Interposta.Info

Çin Ukrayna münaqişəsinə qoşulacaqmı? (ŞƏRH)

 

Dünya
 21-06-2023, 21:52     174

Aİ ölkələrinin dövlət və hökumət başçıları Ukraynadakı vəziyyətlə bağlı Çin  hakimiyyətinə birgə müraciət etmək niyyətindədir. "Reuters" agentliyinin məlumatına görə, Aİ-nin iyunun 29-30-da keçirilməsi planlaşdırılan sammitində siyasətçilər Pekini qlobal problemlərin həllində, eləcə də Ukrayna böhranının tənzimlənməsində iştirak etməyə çağıracaqlar. 

Çinə müraciət Avropa İttifaqı ilə münasibətlərdə iqtisadi tarazlığın bərpasına aid olacaq. Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirmişdi ki, Çin Ukrayna böhranının siyasi həlli üçün əlverişli şərait yaratmaq məqsədilə bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. 

Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirib ki, Aİ Ukrayna məsələsində Çindən istədiyi cavabı ala bilməyəcək: 

"Son illər cərəyan edən situasiyalara baxanda görürük ki, Çin dünyada baş verən kataklizmlərdən həmişə kənar durmağa çalışıb, konkret tərəf  tutmayıblar. Çin hazırda iqtisadi inkişaf tempinə görə öndə olan dövlətlərdəndir. Pekinin hazırda dünya iqtisadiyyatına təsir imkanları da böyükdür. Çin prosesi elə tənzimləmək istəyir ki, nəticə etibarı ilə ona zərbə dəyməsin. 

Rusiya Çinin inkişafından narahatdır. Amma bunu açıq bildirmir. Çünki Çin kimi dövlətlə düşmən olmaq Rusiya üçün ölümə fərman vermək deməkdir. Eyni zamanda, sanksiyalara məruz qalan Rusiya yaranmış problemini müəyyən qədər Çin vasitəsilə həll etməyə çalışır. Çindən narahatlığını açıq şəkildə ifadə edən Qərbdir. Ona görə də Qərb çalışır ki, Ukrayna məsələsində Çini öz tərəfinə çəkməyə nail olsun. Amma Avropa İttifaqının çalışmalarına rəğmən Pekin Ukrayna məsələsində tərəf tutmayacaq. 

Pekin Rusiyanın Ukraynada apardığı müharibəyə də haqq qazandırıb dəstək verməyəcək. Bir növ neytrallığını qorumaqla öz iqtisadi gücünü daha da artırmaqda davam edəcək. Rusiyaya düşmən olmaq enerji daşıyıcıları ilə bağlı məsələdə Çinin müəyyən problemlər yaşamasına səbəb ola bilər. Mövcud hadisələr fonunda istər, Aİ, istərsə də, Rusiyanın çağırışı olsun, Pekinin kiminsə tərəfində yer tutacağı inandırıcı deyil. Odur ki, Çinə hər hansı təzyiq ediləcəyini də düşünmürəm”. 

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26