Şirvan sakinindən ciddi iddia: “Kür çayına kanalizasiya və heyvan içalatı axıdılır” (VİDEO)
Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birinin fəaliyyəti ilə bağlı ciddi iddialar irəli sürülüb. Şəhər sakini tərəfindən səsləndirilən ittihamlara qarşı tərəf olan sahibkar da münasibət bildirib.
Goldmedia.az verilən xəbərə görə, Şirvan şəhərində ekoloji vəziyyət və ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı ciddi narazılıq yaranıb. Şəhər sakini Məlikov Rahil Sahil oğlu ərazidə fəaliyyət göstərən iaşə obyektlərindən birinin Kür çayını çirkləndirdiyini iddia edir.
Şikayətçi Rahil Məlikovun iddiasına görə, Şirvan şəhəri ərazisində fəaliyyət göstərən “Sahil” restoranından çıxan kanalizasiya suları və heyvan içalatı birbaşa Kür çayına axıdılır. Sakin qeyd edir ki, bu hal həm ekoloji mühitə, həm də ətrafda yaşayan insanların sağlamlığına ciddi təhlükə yaradır. O, aidiyyəti dövlət qurumlarına müraciət edərək, sözügedən anbarda və iaşə obyektində təcili yoxlamaların aparılmasını, mövcud vəziyyətin nəzarətə götürülməsini xahiş edir.
Məsələyə aydınlıq gətirmək və qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə sözügedən obyektin rəhbəri Rəsul adlı sahibkarla əlaqə saxlanılıb. Sahibkar irəli sürülən bütün ittihamları qətiyyətlə rədd etdi:
"Obyektimiz haqqında səsləndirilən iddialar tamamilə yanlışdır və heç bir real həqiqəti əks etdirmir. Restoranın fəaliyyəti tam qanunidir, bütün hüquqi sənədlərimiz öz qaydasındadır və işimiz müvafiq normativlərin tələblərinə uyğun təşkil olunub."
Tərəflərin qarşılıqlı bəyanatları və hadisə yerindən daha ətraflı görüntülər reportajda əks olunub.
Goldmedia.az qrupu şikayətçini təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





