Interposta.Info

Natiq Cəfərlinin cinayət işinə xitam verildi - Vəkildən açıqlama

Ölkə
 30-08-2017, 11:19     10 445

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başlanan cinayət işinə xitam verilib

Arqument.Az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat yayıb.

Vəkil bildirib ki, bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb.

Orada N. Cəfərli barəsində başlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam olunmasına dair qərar elan edilib.

Vəkil qeyd edib ki, axtarış zamanı götürülmüş əmlaklar, şəxsiyyət vəsiqəsi və digər sənədləri özünə qaytarılıb. Eyni zamanda ölkədən çıxma məhdudiyyətinin götürüləcəyi bildirilib.

N. Cəfərli ötən il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilib.

Həmin il sentyabrın 9-da isə N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26