Interposta.Info

KİV: Britaniya Ukraynaya "Challenger 2" tankları verə bilər

Dünya
 9-01-2023, 23:14     365

Böyük Britaniya Ukraynaya 10 ədəd "Challenger 2” tankı verə bilər, lakin hələlik yekun qərar verilməyib.

"İnterPosta"xəbər verir ki, bu barədə "SkyNews" danışıqların vəziyyəti ilə tanış olan Qərb mənbəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Böyük Britaniya hökuməti bir neçə həftədir ki, Ukraynaya tankların tədarükü məsələsini müzakirə edir.

"SkyNews"un Ukrayna mənbəsinin məlumatına görə, Britaniya tanklarının tədarükü Qərb müttəfiqlərini Londondan nümunə götürməyə inandıra bilər.

"Challenger 2" ilk dəfə 1994-cü ildə Britaniya ordusunun sıralarına daxil edilib və onun əsas döyüş tankıdır. Tank 120 mm çaplı L30A1 top və 7,62 kalibrli iki pulemyotla təchiz edilib.

"London müvafiq qərar qəbul edərsə, Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrini Qərb istehsalı olan ağır tanklarla təmin edən ilk ölkə olacaq", deyə "SkyNews qeyd edir.

Əvvəllər Ukrayna hakimiyyəti dəfələrlə Almaniyanın "Leopard” və ABŞ-ın "Abrams” tanklarının tədarükü üçün müraciət etsə də, rədd cavabı alıb. Yanvar ayında Bundestaqın vitse-prezidentləri Katrin Görinq-Ekkard (Yaşıllar) və Volfqanq Kubiçki (ADP) "Leopard”ın Ukrayna Silahlı Qüvvələrinə göndərilməsini dəstəkləyiblər. Polşada bu tip tankların tədarükü müzakirə olunur.

Bu gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, o, Ukraynaya "Leopard” və "Abrams” ağır tanklarının mümkün tədarükünü istisna etmir. Bundan əvvəl "Washington Post" mənbəsi bildirib ki, Birləşmiş Ştatlar "Abrams” döyüş tanklarının çox ağır (55 ton) olması və əhəmiyyətli miqdarda yanacaq tələb edən turbin mühərriki ilə təchiz olunması səbəbindən Ukraynaya göndərilməsini istisna edir.

Yanvarın 5-də Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenskiyə söz verib ki, Fransa Ukrayna ordusuna AMX-10RC yüngül tanklarını təhvil verəcək. Bundan əvvəl Qərb müttəfiqləri Qərb istehsalı olan ağır zirehli texnikaları Ukrayna ordusuna verməkdən çəkinirdilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26