F-35 düyünü yenidən açılır: Tramp-Ərdoğan dialoqu dönüş nöqtəsi olacaqmı?
ABŞ və Türkiyə arasında son illərin ən həssas hərbi-siyasi məsələlərindən biri yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Vaşinqtonun Ankaranı beşinci nəsil F-35 qırıcıları proqramına qaytarmaq ehtimalı təkcə iki NATO müttəfiqi arasındakı münasibətlər baxımından deyil, həm də Yaxın Şərq, Qara dəniz və Şərqi Aralıq dənizi regionunda qüvvələr balansı kontekstində mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Əgər bu ssenari reallaşarsa, bu, 2019-cu ildən sonra ABŞ-Türkiyə münasibətlərində yaranmış ən ciddi böhranın aradan qaldırılması istiqamətində ilk fundamental addım olacaq.
Bununla yanaşı, belə bir qərar NATO daxilində strateji əməkdaşlığın yeni mərhələyə keçməsi, Türkiyənin Qərb müdafiə sisteminə daha sıx inteqrasiyası və Rusiyanın regiondakı təsir imkanlarının məhdudlaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıya bilər. ABŞ-ın nüfuzlu "The New York Times”ın qəzetinin yaydığı məlumata görə, Vaşinqtonun Ankaraya F-35 qırıcılarının satışına yaşıl işıq yandırmağa hazır olduğu barədə mesaj verə bilər.
Məlumata görə, hüquqi mexanizmlər hələ tam müəyyənləşdirilməsə də, prosesin dövlət başçıları arasında rəsmi məktub mübadiləsi ilə başlanması ehtimalı nəzərdən keçirilir.
Türkiyə F-35 proqramının adi alıcısı deyildi. Ankara layihənin tamhüquqlu tərəfdaşlarından biri idi, proqramın maliyyələşdirilməsində iştirak etmiş, eyni zamanda, Türkiyə müdafiə sənayesinin onlarla müəssisəsi F-35 üçün 900-dən artıq müxtəlif detal istehsal edirdi. Türkiyə ümumilikdə 100-ə qədər F-35A qırıcısı almağı planlaşdırırdı. Lakin 2017-ci ildə Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri zenit-raket kompleksləri almaq barədə müqavilə imzalaması Vaşinqtonun ciddi etirazına səbəb oldu. ABŞ hesab edirdi ki, eyni ölkədə həm F-35, həm də S-400 sistemlərinin yerləşdirilməsi beşinci nəsil qırıcının radar imkanları barədə məxfi məlumatların Rusiyanın əlinə keçməsi riskini yaradır.
Nəticədə 2019-cu ildə Türkiyə F-35 proqramından çıxarıldı, daha sonra isə Ankaraya qarşı sanksiyalar tətbiq edildi. Bu qərar ABŞ-Türkiyə münasibətlərində son onilliklərin ən ciddi böhranlarından biri hesab olunur.
Son aylarda Vaşinqtonun mövqeyində müşahidə olunan yumşalma təsadüfi sayılmır. Bunun bir neçə əsas səbəbi var. Birincisi, NATO daxilində təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Sonrasında Türkiyə Qara dənizdə balansın qorunmasında, taxıl dəhlizi danışıqlarında, eyni zamanda Alyansın cənub cinahının müdafiəsində mühüm rol oynayıb. İkincisi, Türkiyə son illərdə müdafiə sənayesində ciddi irəliləyiş əldə edib.
Vaşinqton üçün Türkiyənin tamamilə alternativ hərbi bazarlara yönəlməsi strateji baxımdan arzuolunan ssenari deyil. Üçüncüsü, Yaxın Şərqdə və Şərqi Aralıq dənizində artan geosiyasi rəqabət ABŞ-ı Ankara ilə münasibətləri normallaşdırmağa sövq edir.
Müşahidəçilərin fikrincə, mümkün Tramp-Ərdoğan görüşü yalnız F-35 məsələsini deyil, ABŞ-Türkiyə münasibətlərində uzun müddətdir yığılıb qalmış problemlərin də müzakirə ediləcəyi platformaya çevrilə bilər. Gözlənilir ki, danışıqlar zamanı aşağıdakı istiqamətlər əsas müzakirə mövzuları olacaq - Türkiyənin F-35 proqramına mərhələli qaytarılması; S-400 sistemlərinin gələcək statusu və onların aktiv istifadəsinin məhdudlaşdırılması variantları; Suriyada ABŞ-ın kürd silahlı qrupları ilə əməkdaşlığı ətrafında fikir ayrılıqları; NATO daxilində müdafiə koordinasiyasının gücləndirilməsi; Qara dəniz təhlükəsizliyi, Ukrayna müharibəsi və Yaxın Şərqdə regional sabitlik.
Bir sıra Qərb analitikləri hesab edirlər ki, Tramp administrasiyası Türkiyəni yenidən Qərb təhlükəsizlik sisteminin mərkəzinə yaxınlaşdırmaq niyyətindədir. Bu, həm Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq, həm də NATO daxilində strateji parçalanmanın qarşısını almaq məqsədi daşıya bilər.
Bununla belə, yekun qərar yalnız Ağ Evin siyasi iradəsindən asılı deyil. ABŞ Konqresində həm demokratlar, həm də respublikaçıların bir hissəsi Türkiyəyə F-35 satışına ehtiyatla yanaşır. Konqres üzvlərinin əsas arqumentləri bunlardır - S-400 sistemləri ilə bağlı risklərin tam aradan qalxmaması; - Türkiyənin insan hüquqları və demokratik institutlarla bağlı tənqid olunması; - Ankara ilə Yunanıstan arasında davam edən gərginlik; - İsrailin bölgədə keyfiyyət üstünlüyünün qorunması siyasəti. ABŞ qanunvericiliyinə əsasən, belə böyük silah satışları Konqresin etirazı ilə də üzləşə bilər. Buna görə də Tramp administrasiyası hüquqi baxımdan kifayət qədər mürəkkəb prosesdən keçməli olacaq.
Mümkün qərarın ən ciddi tənqidçiləri arasında İsrail və Yunanıstanın olması təsadüfi deyil. Yunanıstan artıq F-35 təyyarələrinin alınmasına başlayıb və Afina hesab edir ki, Türkiyənin də eyni platformaya sahib olması Egey dənizi və Şərqi Aralıq dənizində mövcud hərbi balansı dəyişə bilər. İsrail isə uzun illərdir ABŞ-dan bölgədə "Keyfiyyətli Hərbi Üstünlük" prinsipinin qorunmasını tələb edir. Bununla belə, hərbi ekspertlər qeyd edirlər ki, İsrailin istifadə etdiyi F-35I "Adir" versiyası xüsusi milli avadanlıqlarla təchiz olunduğundan, Tel-Əviv müəyyən texnoloji üstünlüyünü yenə də saxlayacaq.
Ekspertlərin qiymətləndirməsinə görə, Türkiyənin proqrama qayıtması üçün ən real variantlardan biri S-400 komplekslərinin aktiv döyüş növbətçiliyinə çıxarılmaması, onların üçüncü ölkəyə verilməsi və ya ABŞ-ın qəbul edə biləcəyi texniki nəzarət mexanizminin yaradılmasıdır. Ankara isə indiyədək S-400-lərdən tam imtina etməyəcəyini dəfələrlə bəyan edib. Buna görə də kompromisin necə əldə olunacağı hələ də açıq qalır.
Əgər Tramp administrasiyası F-35 məsələsində siyasi qərar qəbul edə və Konqresdə bunun üçün lazımi dəstəyi təmin edə bilsə, bu, yalnız bir silah satışından ibarət olmayacaq. Belə bir addım ABŞ-Türkiyə münasibətlərində etimadın bərpası, NATO daxilində yeni strateji balansın formalaşması və regionda təhlükəsizlik arxitekturasının yenidən qurulması istiqamətində mühüm dönüş nöqtəsinə çevrilə bilər. Lakin prosesin qarşısında hələ də ciddi siyasi və hüquqi maneələr qalır. S-400 problemi tam həll edilmədən, Konqresin etirazları aradan qaldırılmadan və regional müttəfiqlərin narahatlıqları nəzərə alınmadan Ankaranın F-35 proqramına qayıdışı asan görünmür.
Buna baxmayaraq, Tramp–Ərdoğan dialoqu göstərir ki, Vaşinqton və Ankara uzun illər davam edən qarşıdurmadan sonra münasibətləri yenidən strateji əməkdaşlıq müstəvisinə qaytarmağa çalışırlar. Bu cəhdin uğurlu olub-olmayacağı isə yalnız iki liderin siyasi iradəsindən deyil, həm də ABŞ daxilindəki qərarvermə mexanizmlərindən və Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi reallıqlardan asılı olacaq./qaynarinfo
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



