyevin dediyi barədə iddialar irəli sürülüb. O həm də şərti olaraq “köhnə qvardiya” adlanan iqtidardaxili qruplaşmanın rəhbərlərindən biri hesab edilir.

Ölkədəki siyasi düzənin eybəcər hala salınması da Ramiz Mehdiyevin aktivinə yazılıb. 2019-cu ildə PA rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Mehdiyev haqqında sərt tənqidi materialların sayı artıb. Hakimiyyətə yaxın icitimai-siyasi fiqurlar da indi onu rahat tənqid edə bilirlər.

Ramiz Mehdiyevin istefaya göndərilməsi islahatlar dalğası zamanı baş verdiyindən onun ölkənin inkişafına əngəl olması barədə qənaət daha da möhkəmlənib.

O, PA-dan AMEA-ya transfer olunsa da, siyasi iddialarından əl çəkmədiyi barədə fikirlər səsləndirilir. Hətta Ramiz Mehdiyevin AMEA-nı siyasi qərargaha çevirdiyini deyənlər də var. Özü də bu tip açıqlamalar adətən hakimiyyət düşərgəsinə yaxın şəxslərin dilindən eşidilir.

Belə bir dönəmdə AMEA-nın Tarix İnstitutunda Siyasi partiyalar və ictimai hərəkatların tarixi şöbəsinin yaradılması təbii olaraq şübhəli qarşılanıb. Mehdiyevin bu addımını AMEA-nı PA-ya döndərmək, elm ocağından yararlanaraq siyasi proseslərə müdaxilə etmək cəhdi kimi qiymətləndirənlər də var. Hələ ki, Mehdiyev bu iddialara cavab verməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26