Interposta.Info

Bu il Azərbaycanda 287 minə yaxın kiberhücum cəhdləri olub

Müxtəlif
 13-11-2017, 19:15     8 425

Bu ilin yanvar-oktyabr aylarında "Kaspersky Lab" həlləri Azərbaycan müəssisələrindəki 5 435 kompüterə zərərli proqram təminatı tərəfindən olan hücumları dəf edib. Ümumi kiberhücum cəhdlərinin sayı isə 286,5 mindən artıq olub.

Bu barədə interposta.info-a "Kaspersky" şirkətindən məlumat verilib. Şirkətin məlumatında deyilir ki, istənilən şirkətdə baş verən kiberinsidentlərin və bununla əlaqədar yaranan məlumat sızıntısının əsas səbəbi insan amilinin mövcudluğu və kompüter təhlükələrinin zamanında aşkarlanması üçün lazımi biliklərin olmamasıdır: “Araşdırma göstərib ki, müəssisələrdə kompüter qəzalarının təxminən yarısı (46%) əməkdaşların diqqətsizliyi ucbatından əmələ gələn məlumat sızıntısına görə baş verib. Bu da insan amilini informasiya təhlükəsizliyi sahəsində baş verən qəzaların ikinci ən geniş yayılmış səbəbinə (ilk yeri zərərli proqram təminatı ilə yoluxma tutur) çevirir”.

Sözügedən araşdırma onu da göstərib ki, şirkətlər kibertəhlükələrdən qorunma sistemində insan amilinin nə qədər əhəmiyyətli olduğunu anlamağa başlayıb. Məsələn, sorğuda iştirak edən təşkilatların 52%-i təhlükəsizlik sistemlərindəki ən böyük boşluğun əməkdaşların diqqətsiz hərəkətləri olduğunu bildirib. Respondentlərin 1/3 hissəsindən çoxu isə (35%) bildirib ki, yaxın müddətdə işçilər üçün kibertəhlükəsizlik sahəsində təlimlər keçirməyi planlaşdırırlar.

Qurumun açıqlamasında deyilir ki, şirkətlərin kibertəhlükələrlə üzləşmə riskini azaltmaq üçün məhz insanların informasiya təhlükəsizliyi sahəsində təlimatlandırılması və kompüter savadlılığının artırılması gərəkdir.

Bu məqsədlə “Kaspersky Lab” şirkəti informasiya təhlükəsizliyi sahəsində korporativ mədəniyyətin yaradılmasına yönəlmiş interaktiv təlimləri özündə birləşdirən “Kaspersky Cybersecurity Awareness” adlı şirkət işçilərinin kibertəhlükələrə qarşı məlumatlılığının artırılmasına yönəlmiş proqram buraxıb. İnternetdə təhlükələrin tanınması üçün biliklərin ötürülməsi işgüzar kompüter oyunları formatında keçirilir və istifadəçilərin gündəlik iş həyatında qarşılaşa biləcəkləri real situasiyalar üzərində qurulur. Proqram işçilərin kateqoriyalarından asılı olaraq müxtəlif yanaşmalara nəzər salır və mütəxəssislərdən başlayaraq top menecmentə qədər olan bütün təşkilati strukturu əhatə edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26