Interposta.Info

“Bu Azərbaycan höküməti üçün bir şansdır” -

İqtisadiyyat
 11-03-2017, 12:49     493

“Bu Azərbaycan höküməti üçün bir şansdır” -

Natiq Cəfərli: “Əgər Azərbaycan bidəfəlik həmin təşkilatdan azad olunarsa, kredit danışıqlarında çox böyük problemlər yaşanacaq”

“Azərbaycan höküməti qanunlarda dəyişikliklər edərək bu təşkilatda qalmalıdır ki, ermənilərin gələcəkdə həmin təşkilat çərçivəsində etmək istədiyi təxribatların qarşısını ala bilsin”.

Bu sözləri Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) fəaliyyətinin dondurulmasına münasibət bildirən Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısı keçirilib. Toplantıda Azərbaycanla bağlı müzakirəyə yekun vurulub və Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) fəaliyyəti dayandırılıb. MSŞT üzrə beynəlxalq İdarə Heyəti bəyan edib ki, Azərbaycan höküməti İdarə Heyətinin 35-ci iclasında qəbul edilən islahedici tədbirlər planını tam yerinə yetirməyib. Eyni zamanda Kolumbiyada keçirlən toplantıda Ermənistan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə(MSŞT) üzv qəbul edilib. Bu qərarın Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq və hansı fəsadlar meydana gələ bilər?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Ümid edirəm ki, Azərbaycan höküməti verilmiş qərardan düzgün nəticə çıxaracaq və qarşımızda duran bir neçə ay ərzində QHT qanunvericiliyində normal dəyişikliklər olacaq”.

MSŞT-nin verdiyi qərardan düzgün istifadə edilərsə, bunun Azərbaycan hökümətinin xeyrinə olacağını vurğulayan iqtisadçı ekspert Natiq Cəfərliyə görə, Azərbaycan höküməti iyun ayına qədər verilmiş şansdan səmərəli istifadə edə bilər:

“Əslində MSŞT-də iştirak etmək Azərbaycanın öz maraqlarına uyğun idi. Bu təşəbbüsün yaradılmasının əsas məqsədi faydalı qazıntıları çox olan ölkələrdə həmin faydalı qazıntılardan istifadənin toplum nəzarəti altında həyata keçirilməsindən ibarətdir. Son illərdə Azərbaycanda QHT-lərlə bağlı ciddi problemlər olduğunun və qanunvericilikdə çox dəyişikliklər edilməsinin şahidi olduq. Ölkədə QHT-lərin fəaliyyəti üçün kifayət qədər pis şərait var. Eyni zamanda QHT-lərlə bağlı onlarla cinayət işi açıldı. Nəticədə Azərbaycanın MSŞT-də fəaliyyəti iyun ayına qədər donduruldu. İyun ayında sonuncu qərar veriləcək və bu Azərbaycan höküməti üçün bir şansdır ki, həmin müddət ərzində qarşıda duran problemləri həll etsin.
Əslində bu problemləri həll etmək Azərbaycana daha çox lazımdır. Hər bir ölkədə sivil toplum hökümətin yardımçısıdır. Yəni, sivil toplum problemləri təsbit edir və onunla bağlı təkliflər hazırlayır. Azərbaycan höküməti QHT-lərə qarşı mövqeyini bidəfəlik sonlandırmalı və normal əməkdaşlıq şəraiti qurmalıdr. QHT-lərlə hökümət arasında işgüzar münasibət yaranmalıdır. Çünki dünyada da bu qəbul edilmiş praktikadır ki, QHT-lər hökümətin görmədiyi, görə bilmədiyi problemləri təsbit edir, onların həlli yollarını pulsuz audit şəklində hökümətə təqdim edir.

Ümid edirəm ki, Azərbaycan höküməti verilmiş qərardan düzgün nəticə çıxaracaq və qarşımızda duran bir neçə ay ərzində QHT qanunvericiliyində normal dəyişikliklər olacaq. QHT-lərin fəaliyyəti ilə bağlı bütün problemlər həllini tapacaq və normal işləməsi üçün şərait yaradılacaq. Eyni zamanda siyasi təqiblər və siyasi məhbuslarla bağlı problemlər öz həllini tapacaq. Bu, hamımız üçün çox vacibdir. O cümlədən, Azərbaycan hökümətinin özü üçün də vacib addım olacaq. Güman edək ki, qərar bu yöndə inkişafa şərait yaradacaq. Əgər biz MSŞT-də işimizi davam etdirə bilsək, bu amil Azərbaycanın reytinqinə müsbət təsir edə bilər. Çünki Azərbaycan höküməti kifayət qədər böyük həcmli kredit danışıqları aparır və Azərbaycanın MSŞT-də iştirakı kredit danışıqlarında əlavə üstünlüklər gətirir. Əgər Azərbaycan bidəfəlik həmin təşkilatdan azad olunarsa, kredit danışıqlarında çox böyük problemlər yaşanacaq. Azərbaycan başqa maliyyə institutlarından borc alsa, bu, çox yüksək faizlərlə başa gələcək”.

Natiq Cəfərli: “Bizim o təşkilatda qalmaq üçün əlavə stimulumuz odur ki, Ermənistan təşkilatda qalırsa, Azərbaycan da qalmalıdır”.

Ermənistanın MSŞT-yə üzv olmasına da münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, ermənilərin gələcəkdə bizə qarşı törədə biləcəkləri təxribatların qarşısını almaq üçün Azərbaycanın bu təşkilatda qalması vacibdir:

“Ermənistan bir neçə il idi ki, MSŞT-yə üzv olmaq üçün müraciət etmişdi. Ermənistanda da müəyyən monitorinqlər aparılmışdı və təbii ki, QHT-lərin fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil. Ermənistanda müxalifət və QHT-lərin fəaliyyəti ilə bağlı problemlər var. İndi Ermənistan üçün də sınaq dövrü olacaq. Bizim o təşkilatda qalmaq üçün əlavə stimulumuz odur ki, Ermənistan təşkilatda qalırsa, Azərbaycan da qalmalıdır. Bu, gələcəkdə erməni təxribatlarının qarşısını almaq üçün lazımlıdır. Çünki işğal olunmuş ərazilərimizdə ermənilər faydalı qazıntıların çıxarılması işi ilə də məşğuldurlar. Onun leqallaşdırılmasına və ermənilər tərəfindən təqdimatına imkan vermək olmaz. Ermənilərin hər platformada işğalçı olduğunu, Azərbaycan resurslarından qeyri-qanuni istifadə etməsini sübut etmək lazımdır. Azərbaycan höküməti qanunlarda dəyişikliklər edərək bu təşkilatda qalmalıdır ki, ermənilərin gələcəkdə həmin təşkilat çərçivəsində etmək istədiyi təxribatların qarşısını ala bilsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26