Interposta.Info

26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü: dövlətin qürur, güc və qələbə simvoludur 

Siyasət / Manşet
 Bu gün, 00:35     5 029

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətçiliyimizin və milli birliyimizin əlamətdar günüdür. Bu gün eyni zamanda, ordumuzun keçdiyi şərəfli inkişaf yolunun və Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin rəmzidir.
Azərbaycan Ordusunun təməli Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. 1969-cu ildə onun rəhbərliyi ilə ölkədə hərbi kadr hazırlığına başlanılmış, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmış, gənclərin hərbi təhsilə marağı və zabit heyətinin formalaşdırılması təmin olunmuşdur. Bu strategiyanın davamı kimi, Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix-iyun ayının 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Peşəkar milli ordunun yaradılmasına ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sen¬tyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilib. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilib.
Azərbaycan müstəqilliyinin ilk illərində ordu quruculuğunda ciddi problemlərlə üzləşsə də, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə dönüş nöqtəsi oldu. Qanunsuz silahlı dəstələr ləğv edildi, nizami ordu formalaşdırıldı və vahid komandanlıq altında hərbi sistem bərpa olundu. 1994-cü ildə atəşkəs əldə olunduqdan sonra maddi-texniki baza möhkəmləndirildi, döyüş ruhu yüksəldildi, NATO ilə əməkdaşlıq çərçivəsində ordu beynəlxalq standartlara uyğunlaşdırıldı.
Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə silahlı qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilib. Ali Baş Komandan ordu siyasətini daha da inkişaf etdirərək, Silahlı Qüvvələrin modernləşdirilməsini, hərbi sənayenin qurulmasını, hərbçilərin sosial rifahını və yüksək döyüş qabiliyyətini daim ön planda saxlayır. Belə ki, bu siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində tarix yazdı. Beş şəhər, dörd qəsəbə və üç yüzdən çox kənd işğaldan azad olundu, Ermənistan kapitulyasiyaya məcbur edildi. 2023-cü il sentyabr ayının 19-da isə lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.
Ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlar çərçivəsində Komando Hərbi Hissələri yaradıldı, Milli Müdafiə Universiteti təsis olundu, ali hərbi təhsilin strukturu Türkiyə modeli üzrə yenidən quruldu. Gənclərin hərbi təhsilə marağının artırılması məqsədilə təqaüdlər, güzəştli ipoteka imkanları və sosial dəstək mexanizmləri tətbiq olundu.
Azərbaycanın hərbi-siyasi strateji tərəfdaşlıqları da uğurla inkişaf edir. Xüsusilə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində ordu modellərinin uyğunlaşdırılması, birgə təlimlər, texnologiya mübadiləsi və müdafiə sənayesində əməkdaşlıq gücləndirilmişdir. Eyni zamanda İsrail, Pakistan, ABŞ, Gürcüstan və digər dövlətlərlə də hərbi əməkdaşlıq davam etdirilir.
Qələbəni əbədiləşdirmək məqsədilə orden və medallar təsis edilmiş, Zəfər Paradı keçirilmiş, işğaldan azad olunmuş şəhərlərdə Zəfər Muzeyləri inşa edilməkdədir. Ordunun inkişafı üçün ayrılan büdcə hər il artır, hərbi sənaye kompleksi genişlənir, komando briqadaları peşəkar kadrlarla komplektləşdirilir.
Bu gün Azərbaycan Ordusu yaradılmasının ildönümünü böyük qürur hissi ilə qeyd edir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Ordumuz bizim qürurumuzdur. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.”
Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcək. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”

Millət vəkili Rövşən Muradov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26