Interposta.Info

Baxşıyev Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirdi: “Barselona” səviyyəsində…”

İdman
 21-01-2023, 16:09     412

Türkiyədəki təlim-məşq toplanışını başa vurub vətənə qayıdan "Qəbələ” çempionatın qalan hissəsinə hazırlığını davam etdirir. Komanda artıq məşqlərə start verib.

Bu barədə "İnterPosta"-ya açıqlamasında baş məşqçi Elmar Baxşıyev bildirib. Mütəxəssis Türkiyədəki hazırlığı dəyərləndirib və bəzi məqamlara toxunub:

"Türkiyədən gələn kimi hazırlığa başladıq. Təlim-məşq toplanışında planımızda nə var idisə, həm onun üzərində dayandıq, həm də işlədik. Komanda 6 gün ərzində üç oyuna çıxdı. Hər oyunda heyətdə bəzi rotasiyalar etdik. Hansı ki, bəzi mövqelərdə müəyyən futbolçuları görmək istəyirdim. Ümumi toplanışdan məmnun qaldıq. Hava şəraiti də imkan verdi ki, istədiyimizi həyata keçirək”.

"Qəbələ” Türkiyədə üç yoldaşlıq görüşündə qüvvəsini sınadı. Əvvəlcə Rumıniya təmsilçisi "Sepsi” ilə heç-heçə (2:2) edən bölgə təmsilçisi daha sonra Almaniya "Lukenvalde”si ilə matçda 3:2 hesablı qələbə qazandı. Komanda sonuncu görüşdə Çexiya təmsilçisi "Teplitse”yə 1:2 hesabı ilə məğlub oldu. Bəs Baxşıyev bu oyunlar haqqında nə düşünür:

"Ora nəticə dalınca getməmişdik. Sırf nəticəyə oynamırdıq. Sadəcə, komandanın oyun ritminə qayıtması üçün bu qarşılaşmaları seçdik ki, əlaqələri daha da yaxınlaşdıraq. "Sepsi” və "Teplitse” zəif deyildi. Əlbəttə, "Real” və ya "Barselona” səviyyəsində klublarla oynamaq imkanımız yoxdur. Amma Avropanın sayılıb-seçilən, yaxşı kollektivləri idi. Təkcə yoldaşlıq görüşündə deyil, elə məşqlərdə də futbolçular bizə istədiyimizi verməyə çalışırdı”.

"Qəbələ” mövsümün qalan hissəsinə nə dərəcədə hazırdır” sualını keçmiş futbolçu belə cavablandırır:

"Ümumi götürəndə yaxşı hazırlıq keçmişik. İnanıram ki, komanda şəklində çempionata daha da yaxşı səviyyədə başlayacağıq”.

Klub qış fasiləsində transfer bazarında xüsusi fəallıq göstərmədi. Komandadan gedən olmasa da, yeni transferlər də görmədik. Məşqçi bunun səbəbini büdcə ilə izah edir:

"Səbəbin ən önəmlisi büdcədir. Əlbəttə, biz də yeni futbolçuların qoşulmağını istəyirik. Amma büdcə imkan verməlidir ki, biz hansısa seçim üzərində dayanaq. Komandadan nə gedən oldu, nə gələn var. Bu heyətlə də ideal olmağa çalışacağıq. Hər bir işdə çətinlik olur. Təkcə transferlər baxımından əziyət çəkmirik. Yenə də ümidli olmağa çalışacağıq. Yeni transferlərin uyğunlaşması üçün vaxt lazım olur. Sevindirici haldır ki, zədədən qayıdan futbolçular komanda ilə birlikdədir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26