Interposta.Info

Bakıda unikal laboratoriya qurulur:

Ölkə
 6-05-2017, 10:17     463

Dünyanın ən təhlükəli xəstəliklərinin vaxtında aşkarlanması artıq Azərbaycan üçün problem olmayacaq. Paytaxt Bakıda referens laboratoriya tikilir.

Bunu Xəzər Xəbər-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov deyib. O, həmçinin söküləcək beton evlərin yerində tikiləcək binaların sayını açıqlayıb və "Sovetski"də görülən işlərdən də danışıb.

"Quş qripi", "donuz qripi”, "taun çöpü", "Ebola" və digər bu kimi epidemiyaya çevrilməyə meylli olan xəstəliklərin vaxtında aşkarlanması üçün Bakıda referens laboratoriya tikilir. Nizami rayonunda yerləşən və ərsəyə gəlməsi üçün 90 milyon dollar (təxminən 155 milyon manat) xərclənən laboratoriyaya ABŞ 70 milyon dollara yaxın qrant ayırıb. İngiltərə kimi inkişaf etmiş ölkə də daxil olmaqla, belə mərkəzlərin sayı dünyada 4-dən çox deyil. Strateji əhəmiyyətə malik laboratoriya ilin sonunda istifadəyə veriləcək.

Baş nazirin müavini Abid Şərifov paytaxtdakı beton binaların sökülməsinə də aydınlıq gətirib. O bildirib ki, 1-ci mikrorayonda 9 bina tikiləcək. Daha sonra isə digər mikrorayonlardakı evlər bir-bir söküləcək.

İnvestorlar tərəfindən qəzalı evlərin yenidən tikilməsi praktikası burada da tətbiq olunur. Söküləcək evlərin sakinləri kirayə haqqı ilə təmin olunacaq və yeni binalar tikildikdən sonra onlara orada mənzil veriləcək.

Baş nazirin müavini Abid Şərifov "Sovetski"də aparılan işlərlə bağlı bildirib ki, yenidənqurma işləri plana uyğun şəkildə sürətlə davam edir.

Baş nazirin müavini yeni layihələrlə bağlı Çin və Yaponiya hökuməti ilə danışıqlar aparıldığını da deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26