Interposta.Info

"Babam Putinin bu gün etdiklərinə heç vaxt razı olmazdı" - Sensasion müsahibə

 

Dünya
 28-09-2021, 21:27     4 775

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi (7 sentyabr 1953-14 oktyabr 1964) Nikita Xruşşovun (1894-1971) ABŞ-da yaşayan nəvəsi, beynəlxalq münasibətlər sahəsi üzrə ekspert Nina Xruşşova Argentinanın ən populyar gündəlik qəzeti olan "La Nacion”a müsahibə verib. N.Xruşşova müsahibə zamanı bu ay Rusiyada keçirilən parlament seçkiləri və hazırkı prezidentin hakimiyyətinin əbədiləşdirilməsi barədə danışıb.

Azərbaycan oxucusu üçün maraqlı olacağını nəzərə alıb müsahibəni təqdim edirik.

Qərb dünyası onun babası Nikita Xruşşovu dünyanı nüvə müharibəsi həddinə çatdıran Kuba raket böhranı və BMT Baş Assambleyasının iclaslarının birində ayaqqabısını çıxarıb tribunanı döyəcləməsi hadisəsi ilə daha çox xatırlayır. Rusiyada da fikirlər haçalanır: bəziləri onu qəhrəman, digərləri zalım hesab edir. Nina Xruşşova özü də babasının "eyni zamanda islahatçı və irticaçı” ola biləcəyini etiraf edir. Ancaq o, bir şeyə əmindir: "O, Vladimir Putinin etdiklərinə razılıq verməzdi”.

20 il əvvəl Rusiyanı tərk edərək Birləşmiş Ştatlara köçən və özünü emiqrant elan edən 57 yaşlı Ninanın sonralar tədqiq etmək üçün "qeyri-azad” Rusiyaya səfər etməsinə baxmayaraq Nyu-Yorkda beynəlxalq münasibətlər sahəsində tanınmış alimdir. O, ömrünün demək olar ki, yarısını hər iki ölkədə keçirərək dünyaya hər iki tərəfdən baxa bilir. Buna görə də o, babasının Putini hansısa bir şəkildə başa düşəcəyini güman edir: "O hesab edərdi ki, Putinin bir çox hərəkətləri Qərb tərəfindən əməkdaşlığın, qarşılıqlı anlayışın və hörmətin mövcud olmaması ilə izah olunur”.

Putinin ünvanına tənqidlər səsləndirdiyi üçün Rusiya pasportunun müddətinin uzadılmayacağı ilə dəfələrlə hədələnən Xruşşova sentyabrın 17-19-da Rusiyada keçirilən parlament seçkilərinə skeptik yanaşır.

İqtisadi durğunluq, inflyasiya, koronavirusla bağlı olan sanitariya böhranının davam etməsi, həmçinin, ekoloji fəlakətlər – bütün bunlar, onun fikrincə, hakim "Vahid Rusiya” Partiyasına dəstək səviyyəsini aşağı salıb. Qərbyönümlü sosioloji mərkəzlərin müstəqil sorğularının nəticələrinə görə bu qeyri-populyar partiya seçicilərin yalnız üçdə biri tərəfindən dəstəklənir. Ancaq 2016-cı ildə qəbul edilən ədalətsiz seçki qanunu Putin partiyasına hal-hazırda deputat mandatlarının 75%-nin sahib olduğu Dumada çoxluğu təmin etməyə davam edəcək.

Xruşşovun nəvəsi buna təvazökarlıqla yanaşır: "Putin xalq və ya oliqarxlar: "Basta! Bizə yetər!” deyənədək davam edəcək. "Rusiya ilə bağlı proqnoz vermək istəyən hər kəs yanılır. Mənim babam da, Mixail Qorbaçov da bir saat ərzində qovuldu, Sovet İttifaqı qəfildən dağıldı. Bax, Rusiya tarixi bu cür kəskindir, hər zaman gözlənilməzliklərlə doludur”, - deyə qadın alim Rusiyada siyasi hakimiyyətlə bağlı proqnoz xahişini cavablandırır.

Nina kimi böyük bir mütəxəssis üçün Qərb auditoriyasına izah etmək çətindir ki, niyə Putin kimi bir avtokratın populyarlıq reytinqi bu qədər yüksəkdir və onun şəxsi reytinqi partiyasınınkından ən azı iki dəfə çoxdur. Axı hələ cəmiyyətin Putin repressiyalarına qarşı niyə kütləvi şəkildə ayağa qalxmadığını da izah etmək lazımdır.

"İnsanlar bunu qorxu ilə əlaqələndirir və mən hesab edirəm ki, Rusiya kimi dövlətin hər şeyi gördüyü və hər kəsə zərər verə biləcəyi bir ölkədə qorxu mühüm rol oynayır. Ancaq ruslar eyni zamanda nəhəng bir ölkəyə, 11 saat qurşağına sahib olduqlarını bilirlər və onlar bu gün Putində təcəssüm olunan güclü mərkəzi hakimiyyət, böyük millət, böyük dövlət ideyasını dəstəkləyirlər. Hakimiyyət dəyişikliyi Rusiyada bir dəyər deyil. Güclü dövlət xoşbəxtlikdən və fərdi nailiyyətdən daha vacibdir”, – N.Xruşova iddia edir.

Babası haqqında xatirələr

Ninanın babasının Rusiya tarixindəki roluna dair təsəvvürləri Leonid Brejnevin Xruşşovu işdən çıxardıqdan sonra ailə üzvlərinin hekayələri və ailənin Moskva yaxınlığındakı bağında keçirdikləri yeddi illik (Nina dünyaya gələn il – 1964-cü ildə N.Xruşov hakimiyyətdən uzaqlaşdırılıb, qızcığaz 7 yaşında olarkən isə babası vəfat edib – S.Həmid) şəxsi xatirələri əsasında formalaşıb. Nina o vaxt hələ ən incə yaşda idi.

O, bağda keçmiş sovet liderinin güclü və vulqar ifadələr işlətməklə tanınan kəndçi davranışları ilə şəxsən tanış olub və bu, artıq çox yaşlı adamda bir növ uşaqlıq nümayiş etdirib. "Bir dəfə bağda şam yeməyi zamanı çoxlu rəsmi qonaq var idi. Mən uşaqlıqda şorbanı çox səs-küylə yeyirdim. Bu zaman o mənimlə şərt kəsdi: əgər o şorba yeyən zaman daha yüksək səs çıxara bilsə, mən şam yeməyinin qalan hissəsi ərzində sakit olmalıyam. Sonra isə o şorbasını çox yüksək səslə qaşıqla qurtum-qurtum udmağa başladı”, - deyə Nina təbəssümlə xatırlayır.

O, həmçinin, 1960-cı ildə qəzəbli babasının BMT-də etdiyi çıxışlardan birində ayaqqabısını çıxararaq kürsüyə necə çırpması ilə məşhur lətifəni də təkzib edir. Xruşşova deyir: "O sadəcə oturduğu yerdə ayaqqabılarını çıxardı. Çünki yeni çəkmələrdə özünü narahat hiss edirdi. Ancaq o ayaqqabılarını yuxarı qaldırmayıb”, - Xruşşova deyir. Ancaq babasının ayaqqabını yellədiyi saxta fotoşəkil bir çoxlarının hətta "şahidi olduğu” iddia edilən fakta çevrilib.

Siyasi rəhbərliyinə gəldikdə isə Nina babasının "nə müqəddəs, nə də şeytan” olduğunu etiraf edir.

"O, Stalinin 30 illik hakimiyyətindən sonra qaranlıqdan çıxış yolunu göstərdi. Mütləqiyyət sistemini humanistləşdirməyə çalışdı və "mütləq güc” və "humanislik” sözlərinin yaxınlığında isə bir ziddiyyət var. Məhz bu səbəbdən o bu modeli heç vaxt sonadək tətbiq edə bilmədi”, - deyə alim fikirlərini rezyumə edir.

Tarix dərsliklərində Nikita Xruşşov islahatçı kimi xatırlanır; illər sonra Qorbaçov islahatçı olmağa çalışacaq. Xruşşov 1953-cü ildə diktatorun ölümündən dərhal sonra hakimiyyətə gəldi. Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında etdiyi məşhur çıxışında stalinist təmizləmələri pisləyir və daha az repressiv bir dövrün başladığını elan edir. O, minlərlə siyasi məhkumu azad edir və incəsənətdə bəzi liberallaşma qeydə alınır. "Xruşşov siyasətinin bu istiqamətləri Putinin bu gün yürütdüyü siyasətin əksidir”, – Nina Xruşşova qeyd edir. Bundan əlavə, Xruşşov ölkənin qapılarını turistlərin üzünə açır və sovet vətəndaşlarının xaricə getməsinə icazə verir. Lakin onun iqtisadi və siyasi islahatları o qədər də uğurlu alınmır və buna görə də 1964-cü ildə devrilir.

Ninanın anası Nikitanın hakimiyyətdən uzaqlaşdırıldığı gün söylədiyi sözləri qızına daim təkrarlayırmış. "Rusiya xəmir tənəyinə bənzəyir. Sən əlinizi sona qədər yapışdırırsan və ona forma verə biləcəyinizi düşünürsən. Ancaq əlini çıxardanda hər şey barmaqların arasında sürüşür, forma yox olur və yalnız xəmir tənəyi qalır. Rusiya belədir”, - deyə Nikita Sergeyeviç hakimiyyətdən uzaqlaşdırıldığı gün deyibmiş./meleqraf.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26