Interposta.Info

Rusiya kürdlərdən buna görə imtina etdi

Dünya
 22-01-2018, 13:24     10 376

“Zeytun budağı” əməliyyatı Suriyadakı kürdlərin siyasi gələcəyini qeyri-müəyyən edib.

Axar.az xəbər verir ki, bu iddia ilə “İndependent” qəzetinin Yaxın Şərq müxbiri Patrik Kokburn çıxış edib.

“Afrin müdafiə edilməsi çətin olan bölgədir. Kürdlərin ABŞ-la yaxınlaşması Moskvanın Türkiyəyə Afrində yaşıl işıq yandırmasına səbəb oldu.

Suriyalı kürdlərin Rojava adlandırdığı muxtar bölgənin gələcəyi bir ipdən asılıdır. ABŞ 2014-cü ildə İŞİD-in Kobanini mühasirəyə alması zamanı kürdlərin yanında yer aldı. ABŞ heç vaxt Afrində hərbi varlığının olduğunu qəbul etməyib. Bu bölgənin Rusiyanın nəzarəti altına girdiyini açıqlayıb. İstənilən halda Afrinin ələ keçirilməsi ABŞ-ın kürdləri müdafiə etmək istəməməsi, ya da müdafiə edəcək vəziyyətdə olmadığının siqnalı olacaq.

Mövcud böhran ABŞ-ın Suriyanın şimalındakı vəziyyətə ciddi yanaşmaması ucbatından yarandı. ABŞ-ın bir müddət öncə Əsəd və İranı zəiflətmək üçün kürdlərlə yaxınlaşması Ərdoğanın qəzəbini artırdı. Kürdlərin ABŞ-la yaxınlaşmasını düşünən Rusiya, Suriya və İran da məsələyə sərt yanaşdılar. Son ana qədər kürdlər Rusiya və ABŞ arasında balans yaratmağa çalışırdılar. Moskva buna görə də 200 minlik Afrinin təhlükəsizliyini təmin edir, onu Türkiyədən gələn hücumlardan qoruyurdu. Ancaq kürdlərin ABŞ-la yaxınlaşması Moskvanı bu mövqeyindən daşındırdı və nəticədə türklər Afrində təyyarələrindən istifadə edə bildi”, - Kokburn bildirib.

Yazar hər şeyə rəğmən YPG-nin çox təsirli və türk ordusuna ağır itkilər verə biləcək qabiliyyətdə olduğunu söyləyib:


“Suriyalı kürdlər üçün əsas problem öz torpaqlarından kənardakı böyük sahələri nəzarət altında saxlamalarıdır. ABŞ-ın vasitəsilə kürdlər Deyr əz-Zordakı neft sahələrini tutdular və indi Əsəd bunları geri istəyir. Əsəd türk ordusunun da Suriya torpaqlarına girməsini istəmir, amma əgər Türkiyənin əməliyyatı kürdlərə ABŞ-a güvənməmək gərəkdiyini göstərsə, Əsəd bundan faydalanmağa çalışacaq. Əslində, Suriyadakı kürdlərin seçim imkanları da çox deyil. Onlar düşmənlə əhatəlinib və artıq İŞİD-ə qarşı savaşda onlara ehtiyac yoxdur. Afrinin itirilməsi Suriya kürdləri üçün həlledici məğlubiyyət olmayacaq, amma o, yeni prosesin xəbərçisi olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26