Interposta.Info

Zubir Avstriya toplanışı, transferlər və ÇL barədə nə düşünür? - MÜSAHİBƏ
 

İdman
 6-07-2023, 12:40     415

Çempionlar Liqasının birinci təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la oyuna hazırlaşan “Qarabağ” dünən Avstriya toplanışını başa vurub, İspaniyaya yollanıb. 10 qat ölkə çempionu dörd gün də Marbelyada hazırlıq keçdikdən sonra ilk oyunun keçiriləcəyi Cəbəllütariqə səfər edəcək.

Ağdamlıların təcrübəli futbolçusu Abdullah Zubir Sport24.az-a müsahibəsində Avstriya toplanışını dəyərləndirdi, yeni komanda yoldaşları barədə fikirlərini bölüşdü.

- Öncə Avstriya toplanışını dəyərləndirərdiniz...

- Hər şey planlaşdırdığımız kimi oldu. Bakıda olan ilk mərhələdən sonra Avstriyaya yollandıq. Toplanış ağır keçsə də, normal idi. Əslində, mövsümə hazırlıq həmişə ağır olur. Bu üzdən belə olacağını da gözləyirdik. Hazırlıq dönəmində güclü rəqiblərlə yoxlama oyunları keçirdik. Ümumi götürsək, bütün komanda toplanışdan razı qaldı.

- Zədə səbəbindən “Ferentsvaroş”la matçı buraxsanız da, sonrakı iki görüşdə meydana çıxdınız. Zədəniz nə yerdədir, özünüzü Çempionlar Liqasının ilk oyununa hazır sayırsınız?

- Macarıstan çempionu ilə qarşılaşmada meydana çıxmasam da, zədəm ciddi deyildi. Sadəcə, komandanın tibbi personalı məsləhət gördü ki, riskə getməyə dəyməz. “Legiya” və Bolqarıstan klubu ilə oyunlarda iştirak etdim. Hazırda özümü çox yaxşı hiss edirəm, heç bir narahatlıq yoxdur.

- Çempionlar Liqasında ilk rəqibiniz “Linkoln” barədə hansı bilgiyə maliksiniz, Cəbəllütariq çempionunun güclü və zəif tərəfi barədə nə bilirsiniz?

- Rəqib barədə tam, müfəssəl məlumatımız yoxdur. Düzdür, az-çox informasiyamız var. Ancaq buna detallı bilgi demək olmaz. Matça hələ bir neçə gün var. Qarşıdakı günlərdə Cəbəllütariq çempionunu analiz etməyə vaxtımız olacaq. “Linkoln” ölkəsinin çempionudur. Çempion isə zəif ola bilməz.

- “Linkoln”u keçdiyiniz təqdirdə “Rakuv” (Polşa) – “Flora” (Estoniya) komandalarının qalibi ilə üz-üzə gələcəksiniz. Böyük ehtimalla, Polşa çempionu bu cütün qalibi olacaq. “Rakuv”dan çəkinmirsiniz?

- İlk növbədə “Linkoln”la oyuna köklənməliyik. Birinci mərhələni keçməmiş, növbəti raund barədə danışmaq bir qədər qeyri-peşəkarlıq olar. Hələ “Rakuv”un da Estoniya təmsilçisini keçəcəyini əminliklə demək olmaz. Hədəfə addım-addım yaxınlaşmaq lazımdır.

- Bu yay bəzi aparıcı futbolçular “Qarabağ”ı tərk etdi. Komandanın Ramil Şeydayev və Musa Qurbanlı kimi iki ən sərrast futbolçusu düşərgədən ayrıldı. Düşünmürsünüz ki, onların gedişi ilə hücum xəttiniz zəifləyəcək? Hər halda, söhbət “Qarabağ”ın iki bombardirindən gedir...
- Ramil və Musanın kollektivdən ayrılması təbii ki, bizi məyus etdi. Ancaq futbolda bunu normal qarşılamaq lazımdır. Hər ikisinə gələcək karyeralarında uğurlar arzulayıram. Onu da nəzərə alın ki, “Qarabağ”da bu proses illərdir yaşanır. Kimlərsə gedir, əvəzində başqaları gəlir. Düşünmürəm ki, onların gedişi hücum potensialımıza təsir edəcək. “Qarabağ”ın seleksiyası düzgün işləyir. Düşünürəm ki, onları layiqli əvəz edə biləcək futbolçular dəvət olunacaq.

- Bu yay Hamidu Keyta və Juninyo Vieira kimi yeni transferləriniz var. Yeni komanda yoldaşlarınız barədə fikirlərinizi bilmək istərdik.

- Hər ikisi səviyyəli futbolçulardır. Onlar bu gün bizimlə eyni düşərgədədirsə, deməli, keyfiyyətli futbolçulardır. İnanıram ki, komandaya faydalı olacaqlar. Ümid edirəm çoxlu qollar vurub “Qarabağ”ın uğur qazanmasında pay sahibi olacaqlar.

- Ötən mövsüm “Sabah” “qızıl” uğrunda mübarizədə “dişini” göstərdi. “Neftçi” də daim çempionluğa oynayır. Necə düşünürsünüz, yeni mövsümdə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə əsas rəqibiniz bu iki klubdan hansı olacaq?

- Düzünə qalsa, hansı komandanın bizə rəqib olacağını deyə bilmərəm. Mövsümarası fasilədə, hazırlıq prosesində daha çox özümüzə fokuslanmışıq. Amma arada hər iki komandanın yeni transferlərlə gücləndiyini də görürəm. Açığı, bu suala cavab verməkdə çətinlik çəkirəm.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26