Interposta.Info

İran hakimiyyətində ziddiyyətlər: 25 nəfərlik edam siyahısı niyə həyata keçirilmədi?
 

Dünya
 29-06-2023, 18:29     174

İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsinə etiraz olaraq keçirilən aksiyalarda iştirak edənlərin ağır formada cəzalandırılması ölkənin dini-siyasi elitasında ziddiyyətlərin baş qaldırmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, xüsusilə, edam hökmləri ölkə siyasətinə təsir gücü olan fəqihlərin narazılığına səbəb olub.

Qum elm hövzəsinin Alimlər və Mühazirəçilər Məclisinin üzvü Məhəmməd Əli Ayazinin "İnsaf News” saytına verdiyi müsahibədə açıqladığı faktlar belə düşünməyə əsas verir.

Ayazinin sözlərindən aydın olur ki, teokratik rejim aksiyalarda iştirak edən 25-26 nəfər barəsində edam hökmü çıxarmağı planlaşdırıb. Hətta bununla əlaqədar müvafiq siyahı da hazır olub. Lakin fəqihlər və hakimiyyətdə təmsil olunanların bir qismi buna qarşı çıxıb. Məhz onların etirazlarından sonra proses dayanıb.

"Onlar 25-26 nəfərlik siyahı elan etdilər. Amma gördünüz ki, iki nəfər edam edildi”, deyə Ayazi bildirib.

Onun dediyi iki nəfər Möhsün Şəkəri və Məcidrza Rəhnavarddır. Hər iki şəxs etiraz aksiyalarında iştirak etdiyinə görə edama məhkum olunub.

İran fəalları bizimlə söhbətində bildirib ki, Məhəmməd Əli Ayazi ishalatçılara yaxın şəxs kimi tanınır. Onun bu fikirləri teokratik rejimdə islahatçılarla mühafizəkarların arasında olan ziddiyyətlərin daha da dərinləşməsini göstərir.

İranlı fəallar hesab edir ki, rejimin tənqid və etirazların qarşısında geri çəkilərək edamları dayandırması müvəqqəti xarakter daşıya bilər. Çünki bu aksiyalardan sonra ölkədə yenidən qorxu xofunu bərpa etmək hakimiyyətin əsas hədəfi olub.

"Onlar bu hədəfə çatmaq üçün müxtəlif tədbirlər görürlər. İndinin özündə də represiyyalar davam edir. Ona görə də düşünürük ki, edamlar da davam edə, yaxud fəalların müxtəlif üsullarla aradan götürülməsi nəzərdən keçirilə bilər”, deyə fəallar bildirib. /Seyid.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26