Interposta.Info

Makron Putinin dostuna qalib gəldi - Parisin Bakıya münasibəti dəyişəcəkmi...

Dünya
 26-04-2022, 09:58     298

“İkinci prezidentlik müddətim asan olmayacaq, lakin tarixə düşəcək”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ikinci tur prezident seçkilərində qalib gələn Fransa prezidenti Emmanuel Makron deyib. “Biz birlikdə gələcək nəsillər üçün tarix yaza bilərik”, - deyə Makron bildirib. Bununla da Marin Le Pen üçün prezidentlik fürsəti əldən getdi. Fransızlar növbəti dəfə Makrona etimad göstərdilər. İfrat sağçı olan Le Peni Putinin dostu adlandırırdılar və o, Rusiya ilə münasibətlərə yenidən baxmağı təklif edirdi. ABŞ da onun qələbəsini arzulamırdı və beləliklə, qarşıdakı növbəti dövrdə də Fransanı Makron idarə edəcək.

Fransa prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şolts arasında telefon danışığı olub. Bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, bu, E.Makronun yenidən prezident seçildikdən sonra ilk telefon danışığıdır. Almaniya kansleri onu prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. Böyük Britaniyanın baş naziri Boris Conson da Makronu təbrik edib. Makron bildirib ki, seçicilər ifrat sağın hakimiyyəti ələ almasına mane oldular. Azərbaycan üçün isə bu nəticənin çox ciddi fərqi olmadı. Sadəcə, ən pislə pis arasında yarışda ikinci qalib gəldi. Yəni Le Pen daha artıq ermənipərəst siyasətçi idi, hətta “artsax”ı tanıyacağı da istisna deyildi. Lakin bütövlükdə Fransada bir ermənipərəstlik var və bunu dəyişmək mümkünsüz görünür.

Hər halda, rəsmi Paris Minsk Qrupunun dağılması və sülh danışıqları üçün xüsusi nümayəndə təyin etməklə yalnız Cənubi Qafqazda öz rolunu oynaya bilər. Bundan sonra Makronun addımlarında bir dəyişiklik olacağını gözləmək olmaz. O, əvvəlki siyasi kursu davam etdirəcək. Həmçinin Ukrayna böhranı ilə bağlı mövqeyi də dəyişməz qalacaq. Beş il əvvəl ifrat sağçı namizədlə rəqabət aparan Makron o zaman siyasətdə yeni fiqur kimi dəyişiklik vədi ilə hakimiyyətə gəlmişdi. Hazırda Makron ətraf mühit və iqtisadiyyat kimi məsələlərin həlli ilə bağlı elektoratın qarışıq rəylərini almış tanınmış bir simadır.

Le Penlə Makron aralarında yeganə debat zamanı daxili və xarici siyasətlə bağlı kəskin fərqli mövqelər ortaya qoymuşdular. Le Pen bərpa olunan enerjidən mərhələli şəkildə imtina etmək və Fransanın Avropa İttifaqı və NATO kimi qurumlarda iştirakını azaltmaq platformasından çıxış etmişdi. Məhz bu mövqeyinə görə onu Putinin dostu sayırdılar. Hətta Ukrayna hadisələrinə münasibəti də bəyənilən deyildi. Onu da demək lazımdır ki, 10 ildə bir siyasətçinin öz səslərini təxminən 2,5 dəfə artırması çox böyük uğurdur. Bu səslərin daimi yüksələn trenddə olması bir başqa mühüm məqamdır. Bu irqçi yüksəlişin Avropa kimi siyasətin çox da kəskin dəyişikliklərlə müşayiət olunmadığı və demokratik siyasi mədəniyyətin çox yüksək olduğu bir yerdə bas verməsi bir başqa diqqətcəlbedici məqamdır. İrqçi bir partiyanın dünyada demokratik inkişafın təməlləri baxımından aparıcı yerə malik olan “Azadlıq, Bərabərlik və Qardaşlıq” prinsiplərini bəxş etmiş Fransada bu cür yüksəlişi isə dünyanın gedişatı haqqında daha da narahatedicidir. Marin Le Penin bu yüksəliş trendi davam edərsə, ekspertlərin rəyinə görə, 2027-ci il seçiminin necə olacağı ciddi narahatlıq doğuran bir hadisə olacaq.


Elxan Şahinoğlu: “Le Pen ”qara qutu" idi, seçilsəydi, növbəti çətinliklərlə üzləşəcəkdik"

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Makronun qələbə ehtimalı yüksək deyildi: “Ukrayna məsələsində vasitəçiliyi gücləndirdiyi üçün reytinqi qalxdı. Le Penin reytinqi artırdı. Ötən seçkidə də ikinci tur oldu. Sadəcə, Le Penin ifrat sağçı elektoratı var və o resursdan o tərəfə keçə, həddi aşa bilmir. Onun atası da elə idi”. E.Şahinoğlu hesab edir ki, Le Pen seçilsəydi, növbəti çətinliklərlə üzləşəcəkdik: “Makron da Ermənistana siyasi dəstək verib. Hətta İrəvana səfər etmişdi, Bakıya gəlməmişdi. Bundan qabaq fransız prezidentlər Ermənistana gedəndə, Azərbaycana da gələrdi, amma Makron bunu etmədi. Amma sonra gördü ki, Ermənistan müharibəni uduzdu, növbəti mərhələdə siyasətini korrektə etməli oldu. O demək deyil ki, ermənipərəst mövqeyini dəyişdi, sadəcə, hərəkətlərini korrektə elədi. Makronun başı bir dəfə divara dəyib, səhvlərini anlayıb, Bakıya bu dəfə səfər etməsini istisna etmirəm. Ən azı anladı ki, Azərbaycanla hesablaşmaq lazımdır, bizim arxamızda Türkiyə var və bu reallıqları qəbul etmək məcburiyyətindədir. Ona görə Makronun qələbəsini böyük təhlükə saymıram, Le Pen isə ”qara qutu" idi".

Vaqif Hüseyn: “Rusiya millətçiləri dəstəkləyir, Makronun qələbəsi ilə dünya 4-5 illik də olsa bundan xilas oldu”

Siyasi ekpert Vaqif Hüseynin sözlərinə görə, Le Penin qalibiyyəti bir çox şeyi alt-üst edə bilərdi: “Çünki Avropa Birliyindən çıxmağı təklif edirdi. Ona görə Le Penin qələbəsi Qərbdə qarışıqlığa səbəb olardı. Onun Rusiya ilə yaxınlığı işləri çətinləşdirirdi. Ümumiyyətlə, Rusiya Avropada millətçiləri dəstəkləyir. Makronun qələbəsi ilə dünya 4-5 illik də olsa bundan xilas oldu. Amma Fransada mühafizəkarlıq və millətçilik güclənir, 5 il sonra nə olacağını söyləmək çətindir”. V.Hüseyn hesab edir ki, Fransada heç də bütün siyasətçilər ermənipərəst deyil: “Burada şəxslərin yanaşması önəmlidir. Olland və Sarkozi elə deyildi. Amma Fransada tək bizə deyil, Türkiyəyə də münasibət göz qabağındadır. Sadəcə, Le Pen prezident seçilsəydi, Fransa ermənipərəst siyasətini gücləndirəcəkdi”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26