Ukrayna ordusu hücuma keçib geniş əraziləri azad edə bilər - Politoloq
"Bir müddətdən sora Ukrayna ordusu nəinki ciddi müdafiə olunmaq, hətta hərtərəfli hücuma keçib geniş əraziləri azad da edə bilər”.
Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Tural Rzayev Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin mayın sonu, iyunun əvvələrinə doğru Ukrayna Ordusunun Rusiya üzərində üstünlük əldə edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:
"Bilirsiniz ki, Böyük Britaniya baş naziri Boris Consonun Ukrayna səfəri fonunda bəzi məsələlərə aydınlıq gətirildi. Bəlli oldu ki, Polşa ərazisində britaniyalılar Ukrayna əsgərlərinə hava hücumundan müdafiə təlimləri keçirlər. Belədə, Rusiyanın Ukraynada çoxsaylı hərbi təyyarə və vertolyot itirməsinin səbəbləri bəlli olur”.
Həmsöhbətimizin fikrincə, Ukrayna Ordusu artıq əks-hücuma keçib əraziləri azad etmək prosesinə hazırdır:
"Ukraynalılar Böyük Britaniyanın özündə də hərbi təlimlər keçir. Bu da onların həm köhnə sovet texnikası, həm də müasir Britaniya hərbi texnikasından istifadə etmələrinə kömək edir. London habelə Polşaya öz tanklarını göndərəcək. Əvəzində isə Polşa Ukraynaya T-72 köhnə sovet tanklarını verəcək. Ukraynanın silahlandırılmasında ABŞ-da aktiv iştirak edir. Belədə görürük ki, Ukrayna getdikcə, daha çox həcmdə silahlandırılmaqda davam edir. Bundan başqa, Ukraynaya maliyyə cəhətdən ciddi yardımlar edilir. Böyük Britaniya əvvəllər Ukraynaya etdiyi bu dəstəyi gizli şəkildə edirdisə, artıq onu açıq şəkildə edir. Bu da onun heç bir halda Rusiyadan çəkinmdiyini göstərir.
Düşünürəm ki, bu qədər ciddi hərbi təlimlər keçmiş, Böyük Britaniya və NATO-dan olan silahlarla silahlanan və kifayət qədər hərbi texnikaya yiyələndikdən sonra Ukrayna əsgərləri artıq cəbhədə üstünlüyü ələ ala və döyüşün gedişini dəyişə bilərlər. Bu halda, ukraynalılar nəinki ciddi müdafiə oluna, hətta geniş şəkildə əks-hücuma keçib Donbas və digər yerləri işğaldan azad etməyə çalışa bilərlər”.
İnnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26