Interposta.Info

İnanılmaz: Tacikistan prezidenti oğlunu virusa görə hakimiyyətə gətirə bilmir

Dünya
 17-04-2020, 09:23     582

Düşənbənin meri Rüstəm Rəhmon ölkədə ikinci şəxs olmaq ərəfəsindədir, amma əsas kürsü...
Dünya koronovirusla mübarizə apararkən, ölkədə bu xəstəliyin olmadığını iddia edən Tacikistanda çox maraqlı hadisələr baş verməkdədir. Qeyd edək ki, koronavirus olmasa da, ölkədə bəzi karantin tədbirləri görülüb. Amma xüsusi karantin rejimi hələ ki, yoxdur.

Tacikistan prezidenti İmaməli Rəhmon Düşənbədə Tacikistan parlamentinin yuxarı və aşağı palatalarının seçkilərdən sonra ilk iclasını keçirib. Əsas diqqət Milli Məclisin 33 nəfərdən ibarət yuxarı palatasının (senatın) spikerinin kimin olacağına yönəlib. Aprelin 16-da prezident yuxarı palatanın 8 üzvündən 6-sını təyin edib, amma daha 2 nəfərin kimliyi ilə bağlı məlumat verilməyib. Həmin şəxslərdən birinin yuxarı palatanın spikeri olacaq dövlət başçısının oğlu Rüstəm İmaməli olacağı gözlənilir. Rüstəm İmaməli paytaxt Düşənbənin meridir. Prezident böyük oğlu Rüstəmi 2018-ci ildə paytaxt Düşənbənin meri təyin edib. Prezidentin 31 yaşlı oğlu mer postuna təyinatdan əvvəl Dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyinə rəhbərlik edirdi.

Xatırladaq ki, yuxarı palata (Senat) 33 üzvdən ibarətdir. Onlardan 25-i ölkənin rayon, şəhər və rayonlarının xalq deputatlarının birgə iclaslarında səsvermə yolu ilə seçilir, 8 senator isə prezident tərəfindən təyin olunur. Yuxarı palatanın keçmiş sədri Məhmədsaid Ubaydulloyevin 28 martda keçirilən seçkilərdə namizəd kimi adının olmaması prezidentin oğlu ilə bağlı iddiaları artırmışdı.


Musavat.com Rusiya mediasına istinadən yazır ki, prezident 2016-cı ildə Tacikistan Konstitusiyasına dəyişikliklər etməklə hakimiyyəti oğluna ötürmək niyyətini ortaya qoymuşdu. “Rüstəm İmaməlinin dövlətə rəhbərlik edə biləcəyi üçün bütün qanunvericilik bazası hazırdır. O, yuxarı palatanın spikeri postunu tutarsa, respublikada ikinci səlahiyyətli şəxs olacaq. Prezidentin səlahiyyətlərinin yerinə yetirə bilməyəcəyi və ya ölümü halında isə oğlu ölkəyə rəhbərlik edəcək. “Bu, Rüstəm İmaməlinin prezidentliyə hazırlamaq prosesinin son mərhələsidir». Tacikistan İslahat və İnkişafı Hərəkatının rəhbəri Sharofiddin Qadoev deyib ki, planın işə düşəcəyi halda, bu, heç də Rüstəm İmaməlinin payızda prezident ola biləcəyi anlamına gəlmir. Çünki fakt budur ki, dünyada koronavirus infeksiyasının yayılması səbəbindən respublikada da iqtisadi vəziyyət çox pisləşib. Tacikistanın hakimiyyət orqanları ölkədə virusun olmadığını açıq inkar etmək yolunu tutması səbəbsiz deyil. Ölkədə karantin rejimin elan olunması iqtisadi vəziyyəti daha da pisləşdirə bilər ki, hökumətin bunu qarşılamağa imkanları yoxdur. Beləliklə, yaxınlaşan böhran payızda nəzərdə tutulan prezident seçkilərində rejimin reytinqinə ciddi zərbə vuracaq. Bu gərginlik fonunda isə İmaməli Rəhmon növbəti prezidentliyə məcburdur. Çünki oğlu koronovirusun da gətirəcəyi dərin böhranın öhdəsindən gələ bilməyəcək”.

Beynəlxalq Valyuta Fondu pandemiya dövründə iqtisadiyyatlarını dəstəkləmək üçün Tacikistana və daha 24 yoxsul ölkəyə borcunu qismən bağışlayıb. Avropa Birliyi də tibbi ləvazimatların alınması üçün 48 milyon avro dəstək verib, digər dəstəklər də var.

Prezident Rəhmonun aprelin 15-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Tacik prezidentinin Putindən virusla mübarizədə və Moskvada qalmış tacik miqrantaları ilə bağlı məsələdə köməklik istədiyi deyilir.

Bununla yanaşı, yaxın günlərdə Tacikistan hakimiyyətinin ölkədə epidemiya təhlükəsini tanıması mümkündür. Belə ki, aprelin 19-da keçiriməli olan Düşənbə Şəhər Günü şənlikləri ləğv edilib. İkincisi, respublikada artıq ”ənənəyə uyğun olaraq” "işləyən insanların istəyi ilə" özünü təcridetmə rejimi tətbiq oluna bilər.

Beləliklə, koronavirus təkcə adi insanların deyil, Tacikistan prezidentinin də çox böyük bir planını əngəlləyib.
Həmişəlikmi?

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26