Interposta.Info

Azərbaycanın MSŞT-dən

İqtisadiyyat
 14-03-2017, 08:38     552

Mirvari Qəhrəmanlı: "EİTİ prinsiplərindən anlayışı olmayan insanlar çalışdılar ki, Azərbaycan bu təşəbbüsdə qalmasın”


Məlum olduğu kimi, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Beynəlxalq İdarə Heyətinin martın 7-8-də Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında Azərbaycanın bu beynəlxalq koalisiyada fəaliyyəti (statusu) dayandırılıb.


Bundan sonra Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bəyanat yayaraq Azərbaycanın MSŞT-ni rəsmi şəkildə tərk etdiyini bildirib. Bunun ardından Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri arasında gedən mübahisə daha da güclənib. Yalnız birmənalı fikir ondan ibarətdir ki, Azərbaycanın bu təşəbbüsdən çıxması ölkə üçün heç də müsbət hadisə deyil. 
Bu hadisəyə münasibət bildirən "Financal Times" qəzeti də yazır ki, Azərbaycan hökumətinin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü (MSŞT) tərk etməsi Avropaya istiqamətlənəcək multi-milyard dollarlıq qaz layihəsi üçün tələb olunan krediti sual altına qoyub.


Qəzet iddia edir ki, Xəzər dənizində yerləşən qaz yataqlarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya birləşdirilməsi üçün 46 milyard dollar həcmində layihəyə Azərbaycanın töhfəsi risklə üzləşir: "Bakının təşkilatdan çıxması bu layihənin maliyyə sponsorlarını ticari sövdələşmə ilə şəffaflıq və yaxşı idarəçilik arasında seçim qarşısında qoyacaq”.

 


"Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Azərbaycanın bu təşəbbüsdən çıxarılması prosesinin məqsədyönlü şəkildə aparıldığını bildirdi: "Mən bir neçə gündür ki, özümə gələ bilmirəm. Azərbaycanın mütləq dərəcədə həmin qurumda qalmasını və oradakı fəaliyyətinin bərpa olunmasını istəyən QHT-lərə nə cür təhqirlər yağdırıldığını siz də gördünüz. Təşkilatın məhz şirkətlərin şəffaflığı, onların reytinqi ilə bağlı udduğumuz qrantı da rüşvət adlandırdılar. Hansı ki, bu qrantdan 5 nəfər ekspert maaş alıb, mədən sənayesində çalışan şirkətlərdə şəffaflıq və hesabatlılıqla əlaqədar qiymətləndirmə hazırlamalı idilər. Mənim ailəmə, qızıma qarşı da xoşagəlməz sözlər yazıldı, ismarış qutuma hədələr gəlməyə başladı. EİTİ nədir? EİTİ siyasətdən uzaq, hasilat sənayesində şəffaflıqla əlaqədar 12 prinsip və standartları olan təşəbbüsdür, beynəlxalq qurum deyil. Təşəbbüsə Azərbaycan ilkin olaraq qoşulub və o zaman güclü koalisiya yarandı. Koalisiya Şurası da mütəxəssislərdən ibarət oldu. Koalisiya Şurası 7 nəfərdən ibarət idi, onlar İnqilab Əhmədov, Sabit Bağırov, Azər Mehtiyev və digərləri idi. Biz prinsiplərə uyğun olaraq işləyirdik. Azərbaycanda 2014-cü ildə bütün QHT-lərə, o cümlədən bu koalisiyanın üzvü olan QHT-lərə vergi cərimələri oldu, hesablar bağlandı. Məhz bu təşəbbüs üzrə beynəlxalq idarə heyətinin prezidenti 2015-ci ildə prezidentlə görüşdü və prezident öz üzərinə müəyyən öhdəliklər götürdü. Bu öhdəliklərin bir qismi yerinə yetirildi, təşkilatların sərhəddə yoxlanılması dayandırıldı, hesablar açıldı, layihələrə start verildi. Amma vətəndaş cəmiyyəti ilə bağlı problemlər tam həllini tapmadı. QHT-lərə lazım idi ki, Azərbaycan o təşəbbüsdə qalsın və QHT-lərlə bağlı problemlər bu qurum vasitəsilə həllini tapsın. O məqsədlə biz toplaşdıq, Beynəlxalq Koalisiyaya müraciət etdik. Onlara göstərdik ki, müəyyən işlər görülüb. Məqsəd o idi ki, Azərbaycan təşəbbüsdə qalsın, sonradan onun vasitəsilə təzyiqlərimizi davam etdirək. 2016-cı ilin aprel ayında Koalisiyada ümumi yığıncaq keçirildi və Koalisiya Şurası siyasi partiyaların nəzarətinə keçdi. Bir il ərzində Koalisiya bu sahə üzrə iş aparmadı. Ancaq siyasi məhbuslara azadlıq məsələsini önə çəkdilər. Xüsusən də AXCP yetkililəri tərəfindən hücumlar başladı. EİTİ prinsiplərindən anlayışı olmayan insanlar çalışdılar ki, Azərbaycan bu təşəbbüsdə qalmasın. Proses məqsədyönlü getdi. Azərbaycanın MSŞT-dən çıxmasını istəyən qruplar buna nail oldu”.

Image result for natiq Cəfərli


İqtisadçı ekspert Natiq Cəfərli isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın MSŞT-dən çıxması ilə ölkənin kredit reytinqi və investisiya reytinqi aşağı düşəcək: "Nəticədə kredit danışıqlarında çətinliklər olacaq. Hətta kredit versələr belə, faizləri yüksələcək, ölkə yatım üçün cəlbedici olmayacaq. Bu hallar da ölkə iqtisadiyyatına qısa, orta və uzun zamanda ciddi ziyanlar vuracaq. Çünki həm Açıq Hökumət Tərəfdaşlığı, həm MSŞT-də üzvlük Azərbaycanın reytinqinə müsbət təsir göstərirdi. Lakin bu, o demək deyil ki, Azərbaycana xarici kreditlərin verilməsinə tamamilə qadağa qoyulacaq, yaxud da hər hansı formada dayandırılacaq. Ola bilər ki, sadəcə, kredit danışıqları prosesi çətinləşsin. Ölkə olaraq reytinqimiz aşağı düşdükcə, Azərbaycanın götürdüyü kreditlərin faiz dərəcələri artır. Yəni daha yüksək faizlə borclanmağa məcbur ola bilərik. Azərbaycanın MSŞT üzvlüyündən çıxması hökumət və vətəndaş cəmiyyəti üçün heç də yaxşı hal deyil. Gələcəkdə vətəndaş cəmiyyətinin inkişafı və ölkənin kredit reytinqi üçün mənfi məsələlər olacaq. Ona görə də hökumət belə tələsik addım atmamalı, verilən təkliflərə uyğun olaraq müəyyən islahatlar aparmalıdır. Çünki bu, ölkəmizə daha çox lazımdır. Ümid edək ki, emosiyalarla yox, ölkənin gələcəyi üçün düşünülmüş addımlar atılacaq. Azərbaycan hökuməti gələcəkdə MSŞT ilə yenidən əlaqələrin bərpa olunması üçün müəyyən addımlar atacaq”.


Kolumbiyanın paytaxtı Boqotada keçirilən toplantıda iştirak edən Qubad İbadoğlu isə hökumətin verdiyi qərarı təkbaşına qəbul etməsindən narazılığını ifadə edib: "Azərbaycanın MSŞT-dən çıxmaq qərarını tələsik və emosional qərar hesab edirəm. Azərbaycan hökuməti hətta belə bir qərar vermək məcburiyyətində qalsa belə, onu təkbaşına qəbul etməli deyildi. Çünki MSŞT üç tərəfli proses olduğundan hökumətin bu təklifi MSŞT üzrə Çoxtərəfli Qrupda müzakirə olunmalı və bu prosesdə iştirak edən digər iştirakçıların da fikri nəzərə alınmalı idi. Azərbaycan hökumətinin bu qərarı təkbaşına verməsini tərəflərə - o sıradan da mədən sənayesi şirkətlərinə və yerli vətəndaş cəmiyyətinə sayğısızlıq kimi qiymətləndirirəm. Azərbaycan hökuməti problemləri həll etməyə deyil, oradan uzaqlaşmağa qərar verib. Bildirirəm ki, bundan bütün tərəflər, beynəlxalq MSŞT, yerli vətəndaş cəmiyyəti, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici mədən sənayesi şirkətləri, eləcə də Azərbaycan hakimiyyəti itirəcək. Bu qərardan demək olar ki, qazanan tərəf olmayacaq. Ən çox itkilərə kimin məruz qalması bundan sonra gedən proseslərdən və Azərbaycanın MSŞT üzrə Hökumət Komissiyasının atacağı növbəti addımlardan asılı olacaq”./musavat.com

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26