Interposta.Info

Prezidentin hasilat sənayesində şəffaflığın artırılmasında yeni modeli -

İqtisadiyyat
 7-04-2017, 11:14     554

Əliməmməd Nuriyev: “Ölkə başçısı Azərbaycanın mədən sənayesində şəffaflıq prinsiplərinə sadiqliyini nümayiş etdirdi”; Qubad İbadoğlu: “Ola bilər ki, prezidentin son fərmanı MSŞT-yə yenidən qayıtmağa hesablanıb”

Prezident İlham Əliyev aprelin 5-də “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Sənəddə deyilir ki, fərmanın imzalanmasında məqsəd hasilat sənayesində beynəlxalq şəffaflıq və hesabatlılıq prinsiplərinə Azərbaycanın sadiqliyini bir daha vurğulamaq, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin vətəndaşların rifahı üçün idarə edilməsinin davam etdirilməsidir.

“Azərbaycan bu və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyir və beynəlxalq standartların tətbiqini davam etdirmək əzmindədir”, sənəddə deyilir. Sənəddə vurğulanır ki, təbii ehtiyatlardan əldə olunan gəlirlərin idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir.

Fərman hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılmasını nəzərdə tutur. Yeni yaradılacaq komissiyaya Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov sədrlik edəcək.

Komissiyaya Azərbaycanda hasilat sənayesi ilə bağlı beynəlxalq prinsiplərə riayət olunmasına nəzarət etmək tapşırılıb. Xatırladaq ki, 2017-ci il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumdakı fəaliyyəti dayandırılıb. EİTİ-dəki fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan qurumdan çıxdığını bəyan edib.

Bəs prezidentin imzaladığı fərman bu sahədə hansı müsbət nəticələrə səbəb olacaq? Bu, Azərbaycanın yenidən EİTİ təşkilatının üzvlüyünə qayıtmaq cəhdləri kimi qiymətləndirilə bilərmi?

MSŞA Koalisiyası Şurasının üzvü Əliməmməd Nuriyev bu fərmanın Azərbaycanın yenidən MSŞT üzvlüyünə qəbul olunması məqsədilə verilmədiyini bildirdi: “MSŞT Beynəlxalq İdarə Heyəti Azərbaycanla bağlı yanlış və tələsik qərar qəbul etdi. Bu, siyasi təzyiqlər vasitəsilə qəbul edilən bir qərar idi. O baxımdan, onlar fəaliyyətimizi dayandırmaq haqqında qərar verdikdən sonra Azərbaycan Təşəbbüs Qrupundan çıxdığını bəyan etdi. Bəzi QHT-lər də vətəndaş cəmiyyətinə zərbə vuraraq Azərbaycanın bu təşəbbüsdə fəaliyyətini dayandırması ilə bağlı məsələlərdə birbaşa iştirak etdilər”.

Ə.Nuriyev bildirdi ki, imzalanan fərmanı yüksək qiymətləndirir: “Bununla ölkə başçısı Azərbaycanın mədən sənayesində şəffaflıq prosesinə sadiqliyini nümayiş etdirdi. Azərbaycan hər hansı bir təşəbbüsdə olmasından asılı olmayaraq bütövlükdə şəffaflıq və hesabatlılığın onun üçün prioritet olduğunu bir daha bəyan etdi. Bu prinsiplərə sadiqliyini göstərdi. O da qeyd olundu ki, Azərbaycan öz modelini təqdim edir, Azərbaycanın bu istiqamətdə siyasi iradəsi var. Təsadüfi deyil ki, fərmanda komissiyanın yaradılması və tərkibinin yüksək vəzifəli şəxslərdən təşkil olunması da bu məsələdə Azərbaycanın nə dərəcədə ardıcıl olduğunu nümayiş etdirib. Çünki birbaşa qərar qəbul edən şəxslər bu komissiyaya daxil edilib. Digər tərəfdən, bu fərmanda göstərilir ki, mədən sənayesində şəffaflıq təşəbbüsünün artırılması ilə bağlı bütün hesabatların hazırlanması və təqdim olunması prosesinin bütün mərhələlərində vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq transmilli şirkətlər və yerli şirkətlərin iştirakı çox vacibdir”.

QHT sədrinin fikrincə, bu fərmana müstəqil auditin seçilməsi ilə bağlı müddəanın daxil edilməsi həm də onu göstərir ki, mədən sənayesindən əldə edilən gəlirlərin ictimaiyyətə təqdim edilməsi və hökumətin bu prosesində müstəqil auditin iştirakı çox vacibdir: “Bu da MSŞT standartının tələblərindən biridir. Hökumət bu mənada Azərbaycan cəmiyyəti qarşısında hesabatlı olmalıdır. Hesab edirəm ki, bu yeni bir modeldir. Bu, mədən sənayesində şəffaflıq hesabatının artırılması, əldə edilən gəlirlərin açıqlanması ilə bağlı həm də hökumətin siyasi iradəsinin təbliğidir. Cənab prezident tərəfindən bu fərmanın imzalanması həm də onu göstərdi ki, siyasi təzyiq vasitəsi kimi müxtəlif maraq qruplarından istifadə də yolverilməzdir. Bu, tam şəkildə siyasi təzyiqlərdən azad olan bir proses olmalıdır. Burada vətəndaş cəmiyyəti üzvlərinin maraqları ifadə olunmalıdır. Onlar hansısa qurumların əlində alətə çevrilməməlidir”.

Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri (HSŞT) Beynəlxalq İdarə Heyətinin üzvü, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, bu fərman MSŞT-dən çıxmağa dair yanlış qərarın korrektəsinə yönəlib: “Bu fərmanla Azərbaycan MSŞT üzrə öhdəliklərin bir qisminin yerinə yetirilməsi öhdəliyi yaradıb və onu yeni yaradılmış hökumət komissiyasının üzərinə qoyub. Eyni zamanda komissiyaya tapşırılıb ki, hasilat sənayesində şəffaflığın təmin edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlasın. Fərmandan məlum olur ki, Azərbaycan dövləti hasilat sənayesindən əldə olunan gəlirlərin idarə olunması ilə bağlı vətəndaşlar qarşısında hesabat açıqlayacaq, şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənayesində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilatlar, maliyyə qurumları, investorlar və qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün maraqlı tərəflərin iştirakını təmin edəcək”.

Q.İbadoğlunun sözlərinə görə, bu fərman da göstərdi ki, Azərbaycan hökumətinin martın 10-da yaydığı təşəbbüsü tərk etmək haqqında bəyanatı tələsik, emosional və reallığı nəzərə almayan mövqenin nümayiş etdirilməsinin nəticəsi olub: “Düşünürəm ki, son fərman bu yanlış mövqenin korrektəsinə yönəlib. Çünki bu təşəbbüs yalnız hökumətə məxsus deyil, orda bərabər səviyyədə mədən sənayesi şirkətləri və vətəndaş cəmiyyətinin iştirakı nəzərdə tutulur. Azərbaycan hökumətinin isə tərəfdaşları ilə məsləhətləşmədən verdiyi qərarın narazılıq yaradacağı əvvəlcədən də gözlənilirdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan mədən sənayesində ”BP", “Total”, “Statoil” kimi dünyanın aparıcı transmilli şirkətləri ilə fəaliyyətini davam etdirmək məcburiyyətindədir. Qlobal səviyyədə şəffaflığın və hesabatlılığın əsas “qaranquşları” olan bu şirkətlərin Azərbaycanda da mövqeləri nəzərə alınmalı idi.

Digər tərəfdən də, fərman hələ ki göstərir ki, Azərbaycan yalnız MSŞT hesabatlarına fokuslaşmaq istəyir. Belə olan halda MSŞT-nin tətbiqinə dair proqram hesabatının, kontraktların və lisenziyaların, xammal ticarəti ilə bağlı məlumatların açıqlanması, eləcə də, ən vacibi, mülkiyyət sahiblərinin açıqlanmasına dair yol xəritəsinin icrası ilə bağlı götürülmüş öhdəliklərin taleyinin necə olacağı da sual doğurur.

Digər tərəfdən də, prezident fərmanında nəzərdə tutulur ki, hökumət komissiyası hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlıq etməlidir. Burda da maraq doğuran məqam əməkdaşlığa hansı mövqedə olan qeyri-hökumət təşkilatları və müstəqil ekspertlərin cəlb edilməsidir. Azərbaycan MSŞT üzrə beynəlxalq təşəbbüsdən çıxsa da hökumətin şəffaflıq və hesabatlığa sadiqliyini nümayiş etdirməsi istənilən halda təqdir olunmalıdır. Azərbaycanın beynəlxalq səviyyədə “Mədən sənayesində şəffaflıq təşəbbüsünə” qayıtmaqdan başqa alternativi yoxdur. Ola bilər ki, prezidentin son fərmanı MSŞT-yə yenidən qayıtmağa hesablanıb".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26