Interposta.Info

Qiymət artımının səbəbləri: Biznesmen məmurlar, yoxsa tələbat?

İqtisadiyyat
 8-02-2021, 19:35     452

Benzinin və dizelin bahalaşmasından sonra suyun da qiyməti ikiqat artdı. İndi isə ərzaq məhsullarında da qiymət artımı müşahidə edilir. Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov da məlumat verərək bildirib ki, ərzaqların bahalaşması ilə bağlı AİB-ə respublikanın hər yerindən gün ərzində 2-3 telefon zəngi gəlir: “Daxil olan zənglərin çoxluğu Bakı və Sumqayıt şəhərlərindən müşahidə olunur. Hazırda Azərbaycanda ərzağın bahalaşması prosesi var və labüddür”.

Bəs ölkədə süni qiymət artımına qarşı necə mübarizə aparmaq olar?

Milli Məclisin deputatı Rüfət Quliyev Bakupost a bildirdi ki, bu proseslərə məmurlar qarışmamalıdır:


“Təklifim odur ki, mövcud olan iki qurum dərindən bununla məşğul olmalıdır. Yəni vergi tərəfdən Antiihisar, keyfiyyətə görə isə qida təhlükəsizliyi məşğul olsun. Hər zaman demişəm ki, nə qədər çox təlimatlar olsa, o qədər də çox ziddiyyətlər olur. Bu heç cür nə istehlakçıya, nə də sahibkara kömək olmur. Dövlət hər cür şərait yaradıb, yaradır da. İnsanlar öz regionlarında, həyətyanı torpaqlarında belə olsa əkin-biçinlə məşğul olsunlar. Bu qiymətlərin stabilləşməsi, hətta müəyyən qədər aşağı düşməsi deməkdir. Mənim fikrimcə, bolluq yaransa artıq rəqabət də artacaq və qiymətlər tənzimlənəcək. Məsələn, Rusiya pomidora qadağa qoyduqdan sonra qiyməti endi. Çünki ölkədə bolluq idi, Rusiyaya göndərə bilmirdilər. İndi yenidən göndərdilər və qiymət artdı. Bu, bunun bariz nümunəsidir. Müəyyən qida məhsullarında, kənd təsərrüfatı məhsullarının satışında monopoliya söhbətləri var. Nə qədər çox məmur bazar iqtisadiyyatına təsir edəcəksə, o qədər də qiymətlər artacaq. Buna nəzarəti gücləndirmək lazımdır. Əgər hansısa məhsulun qiymətində artım varsa, aidiyyəti qurumlara dərhal bildirilməlidir. Artıq sosial şəbəkələr var. Ondan istifadə etmək lazımdır. Əgər hansısa məhsul keyfiyyətsizdirsə, onu sosial şəbəkə vasitəsilə yayıb, boykot etmək lazımdır”.

İqtisadçı-ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərlinin isə hesab edir ki, ölkədəki qiymət artımının sürətlənməsinin ilin əvvəlində dizel və benzinin bahalaşması ilə birbaşa əlaqəsi var:

“Əsasən, dizel yanacağının birdən-birə 34 faiz qiymətinin artması daşımaçılıqda, yəni mal və xidmətlərin maya dəyərinin artmasına ciddi təsir göstərib. Obyektiv səbəb əslində budur. Daha bir səbəb isə dünyada da ərzaq məhsullarının indeksində ciddi bahalaşmanın olmasıdır. Keçən ilin eyni dövrünə görə, ümumi ərzaq indeksi dünyada təqribən 8-10 faiz bahalaşıb. Biz də ərzaq məhsullarına görə idxaldan, bir çox sahələrdən asılıyıq. Ona görə də dünya bazarlarında qiymət dəyişməsi Azərbaycana da təsirsiz ötüşmür. Subyektiv səbəblər arasında rəqabətli mühitin zəif olmasını göstərmək olar. Pərakəndə satışda rəqabətlilik var. Çoxlu sayda market, dükan və s. var. Amma pərakəndə satışda seçim bolluğu olmasına baxmayaraq topdan satış bazarında hələ də inhisarçılıq meyilləri mövcuddur. Ölkəyə mal gətirən, dominant rol oynayan çox az sayda şirkətlər var. Onlar da qiymətin bazar iqtisadiyyatı qanunlarına uyğun tənzimlənməsində maneə yaradan əsas faktordur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26