Interposta.Info

Dünyada koronavirusa yoluxanların sayı 96,6 milyonu ötdü- vaksinasiya ilə bağlı son vəziyyət

Dünya
 20-01-2021, 15:42     386

Dünyada koronavirusa yoluxanların sayı 96,6 milyonu ötüb. Son statistikaya əsasən bu günə qədər dünyada 96.693.288 insan virusa yoluxub ki, onların da 2.067.470 nəfəri dünyasını dəyişib.

"İnterPosta" koronavirusla bağlı dünya ölkələrindəki son vəziyyəti təqdim edir.

ABŞ-da son günlərdə təkcə koronavirusa yoluxanların sayı deyil, bu xəstəlikdən dünyasını dəyişənlərin də sayı kəskin sürətdə artmağa başlayıb.

Beləliklə, ABŞ-ın əyalətlərinin üçdə ikisində koronavirus səbəbindən həyatını itirənlərin sayında sürətli artım müşahidə olunur. Xəstəliklərə Nəzarət və Qoruma Mərkəzi ABŞ-da mart ayına qədər yoluxanların böyük qismində COVID-19-un daha sürətlə yayılan növünə rast gəlinəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nyu-York qubernatoru Andrey Kuomo isə koronavirusun daha sürətlə yayılan növünün müşahidə olunduğu ölkələrə səyahət məhdudiyyətləri tətbiq olunmasını istəyib. O, bu ölkələrə nümunə olaraq İngiltərə, CAR və Braziliyanın adlarını çəkib.

Qeyd edək ki, ABŞ-da bu günə qədər 24,8 milyondan çox insanda koronavirus aşkarlanıb, 411.520 nəfər virusdan dünyasını dəyişib.

Braziliyada isə koronavirusdan ölənlərin sayı 211 min nəfəri ötüb. Rəsmilər qeyd edir ki, ölkənin bəzi xəstəxanaları oksigen çatışmazlığı problemi ilə üzləşib. Artıq Braziliyada da vaksinasiya prosesi başladılıb. Ötən bazar günü ölkədə koronavirusa qarşı iki peyvəndi təcili istifadə üçün təsdiqlənib. İlk peyvənd olunan şəxs isə tibb bacısı Monika Kalazans olub.

Xatırladaq ki, 12 yanvar tarixindən etibarən Braziliyada koronavirusun “P.1” adlandırılan daha bir variantı aşkar edilib və “B.1.1.28” adlı digər mutasiya hadisəsi barədə məlumatlar yayılıb. Mütəxəssislər bu növlərin daha yoluxucu olub-olmadığı və infeksiyaya yoluxduqda xəstəliyin daha şiddətli irəliləyib-irəliləmədiyini müəyyənləşdirmək üçün hələ yetərli məlumata sahib olmadıqlarını bildirirlər.

İngiltərədə də koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Bu günə qədər ölkədə 3,4 milyondan çox insan koronavirusa yoluxub. Ölkə rəsmiləri koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində ötən ilin dekabr ayının əvvəlində başladılan vaksinasiya prosesini sürətləndirmək qərarına gəlib. Məlum olub ki, ölkədə hazırda hər dəqiqədə 140 nəfər peyvənd olunur ki, bu da dəqiqəyə virusa yoluxanların sayından 4 dəfə çoxdur.

Elan edilən yeni qaydalara görə, digər ölkələrdən İngiltərəyə gələn hər kəs müəyyən bir müddət karantində qalacaq. Əlavə olaraq xaricdən gələnlərin İngiltərəyə girə bilmələri üçün onların son 72 saatda Covid-19 testi vermələri və nəticənin neqativ olması gərəkdir.

Dünyada koronavirusdan ən çox əziyyət çəkən ölkələr sırasında olan İtaliyada da vaksinasiya prosesi sürətləndirilməyə başlayıb. Xatırladaq ki, ölkədə ötən ilin dekabrın 27-dən etibarən vaksinasiya prosesi başladılıb. Məlumata görə bu günə də 1,1 milyondan çox insan vaksinasiya olunub. Belə ki, İtaliya aldığı 408 875 doza peyvəndin 81,9-u artıq istifadə edib. Bununla belə ölkədə indi rəsmi qurumlar saxta peyvənd alverçilərinə qarşı da mübarizəyə başlayıb. Bildirilib ki, əhaliyə koronavirus əleyhinə peyvənd və dərman preparatları təklif edən internet saytları barədə ciddi tədbirlər görüləcək. Yerli mətbuatın yazdığına görə, bir gündə bu cür 250 sayt ləğv edilib.

Rəsmilər həmçinin bildirir ki, hazırda ölkədə koronavirus böhranı ilə əlaqədar turizm və digər sahələr ağır böhran keçirdiyi üçün bir çox obyekt və müəssisələrin sahibləri öz sahibkarlıq müəssisələri və infrastrukturu aşağı qiymətə satmaq məcburiyyəti ilə üz-üzədirlər. Belə olan halda mafiya təşkilatları narkotik vasitələrin dövriyyəsi və ya digər qeyri-qanuni mənbələrdən əldə etdiyi çirkli pulları leqallaşdırmaq üçün fürsət əldə edir və qeyd edilən sektorlardakı müəssisələrə yiyələnməyə çalışırlar. Xüsusilə ölkənin cənub regionlarında bu tendensiyanın qarşısının alınması üçün antimafiya və antikorrupsiya fəaliyyəti genişləndirilməlidir.

İspaniyada bu günə qədər 54,1 mindən çox insan koronavirusdan dünyasını dəyişib. İspaniyada da digər Avropa ölkələri kimi vaksinasiya prosesinə ötən ilin dekabrın 27-dən başlayıb. Bu günə qədər ölkədə 800 minə yaxın insan peyvənd olunub. Artıq qocalar evində yaşayanları və həmin müəssisələrin işçilərinə ikinci dozanın vurulmasına başlanılıb.

Qonşu Rusiyada isə yanvarın 18-dən kütləvi immunlaşdırma başlanır. Prezident Vladimir Putin ötən həftə rəsmilərə peyvəndləməni rusiyalıların hamısı üçün açıq etmək göstərişi verib. Rusiyalılar ölkədə hazırlanmış iki vaksin – “Sputnik V”, yaxud “EpiVacCorona” arasında seçim edə bilərlər. Yanvarın sonunadək ölkədə 2,1 milyon vaksinin paylanacağı gözlənir.

Koronavirusun tüğyan etdiyi Hindistanda da artıq ötən həftənin bazar günündən etibarən vaksinasiya prosesi başladılıb. Rəsmilər qeyd edir ki, bir neçə gün ərzində 224 mindən çox şəxsə peyvəndin birinci dozası vurulub. Xatırladaq ki, bu günə qədər Hindistanda 10,5 milyondan çox insanda koronavirus aşkarlanıb ki, onların da 152,754 nəfəri dünyasını dəyişib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26