Interposta.Info

“Qarabağ”ın təcrübəsiz, amma təhlükəli rəqibi: “Rakuv” necə oynayır? - TƏHLİL

İdman
 21-07-2023, 12:51     349

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq.

Oxu.Az xatırladır ki, Çenstoxova təmsilçisinin əsası 1921-ci ildə qoyulub. Komanda oyunlarını Rakuv şəhər bələdiyyəsinin stadionunda keçirir. Arenanın azarkeş tutumu 5 500 nəfərdir.

“Rakuv”un 102 illik tarixi uğurlarla zəngin deyil. Komanda hətta əsrin əvvəllərində Polşada ən aşağı liqaya qədər yuvarlanıb. 2016-cı ildə Çenstoxova klubu I Liqaya yüksəlib. Komandanın baş məşqçi postuna Marek Papşunun gətirilməsi uğurların başlanğıcı olub.

2018/19 mövsümündə I Liqanın qalibi olan “Rakuv” 21 il sonra Ekstraklassa yüksəlib. Yüksək liqada ikinci mövsümündə gümüş medalları qazanan “medalyonlar” ölkə kubokunu və Superkuboku qazanıblar. Növbəti mövsüm eyni uğur təkrarlanıb. Ötən mövsüm isə “Rakuv” tarixində ilk dəfə Polşa çempionu olub.

“Rakuv” keçən mövsüm 34 oyunda 75 xal toplayaraq bütün rəqiblərini üstələyib. Komanda ən yaxın izləyicisi “Legiya”nı doqquz xal qabaqlayıb. 63 qol vuran kollektiv 24 top buraxıb. Hər iki göstəricidə “Rakuv” Polşanın ən yaxşısı olub.

Ölkədaxili uğurları az olan kollektiv avrokuboklarda da ciddi nəticə əldə edə bilməyib. “Rakuv” heç vaxt qitəmiqyaslı yarışlarda qrup mərhələsində oynamayıb.

Avropada debüt 2021/22 mövsümündə reallaşıb. Konfrans Liqasında pley-offa qədər irəliləyən “Rakuv” Belçika “Gent”i ilə mübarizədə məğlub olub. Növbəti mövsüm yenidən Konfrans Liqasında çıxış edən “medalyonlar” bu dəfə pley-offda Çexiya “Slaviya”sından zəif olublar.

“Rakuv” bu mövsüm ilk dəfə Çempionlar Liqasında yarışır. I təsnifat mərhələsində Estoniya “Flora”sı ilə üz-üzə gələn komanda evdə 1:0, səfərdə 3:0 üstün olaraq mərhələ adlayıb.

“Rakuv”u çempion edən Marek Papşun hazırda komandanın sükanı arxasında deyil. O, mövsümün sonunda postunu tərk edib. Komandanın hazırkı baş məşqçisi David Şvarqadır. Ancaq 32 yaşlı mütəxəssis daha əvvəl məhz Papşunun köməkçisi olub.

Komandanı təkcə baş məşqçi tərk etməyib. “Rakuv”un əsas qol silahlarından olan Vladislav Qutkovskis də hazırda heyətdə deyil. Lakin ötən mövsüm səkkiz qol vuran mərkəz hücumçusu heç də komandanın bombardiri olmayıb. Bartoş Novak və İvi Lopes müvafiq olaraq on və doqquz dəfə fərqlənməklə ən məhsuldar oyunçular olublar.

“Transfermarkt” portalına görə, “Rakuv”un ümumi dəyəri 38,38 milyon avrodur. Müqayisə üçün qeyd edək ki, bu, “Qarabağ”dan (13,60 milyon avro) təxminən 25 milyon avro çoxdur.

“Rakuv”un ən dəyərli oyunçusu qapıçı Vladen Kovaçeviçdir. 25 yaşlı qolkiperin transfer qiyməti səkkiz milyon avrodur. Ötən mövsüm yeddi assistlə komandanın ən çox məhsuldar ötürmə edən futbolçusu olan sağ cinah yarımmüdafiəçisi Fran Tüdorun dəyəri dörd milyon avrodur. Ukraynalı hücumameyilli yarımmüdafiəçi Vladislav Koçergin və yunanıstanlı orta xətt oyunçusu Yannis Papanikolaunun dəyəri iki milyon avrodur.

Ümumilikdə komandanın heyətində yerli oyunçulardan əlavə, 19 legioner var. Onlar Yunanıstan, Ukrayna, İspaniya, Almaniya, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, Rumıniya, Braziliya, İsrail, İsveç, Avstraliyanı təmsil edirlər.

Bəs “Rakuv” necə oynayır?

Marek Papşunun rəhbərliyi altında komanda, əsasən, 3-4-3 taktiki sxemindən istifadə edib. Baş məşqçi zaman-zaman bu sistemə yaxın olan 3-4-2-1, 5-4-1 sistemlərinə də keçid edib. Ancaq ümumi götürdükdə “Rakuv” bəlli strategiyaya sadiq komandadır.

Yeni çalışdırıcı David Şvarqa Papşunun oyun fəlsəfəsinə sadiqdir. O, “Flora”ya qarşı matçlarda taktikanı dəyişməyib.

“Rakuv”un ən güclü tərəfi yüksək pressinqdir. Komanda müdafiəni meydanın mərkəz xəttə yaxın hissəsində qurur. Hesablamalara görə, “Rakuv” sərt pressinqə keçməzdən öncə rəqib komandanın orta hesabla səkkiz ötürmə etmək fürsəti olur. Bundan sonra Çenstoxova klubu aramsız təzyiqə başlayır.

Komandanın irəlidə pressinqi ilə bağlı diqqət çəkən məqamlardan biri mərkəz hücumçusunun fəal hərəkətə gec keçməsidir. Burada cinah hücumçuları daha aktiv olurlar. Forvard isə nisbətən geridən dəstək verir.

“Rakuv” hücumda amansızdır. Ötən mövsüm Polşa çempionatında gözlənilən qol nisbəti ən yüksək olan kollektiv Papşunun komandası olub. “Medalyonlar” eyni zamanda rəqibə ən az şans verən komanda olublar.

“Rakuv” hücum edərkən cinahlardan aktiv yararlanmağa çalışır. Komanda cərimə meydançasına erkən asmalardan çox istifadə edir. Maraqlı məqam bu zaman “Rakuv”un rəqib cərimə meydançasında azlıqda qalmamasıdır. Ən azı üç-dörd futbolçu ilə qapı qarşısında olmağı bacaran komanda təhlükə yaratmağı bacarır.

Cinah yarımmüdafiəçiləri həm hücumda, həm də müdafiədə aktivdirlər. Ümumiyyətlə, komanda hücum edərkən sistem 3-2-5 formasını alır. Cinah müdafiəçilərinin hücumda belə fəallığına görə komandanı “Qarabağ”a bənzətmək də olar.

“Rakuv” topla oynamağı sevir. Lakin bu, onlar üçün prioritet deyil. Eyni zamanda, amansız pressinq və zonalar üzrə sıxlıq yaratmaqla rəqibə də rahat oynamağa imkan vermirlər. Topla daha effektiv necə davranmaq olar? - “Rakuv”un oyun fəlsəfəsinin arxasında bu dayanır. Bu baxımdan komanda “Qarabağ”la əks yanaşmaya sahibdir.

Müdafiəni irəlidə qurmağın dezavantajları da var. Bəzən “Rakuv” arxa xətdə boşluqlar verir. Ancaq hər üç stopper kifayət qədər etibarlıdır. Komandanın ötən mövsüm ən az qol buraxan kollektiv olması, “Flora” ilə görüşlərdə qapısında top görməməsi riskli oyun tərzinin effekt verdiyini göstərir.

Ümumiləşdirsək, “Rakuv” olduqca təhlükəli rəqibdir. Düzdür, “Qarabağ” Polşa komandalarına qarşı görüşlərdə bir qayda olaraq uğur qazanmağı bacarır. Ancaq “Rakuv”, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun da qeyd etdiyi kimi, digərlərindən fərqli üsluba malikdir. “Qarabağ” bu rəqibi mübarizədən kənarlaşdırmaq istəyirsə, maksimumunu, bəlkə, daha artığını meydanda qoymalıdır.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada, cavab matçı avqustun 2-də Bakıda olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26