Interposta.Info

Strateji neft ehtiyatlarıyla bağlı qərar neftin qiymətniə necə təsir edəcək?

İqtisadiyyat
 28-12-2021, 20:39     276

"Strateji neft entiyatlarından istifadəyə qərar verən ölkələr bununla neftin qiymətinin 60 dollaradək ucuzlaşmasında maraqlıdırlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban ABŞ və Cənubi Koreyanın ardınca Yaponiyanın da strateji neft ehtiyatlarından istifadə etmək haqqında qərarının prosesdə oynayacağı rola münasibət bildirərkən deyib:

"Onlar heç olmasa neftin qiymətinin 60 dollara enməsini istəyirlər. Yanvarda olacaq ilk hərraclar və sadaladığım ölkələrin ehtiyatlarından nə qədər nefti çıxarmaları barədə real xəbərlərin gəlməsilə başlanan proses sözsüz ki, qiymətlərə təsir edəcək. Məhz həmin vaxt hərraclarda neftin qiymətinin düşməsini müşahidə edə bilərik. Amma bu, ancaq qaza olan tələbatın həmin xəbərləri üstələmədiyi halda baş verəcək”.

Ekspert onu da qeyd edib ki, burada hər hansı bir sensasiya yaradacaq hadisə yoxdur:

"OPEK-in dekabrın 2-də keçirdiyi görüşü ərəfəsində, noyabrın sonlarında ABŞ strateji neft ehtiyatlarından istifadə ilə bağlı qərar verdi. Bu ehtiyatlar 2022-ci ilin yanvar-aprel ayları ərzində anbarlardan çıxarılaraq bazara yönəldiləcək. O zaman elan olundu ki, bu addımı ABŞ-dan başqa, Böyük Britaniya, Hindistan, Çin, Cənubi Koreya və Yaponiya da birgə atacaq. Atılan bu addımın bazara real olaraq təsir gücü olmalıdır. Onun nəticəsidir ki, neftin qiyməti 75 dollar ətrafında cərəyan edirdisə, birinci gün 70 dollara düşdü. Lakin indi bu rəqəm yenidən 75-76 dollar həndəvərindədir. Bu da həmin sözügedən ehtiyatların bazara real olaraq çıxmaması ilə bağlıdır. Digər tərəfdən dekabrda qazın qiyməti oktyabr rekordunu təzələyərək, min kubmetri 2000 dolları keçdi. İndi düzdür, qiyməti iki dəfə aşağı düşüb, ancaq min dollardan bahadır. Ona görə də qazın yüksək olan qiymətində bir qisim alıcılar neft məhsullarına meyilliliyi artırırlar. Bu da neftin qiymətinin düşməməsinə səbəb olur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26