Interposta.Info

ABŞ İranda çevriliş ssenarisini işə saldı: Aksiyaların hədəfi...

Dünya
 30-12-2017, 17:10     10 491

İranda etirazlar, əsasən, Tehran rejimini hədəf alıb və Yaxın Şərq ssenarisinin davamıdır. Etirazlar ilk gündən sosial yönümlü olsa da, şüarlarda azadlıq tələbi də var və birbaşa İranın Ali rəhbərliyi hədəf alınır.

"XeberBiz" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə İranda baş verən son etiraz aksiyalarını şərh edərkən deyib. O bildirib ki, bu aksiyalar xaricdən idarə olunur:

“Məqsəd İranı Yaxın Şərqdə aktiv siyasi-hərbi hərəkətlilikdən daxili problemə çəkmək və rejimin dəyişməsinə nail olmaqdır.

ABŞ Tehran rejimini daxili faktorla laxlatmaq üçün bir neçə ildir çalışır. Daxili iğtişaşlarla ölkəni xaosa sürükləmək və rejimi dəyişmək 21-ci əsrdə geniş tətbiq edilən ən dəhşətli və qanlı savaşın bir parçasıdır. Belə bir plan Liviyadan İraqa qədər bir çox ölkədə sınaqdan keçirilib. Suriyada bir neçə il öncə başlayan və vətəndaş müharibəsinə çevrilən ssenari artıq İranda da tətbiq olunur”.

Politoloq qeyd edib ki, İran hakimiyyəti bu kütləvi nümayişlərin qarşısını siyasi yolla ala bilməsə, ciddi dəyişiklik baş verə bilər.

“İranda siyasi sabitlik Azərbaycan üçün önəmlidir. Qonşu ölkədə xaos və anarxiya, vətəndaş müharibəsi Azərbaycan üçün arzulanan deyil. Çünki, qaçqın axını, humanitar böhran ən əsası 35 milyon soydaşımızın taleyi mütləq şəkildə Azərbaycanı narahat edir.

Göründüyü kimi ABŞ-ın "Yaxın və Ortaq Şərq projesi" qanlı və böyük müharibələrlə müşayiət olunur. İranda bu plan baş tutsa, növbədə Türkiyədir”.

Qeyd edək ki, korrupsiya və işsizliyə görə İranda son günlər böyük aksiyalar başlayıb. İranın 13 şəhərində keçirilən aksiyalarda Ali dini lider Xamenei və Prezident ruhaninin ünvanına ağır ittihamlar səsləndirilir.
Aksiyalarda polislə qarşıdurmalar da yaşanıb və onlarla şəxs təzyiqə məruz qalıb, həmçinin, həbs edilib.
ABŞ, başda Prezident Tramp olmaqla, aksiyalara açıq dəstək nümayiş etdirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26