Güney Azərbaycan aksiyalara niyə qoşulmadı?
Hazırda İranda baş verənlər ölkə daxilində islahatçılarla mühafizəkarlar arasında gedən siyasi mübarizənin təcəssümüdür.
"XeberBiz" xəbər verir ki, bunu Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, İranda baş verən son etiraz aksiyalarında daxili faktorlar da önəmli rol oynayır:
“Fikir verin, bu aksiyalar Məşhəddən başladı. Sonrakı gün isə əsas şəhərlərə, o cümlədən dini mərkəz olan Quma da yayıldı. Etirazların 2017-ci il prezident seçkilərində Ruhaninin əsas rəqibi olmuş Məşhəd İmam Rza ziyarətgahının rəhbəri Rəisi və onun tərəfdarları tərəfindən təşkil edilməsi barədə yayılan xəbərlər nəzərdən qaçmamalıdır. Bu, çox maraqlı və ciddi məqamdır. Ümumiyyətlə, ilk olaraq aksiyaya çağırış edənlərin mühafizəkar qanada yaxınlığı ilə seçilən şəxslər olması çox incə nüansdır. Aksiyalarda ilk günlərdə sırf iqtidara, yəni Həsən Ruhaninin idarəetmə aparatına yönəlik çağırışların səslənməsi də az şey ifadə etmir. Əslində, bütün bunlar onu göstərir ki, aksiyalar İranın daxilində siyasi qüvvələr arasında gedən toqquşmasının nəticəsidir. Təbii ki, burada iqtisadi faktorlar da var. Amma bunlara rəvac verən məqamlar siyasi qütbləşmədə iştirak edən qüvvələrdir”.
Analitik bildirib ki, regionda marağı olan xarici qüvvələr hazırda İranda baş verən proseslərdən yararlanmağa çalışırlar:
“Məsələn, Əhvaz bölgəsində ərəblərin aktiv şəkildə aksiyaya qoşulmasının səbəbi həm də xarici faktorların baş verən proseslərdən yararlanmağa meyilli olmasından irəli gəlir. Bilirsiniz ki, Səudiyyə Ərəbistanı hazırda İranla çox ciddi siyasi münaqişədədir”.
V.Zifəroğlu İrandakı proseslərdə Güney Azərbaycanla bağlı məqamlara da diqqət çəkib:
“Zəncan istisna olmaqla, Güney Azərbaycandan bu aksiyalara ciddi dəstək gəlmədi. Güney Azərbaycandakı soydaşlarımız yaxşı anlayırlar ki, baş verənlər əslində ölkədəki siyasi oyunların təzahürüdür. Ərdəbil, Urmiyə və Təbrizdən fərqlı olaraq, Zəncan hər zaman mühafizəkar baxışları ilə seçilib. Bu şəhər ali dini ruhani sistemə daha çox bağlıdır. Diqqət edin, Zəncanda hökumət tərəfdarlarının da nümayişi keçirildi. İranda baş verən prosesləri birmənalı şəkildə xarici faktorlarla əlaqələndirmək, burda yalnız Amerika, İsrail və ya Səudiyyənin barmağının olduğunu iddia etmək tamamilə yanlış olardı. Sadəcə, bu qüvvələr baş verənlərdən maksimal dərəcədə yararlanmaq niyyətindədirlər və proseslərin daha kəskin hal almasında maraqlıdırlar.
SEPAH komandiri Məhəmməd Cəfərinin aksiyaların qızışdırılmasında Əhmədinejada və onun tərəfdarlarına vurğu etməsi isə onu göstərir ki, İranda baş verən ixtişaşlar ölkə daxilində ali ruhani sistemlə mövcud siyasi iqtidar arasında olan proseslərin təzahürüdür”.
Qeyd edək ki, İranda etiraz aksiyaları 28 dekabrdan başlamışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26