Interposta.Info

Danışıqlar davam edir. F-16 istehsalçısı öz qırıcılarını Ukraynaya təhvil verməyə hazırdır - FT

Dünya
 26-01-2023, 12:07     323

ABŞ-ın "Lockheed Martin” şirkəti F-16-ları Ukraynaya təhvil verəcək ölkələrə tədarük etməyə hazır olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Time” yazır.

Baş əməliyyat direktoru Sent-Conun sözlərinə görə, onun şirkəti Kiyevə mümkün hərbi təyyarələrin tədarükü ilə bağlı danışıqlarda birbaşa iştirak etmir. Bununla belə, F-16-ların Ukraynaya təkrar ixracı üçün üçüncü tərəflərə təhvil verilməsi haqqında çox müzakirə aparılıb.

"Lockheed Martin” ABŞ-ın Qrinvil şəhərində F-16 istehsalını artırmağı planlaşdırır. Yeni təyyarələr ukraynalılara təhvil verməyə qərar verən ölkələrə lazım olacaq.

ABŞ hökuməti öz istehsalı olan qırıcıların üçüncü ölkələrə satışına və ya tədarükünə razılıq verməlidir. Bu o deməkdir ki, Avropa ölkələri F-16-ları Ukraynaya göndərmək qərarına gəlsələr, ABŞ prezidenti Co Baydenin dəstəyinə ehtiyac duyacaqlar.

"Beynəlxalq müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə ukraynalılarla onların ehtiyacları və istəkləri barədə daim əlaqə saxlayırıq. Hələlik F-16 ilə bağlı elan edəcəyimiz heç nə yoxdur”, - deyə Pentaqonun sözçüsü bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 20-də Ramşteyn toplantısının iştirakçılarına müraciəti zamanı Ukraynaya daha uzun mənzilli raketlər və F-16 qırıcı təyyarələrinin verilməsini istəyib.

Həmin toplantı zamanı Niderlandın xarici işlər naziri Vopke Hukstra bildirib ki, Niderland hökuməti, lazım gələrsə, Leopard-2 tankları və F-16 təyyarələrinin Ukraynaya təhvil verilməsi məsələsini nəzərdən keçirməyə hazır olacaq.

Nazirin sözlərinə görə, onun ölkəsi bu cür silahların tədarükünə "problem olmadan” baxa bilər. Hukstra qeyd edib ki, təyyarələrlə bağlı məsələyə onlara Kiyevdən müraciət olacağı təqdirdə baxıla bilər.

"Bizim heç bir tabumuz yoxdur (silahların tədarükü ilə bağlı – red.)”, - nazir əlavə edib.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba yanvarın 23-də bildirib ki, Ukrayna üçün döyüş təyyarələri mövzusu "ölü nöqtədən” tərpənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26